AZƏRBAYCAN VƏ RUSİYA MƏDƏNİYYƏTLƏRARASI ƏMƏKDAŞLIQ VƏ DİALOQ BƏRPA OLUNUR

Rusiya və Azərbaycan arasında  birincinin məlum təyyarə qəzası ilə bağlı tutduğu yanlış mövqe səbəbindən yaranan ziddiyyətlər artıq aradan qalxmaqda, yerini yenə əməkdaşlığa, münasibətlərin dərinləşməsinə verməkdədir. Heç şübhəsiz ki, bunun başlıca səbəbi Taciksitanın paytaxtı Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putin ilə təkbətək görüşü, aparılan müzakirələr oldu. Məhz burada Rusiya ən yüksək səviyyədə ötən ilin dekabrında Qroznı səmasında AZAL-a məxsus təyyarənin ölkənin hərbi hava qüvvələri tərəfindən vurulduğunu, qeyd edilən kontekstdə Azərbaycanın aylardır, beynəlxalq normalara uyğun olaraq irəli sürdüyü tələbləri yerinə yetriməyə hazır olduğunu bəyan etdi.

Prezident Vladimir Putin Düşənbə görüşündə hadisədən sonra faciənin Rusiya səmasında baş verdiyini və buna görə dərhal üzr istədiyini xatırladıb. Eyni zamanda  Rusiya lideri fəlakətin iki səbəbini göstərib: ölkə sərhədini keçən Ukrayna dronları və Rusiyanın hava hücumundan müdafiə sistemindəki texniki nasazlıqlar. Bütün bunlardan sonra Rusiya tərəfi  hadisənin baş verməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması və təzminatın ödənilməsi istiqamətində də addımların atılacağını bəyan edib. Qeyd olunanlar Azərbaycan və Rusiya arasında gərginləşən münasibətlərin yenidən normal məcraya qayıtmasını şərtləndrib ki, bu hal mədəniyyət sahəsini də əhatə edir.

Xatırlatmaq lazım gəlir ki, təyyarə qəzasından sonra Rusiyanın nümayiş etdirdiyi qeyri-adekvat mövqe ölkələrimiz arasında mədəni sferaya da mənfi rakursdan təsir etmişdi. Amma indi bu sahədə də münasibətlərin normal məcrasında dönməsinin zəruriliyi şimal qonşumuz tərəfindən açıq etiraf edilir. Bunu Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun səsləndirdiyi fikirlər də təsdiq edir. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin bərpa edilməməsi üçün heç bir dərin səbəb yoxdur. Şvıdkoy əmindir ki, iki ölkə arasında çoxəsrlik dostluq əlaqələri bu sahədə tam hüquqlu tərəfdaşlığa qayıdış üçün zəmin yaradır “Bizim tamhüquqlu mədəni əməkdaşlığa qayıtmamaq üçün heç bir köklü səbəbimiz yoxdur”.

Prezidentin xüsusi nümayəndəsi xatırladıb ki, Rusiya ilə Azərbaycanı ümumi mənəvi dəyərlər biri-birinə bağlayır. O hesab edir ki, ölkələri ayrılmaz şəkildə ortaq tarix birləşdirir və bu, Şvıdkoyun fikrincə, mədəniyyət və incəsənət sahələrində mədəni əlaqələrin qurulmasının əsas təminatıdır. Mixail Şvıdkoy onu da bildirib ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin inkişafının bu mərhələsi yeni əlaqələrin qurulması və mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün əla vaxtdır. Onun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında mədəni əməkdaşlıq hər iki tərəfin maraqlarına və iradəsinə uyğun olaraq tezliklə bərpa olunacaq.

