
İyunun 25-də Azərbaycanın Baş prokuroru Kamran Əliyev Türkiyənin ölkəmizə yeni təyin olunmuş səfiri Birol Akgün ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan Baş prokuror tarixən xalqlarımız arasında milli köklərə əsaslanan münasibətlərin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türk xalqının dahi şəxsiyyəti Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamları ilə ifadə olunduğunu bildirib. Baş prokuror Azəərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan – Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi qeyd edib.
Kamran Əliyev ikitərəfli əməkdaşlığın inkişafında ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında keçirilmiş çoxsaylı görüşlərin və beynəlxalq tədbirlər çərçivəsində qurulan səmərəli dialoqun mühüm rol oynadığını vurğulayıb. O, ötən il Bakıda təşkil olunmuş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində keçirilmiş yüksək səviyyəli sessiya və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransında Türkiyə prokurorluğunun nümayəndə heyətinin iştirakını xüsusilə qeyd edib.
Səfir Birol Akgün görüşdə səmimi qəbula görə təşəkkürünü bildirərək, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin dövlət başçılarının apardıqları uğurlu siyasət nəticəsində ən yüksək səviyyəyə çatdığını və əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə, həmçinin hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi və digər hüquqi əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda Kamran Əliyev səfirə yeni fəaliyyətində uğurlar arzulayaraq, qarşılıqlı əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.