Dekabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyətini qəbul edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.
Azərbaycan və Türkiyənin qədim dövrlərə əsaslanan birgə hərb tarixinin inkişaf mərhələlərindən danışan müdafiə naziri hər iki qardaş ölkənin dövlət başçılarının şəxsi dostluq münasibətləri sayəsində hərbi əməkdaşlığımızın müasir dövrdə daha da inkişaf etdirilərək strateji müttəfiqlik səviyyəsinə çatdığını vurğulayıb.
Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq bildirən general-leytenant T.Altuğ səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını müdafiə nazirinə çatdırıb.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin və ikitərəfli səfərlərin əhəmiyyəti vurğulanıb.
Görüşün sonunda regional təhlükəsizlik, hərbi əlaqələrin cari vəziyyəti və maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.