
21 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Vyetnam Sosialist Respublikasının xarici işlər nazirinin müavini Lu Tu Hangın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan və Vyetnam arasında mövcud ikitərəfli və çoxtərəfli münasibətlər, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
Ölkələrimiz arasında mövcud siyasi dialoqun saxlanılması və inkişaf etdirilməsində qarşılıqlı səfər və təmasların, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil və s. sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb. Mövcud imkanlardan istifadə olunmasının, habelə bu istiqamətdə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyətinin əhəmiyyəti qeyd edilib.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), ASEAN çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüş zamanı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı qəbul edilən tarixi qərarların əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov, eyni zamanda qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Vyetnam Sosialist Republikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Vyetnam tərəfindən isə xarici işlər nazirinin müavini Lu Tu Hang rəhbərlik edib.





