AZƏRBAYCAN VƏ TÜRKİYƏ ARASINDA ƏMƏYİN MÜHAFİZƏSİ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ GENİŞLƏNİR

Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə Dövlət Əmək Müfəttişliyi Xidmətində rəsmi görüşlər keçirilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən verilən məlumata görə, görüşlər zamanı türkiyəli mütəxəssislərə xidmətin tabeliyində yaradılan Əməyin Mühafizəsi Mərkəzinin hazırkı fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib. Xidmət rəisi Vəli Quliyev hər iki ölkə üzrə əməyin mühafizəsi sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən və bu sahədə beynəlxalq standartlara uyğun həyata keçirilən islahatlardan danışıb.

V.Quliyev qeyd edib ki, əməyin mühafizəsi üzrə effektiv nəzarət mexanizmlərinin yaradılması, işçilərin təhlükəsiz və sağlam şəraitdə çalışmasının təmin olunması dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə görülən tədbirlər müsbət nəticələr verir və qarşılıqlı təcrübə mübadiləsi bu sahənin daha da inkişafına zəmin yaradır.

Türkiyəli mütəxəssislər isə əmək münasibətləri və əməyin mühafizəsi sahəsində ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Onlar Azərbaycanla əməyin mühafizəsi sahəsi üzrə bilik və təcrübə mübadiləsinin qarşılıqlı fayda verəcəyini bildiriblər.

Daha sonra Türkiyənin nümayəndə heyəti Əməyin Mühafizəsi Mərkəzinin mövcud texniki bazası və əməkdaşları ilə tanış olub.