AZƏRBAYCAN VƏ TÜRKİYƏ QİYMƏTLİ KAĞIZLARIN QARŞILIQLI TİCARƏTİNİ TƏŞKİL EDƏCƏK

Azərbaycan və Türkiyə qiymətli kağızların qarşılıqlı ticarətinin təşkil olunmasında razılığa gəlib.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

E.Rüstəmov bildirib ki, Türkiyə dövləti, onun maliyyə infrastrukturu ilə geniş əməkdaşlıq edirlər.

“Razılığa gəlmişik ki, Türkiyənin “İstanbul Fond Birjası”nda listinqdə olan qiymətli kağızlar “Bakı Fond Birjası”nda, Azərbaycana məxsus qiymətli kağızlar isə Türkiyə birjasında ticarət olunsun”, – deyə o bildirib.

E.Rüstəmov bildirib ki, böyük şirkətlərlə əməkdaşlıq davam edir:

“Onlar öz qiymətli kağızlarını buraxmaq istəyirlər. Sığorta bazarında inkişaf potensialı böyükdür. 2022-ci il yeni sosial iqtisadi strategiyanın, yeni onilliyin başlanğıc ilidir”, – deyə Elman Rüstəmov qeyd edib.