Cənubi Qafqaz üzrə ekspert rusiyalı ekspert Konstantin Tasits qeyd edir ki, Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin tam normallaşması üçün iki ölkə arasında mədəni əlaqələrin bərpası prinsipial əhəmiyyət daşıyır: “Humanitar sahə həmişə dövlətlərarası münasibətlərin mühüm hissəsidir. Ona görə də müvafiq olaraq, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyətin ümumi normallaşmasının əsas hissələrindən biri cari ilin iyun ayının sonunadək ölkələrimiz arasında mövcud olan humanitar əlaqələrin tam bərpa edilməsinə nail olmaqdır”.  Öz növbəsində Azərbaycan mədəni əlaqələrin, bu sahədə dialoqun bərpasında heç bir problem görmür.

Burada onu da xüsusi xatırlamaq lazım gəlir ki, ölkəmiz müstəqilliyini bərpa  etdikdən  sonra Azərbaycan və Rusiya mədəni əlaqələri qoruyub saxlamaqla yanaşı, onları yeni reallıqlara uyğun şəkildə inkişaf etdirməyə başlayıblar.  İki ölkə arasında mədəni əməkdaşlıq haqqında müxtəlif sazişlər imzalanıb, qarşılıqlı mədəniyyət günləri, sərgilər, festivallar və konfranslar təşkil olunub. Moskva, Sankt-Peterburq, Kazan, Mahaçqala və digər şəhərlərdə keçirilən Azərbaycan mədəniyyəti günləri rus ictimaiyyətinə Azərbaycanın zəngin irsini tanıtmaq baxımından əhəmiyyətli rol oynayıb. Eyni zamanda Bakıda Rusiya mədəniyyəti günləri, rus teatr və musiqi kollektivlərinin çıxışları da mədəniyyətlərarası dialoqun davamlılığını təmin edib.

Rusiya və Azərbaycan arasında mədəni əməkdaşlıq yalnız klassik incəsənət sahələrini deyil, həm də təhsil, media, kino və rəqəmsal mədəniyyət kimi yeni istiqamətləri əhatə edir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən Rusiya universitetlərinin filialları, o cümlədən Moskva Dövlət Universitetinin və Seçenov Tibb Universitetinin Bakı filialları gənclər arasında elm və mədəniyyət mübadiləsini gücləndirir. Azərbaycanın çoxmədəniyyətlilik və tolerantlıq siyasəti də bu dialoqun möhkəm bünövrəsini təşkil edir. Bakıda fəaliyyət göstərən Rus Dram Teatrı, rusdilli məktəblər və mədəniyyət mərkəzləri rus dilinin və mədəniyyətinin qorunmasına şərait yaradır. Eyni zamanda Rusiyada yaşayan azərbaycanlı diaspor üzvləri Azərbaycanın mədəniyyətini, mətbəxini, musiqisini tanıtmaqla iki xalq arasında mənəvi körpü rolunu oynayır. Mədəniyyətlərarası dialoq, həmçinin regional və beynəlxalq münasibətlərdə sabitliyin qorunması baxımından da mühüm əhəmiyyət daşıyır. Mədəni əməkdaşlıq dövlətlər arasında siyasi münasibətlərin güclənməsinə, qarşılıqlı etimadın formalaşmasına xidmət edir. Hər halda AZAL-a məxsus təyyarə əqzasından sonra baş verənlər də bunun növbəti təsdiqi oldu.

O da faktdır ki, Azərbaycan və Rusiya arasında aparılan mədəni diplomatiya ümumən Qafqaz regionunda, hətta MDB məkanında  sülh və qarşılıqlı anlaşma üçün mühüm platforma yaradır. Başqa sözlə, Rusiya və Azərbaycan arasında mədəniyyətlərarası dialoq təkcə iki dövlətin münasibətlərinin bir hissəsi deyil, həm də regionda sabitliyin, sülhün və qarşılıqlı hörmətin təminatçısıdır. Bu sahədə də münasibətlər davamlı inkişaf etməklə, humanitar əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfələr vermək iqtidarındadır. Azərbaycanın yanaşması məhz bundan ibarətdir və ölkəmiz müvafiq addımlar atmaqla mədəni əməkdaşlıqda da maraqlı tərəf olduğunu nümayiş etdirir. 

MTM Analitik Qrup