AZƏRBAYCAN XALÇALARI MOSKVADA NÜMAYİŞ OLUNACAQ

“Azərxalça” ASC ilk dəfə Moskvada təşkil olunan beynəlxalq tekstil sərgisində iştirak edəcək.

Bu barədə açıqlamasında “Azərxalça” ASC mətbuat katibi Xatuna Abdullayeva bildirib.

14-16 sentyabr tarixlərində Moskvada təşkil olunan beynəlxalq ev tekstili sərgisi “Heimtextil” də klassik Azərbaycan xalçaları ilə yanaşı, yeni dizayn üslubunda toxunan modern tərzli əsl əl xalçaları nümayiş olunacaq.

Sərgiyə gələnlər modern üslubda əl işi olan məhsullarla tanış ola, qədim Azərbaycan xalçaçılıq sənəti nümunələrini seyr edə bilər.

Xalçaların üzərində yerləşdirilən “QR” koda telefonun kamerasını yaxınlaşdıran zaman istifadəçinin ekranında xalça haqqında məlumat və fotolar əks olunan səhifə açılır.

Qeyd edək ki, “Azərxalça” ASC xalça və xalça məmulatlarının istehsalı, ixracı, ölkə daxili və xaricində satışı ilə yanaşı, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və bu sahənin inkişafı ilə bağlı işləridə yerinə yetirir.