AZƏRBAYCAN-VYETNAM ƏLAQƏLƏRİ YENİ YÜKSƏLİŞ MƏRHƏLƏSİNƏ DAXİL OLUR

Cənub-Şərqi Asiyanın ən dinamik inkişaf edən ölkələrindən biri olan Vyetnam Azərbaycanla münasibətlərinin inkişafına xüsusi diqqət yetirir. Elə Azərbaycan üçün də bu ölkə ilə qarşılıqlı əlaqələrin ən müxtəlif sferalarda dərinləşdirilməsi əsas maraq dairəsində yer alır. Ölkələrimiz Avrasiyada tranzit daşımalar və logistika baxımından önəmli rola malikdirlər. Qarşılıqlı əlaqələrin inkişafı isə bu kontekstdə də tərəflər üçün əlavə üstünlüklər yaradır.

Proseslərin gedişi ölkələrimiz arasında qarşılıqlı münasibətlərin inkişafında yeni mərhələnin başlanmaqda olduğunu göstərir. Məsələ ilə bağlı Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində qeyd edib ki, ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərə toxunan dövlət başçısı bildirib ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur: “Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir”.

O da xüsusi qeyd olunmalıdır ki, Azərbaycanla Vyetnam arasında siyasi, iqtisadi, mədəni, diplomatik əlaqələr artıq onilliklərdir ki, mövcuddur və davamlı inkişaf edir. Vyetnamın neft-qaz sənayesinin yaradılmasına və inkişafına Azərbaycan əsas töhfə verən ölkələrdən biri hesab olunur. 1959-cu ildə Vyetnamın o zamankı Prezidenti Ho Şi Minin Azərbaycana səfəri bu prosesdə müstəsna rol oynadı. 1983-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başçılıq etdiyi sovet nümayəndə heyəti bu ölkəyə səfəri qarşılıqlı münasibətlərin inkişafına yeni təkan verdi. Burada bir məqam da xüsusi vurğulanmalıdır ki, həmin vaxt Ulu Öndər Heydər Əliyev Vyetnamın birləşməsindən sonra bu ölkəyə səfər edən ilk yüksəkvəzifəli xarici dövlət rəsmisi idi. Bu fonda sözügedən səfər Vyetnam üçün həm də tarixi əhəmiyyət daşıyırdı. Həmin səfərin Vyetnam üçün ən böyük önəmli tərəflərindən biri bundan ibarət oldu ki, Ümummilli Lider Heydər Əliyev sovet rəhbərliyinin Vyetnama iqtisadi, elmi-texniki və digər istiqamətlərdə kömək göstərməsinə nail oldu. Bu, Vyetnamın qarşısında yeni inkişaf perspektivləri açdı, xüsusən də neft sənayesinin inkişafına müstəsna töhfələr verdi.

Bununla yanaşı, Azərbaycan hələ sovet dönəmində Vyetnamın kadr potensialının formalaşmasında da əsas rollardan birini oynayıb. Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində bu məqama da toxunaraq bildirib: “Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Mənim 2014-cü ildə Hanoya səfərim zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş oldu, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi”. Ölkələrimiz mədəni, humanitar, siyasi-diplomatik və digər müstəvilərdə  münasibətlərini bu gün də dinamik şəkildə inkişaf etdirir. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri bu prosesin daha intensiv xarakter almasına heç şübhəsiz ki, yeni təkan verəcək.

Ölkələrimizdə dinamik artım, gənc və getdikcə daha bacarıqlı işçi qüvvəsinin formalaşması, strateji coğrafi mövqe, Azərbaycanla Vyetnamın qlobal təchizat zəncirlərində əsas oyunçular sırasında yer almaları onlar üçün əlavə üstünlüklər qazandırır. Qeyd olunamlıdır ki, Cənub-Şərqi Asiyanın mərkəzində yerləşən Vyetnam uzun sahil xətti və əsas gəmiçilik marşrutlarına yaxınlığı ilə qlobal bazarlara çıxış imkanlarına malikdir. Bu ölkə  Çin, Laos və Kamboca ilə həmsərhəddir, Asiya, Avropa və Amerika qitələrində bazarlara güzəştli çıxışı təmin edən 10-dan çox azad ticarət sazişindən faydalanır. Mövcud vəziyyətdə isə Avropa bazarlarına Azərbaycan üzərindən çıxış Vyetnam üçün çoxsaylı dividendlər vəd edir. Əslində, nəqliyyat-logistika sahəsində də Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi Vyetnamın xüsusi maraq dairəsindədir. Sözügedən ölkə indi elektronika, yüngül sənaye məhsullarının istehsal baxımından qlobal mərkəzə çevrilib. Dünyanın bir sıra transmilli korporasiyaları Vyetnamda böyük istehsal sahələri yaradıblar.  Çində əmək xərclərinin artması və davam edən ABŞ-Çin ticarət gərginliyi bu prosesin daha da sürətlənməsinə səbəb olub. Vyetnamın rəqabətədavamlı əmək xərcləri, infrastrukturun təkmilləşdirilməsi və hökumət tərəfindən həyata keçirilən  təşviqlər ölkənin iqtisadi cəlbediciliyini daha da artırır.

Hökumət yüksək texnologiyalı və əlavə dəyər yaradan sənayeləri inkişaf etdirmək üçün müvafiq addımlar atır. Sənaye artımının dəstəklənməsi və ixrac qabiliyyətinin yüksəldilməsi üçün nəqliyyat və logistika sahəsinə də xüsusi diqqət edilir. Elə bu kontekstdə Azərbaycanın tranzit imkanları Vyetnam üçün də getdikcə daha cəlbedici xarakter daşıyır. Bəllidir ki, Azərbaycan əlverişli coğrafi mövqeyindən və imkanlarından istifadə edərək, ölkənin harmonik inkişafına töhfə verən tranzit və nəqliyyat infrastrukturunun yaradılması istiqamətində çoxsaylı nailiyyətlər əldə edib. Eyni zamanda ölkəmiz bu istiqamətdə ya beynəlxalq xarakterli təşəbbüslərin müəllifi, ya da fəal iştirakçısıdır. İki qitənin qovşağında yerləşən və bütün nəqliyyat növlərinin inkişafı üçün böyük potensiala malik ölkə olan Azərbaycanın tranzit imkanlarına artıq beynəlxalq miqyasda böyük maraq var və Vyetnam da bu sırada yer alır. Yeni multimodal nəqliyyat dəhlizlərinin və logistika mərkəzlərinin yaradılması, mövcud olanların modernləşdirilməsi Azərbaycanın Avropa ilə Asiya arasında ticari-iqtisadi əlaqələrində xüsusi çəkisinin artması, ölkəmizin Avrasiyanın əsas nəqliyyat qovşağı statusunun daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycanın malik olduğu bu imkanlardan yararlanmaq həm Vyetnamın ixrac qabiliyyətinin artmasına, həm də iqtisadi tərəqqisinə mühüm töhfələr vermək iqtidarındadır.

Yaşıl enerji, yaşıl iqtisadiyyat, iqlim dəyişikliyi ilə mübarizə, turizm, təhsil və digər istiqamətlərdə də ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri bu istiqamətlərdə də əməkdaşlığın miqyasının genişləndirilməsi üçün əlverişli zəmin yaradır. 

MTM Analitik Qrup