AZƏRBAYCAN VƏ PAKİSTAN ARASINDA HƏRBİ ƏLAQƏLƏR YENİ DİNAMİK İNKİŞAF MƏRHƏLƏSİNƏ DAXİL OLUR

Azərbaycan və Pakistan arasında müxtəlif istiqamətlər, o cümlədən iqtisadi, hərbi sahədə əlaqələrin inkişafının daha intensiv mərhələsi başlanır. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri əsnasında əldə edilən razılıqlar da qeyd edilənlərin real təzahürüdür. Onun Prezident İlham Əliyevlə görüşlərində, aparılan müzakirələrdə xüsusi diqqət mərkəzində saxlanılan məqam  bundan ibarət oldu ki, ölkələrimiz arasında iqtisadi əlaqələr siyasi səviyyədəki münasibətlərlə   ziddiyyət təşkil edir. Siyasi əlaqələr strateji mütəffiqlik həddində olduğu halda, iqtisadi, ticari münasibətlər barədə eyni fikri söyləmək mümkün deyil. Belə vəziyyət ölkələrin milli maraqlarına, tərəfdaşlıq münasibətlərinə qətiyyən uyğun gəlmir  və vəziyyətin dəyişdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyətin həyata keçirilməsinə zərurət yaranır.

Aparılan hesablamalar göstərir ki, bu gün Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsi cəmi 14 milyon ABŞ dollarına bərabərdir və bu, tərəflərin potensialından dəfələrlə aşağıdır. Müvafiq addımlar atılacağı halda yaxın tezlikdə iki ölkənin ticarət dövriyyəsini 2 milyard ABŞ dollarına çatdırmaq mümkündür. Sonrakı mərhələdə bu göstərici daha yüksək rəqəmlərlə ifadə edilə bilər. Artıq qeyd olunan istiqamətdə müvafiq işlərə start verilib. Prezident İlham Əliyev Azərbaycan-Pakistan biznes forumunda çıxışı zamanı qeyd edib ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri biznes dairələri üçün yaxşı platforma olmalıdır:  “Bəzən bizim daha fəal biznes təmaslarımıza mane olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar çox vacibdir. Çünki biznes-forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir, biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı məsələlər müzakirə olunur. Bunun hamısı biznes dairələri və işgüzar insanlar üçün çox vacibdir ki, onlar yeni bazarlara daxil olsunlar”.  Dövlət başçısı onu da vurğulayıb ki, gözəl siyasi münasibətlər qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır: “Ötən ilin yayında mənim Pakistana səfərim zamanı biz bəyan etdik ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq”. Yatırılacaq sərmayənin yönəldiləcəyi sahələr də artıq müəyyən olunub və yaxın günlər ərzində konkret razılıqlar əsasında müvafiq işlərə də başlanacaq.

İki ölkə arasında müdafiə, müxtəlif  sənaye sahələri, əzcaçılıq, enerji, kənd təsərrüfatı, infrastruktur layihələri, digər belə istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması üçün bütün imkanlar mövcuddur. Məsələnin bu tərəfinə toxunan Prezident İlham Əliyev bildirib: “Biz digər sahələrdə də çox böyük potensial görürük. Bunun üçün çox böyük əsas var. O da iki ölkə arasında olan qardaşlıq və qarşılıqlı siyasi iradədir. Bunun nəticəsində biz işgüzar əlaqələrimizi də siyasi səviyyəyə bərabər inkişaf etdirə bilərik”.

Proseslərin gedişi göstərir ki,  Azərbaycan və Pakistan müxtəlif təyinatlı birgə istehsal müəssisələri yaradılmasına xüsusi diqqət yetirir. Bura digər sahələrlə yanaşı, müdafiə sənayesi də daxildir. Tərəflərin buna xüsusi diqqət etməsi heç də təsadüfi xarakter daşımır. Faktdır ki, istər Pakistan, istərsə də Azərbaycan çoxsaylı konkret səbəblərə görə, hərbi qüdrətlərini  qorumaq, onu davamlı yüksəltmək məcburiyyətindədirlər. Sözügedən istiqamətdə ölkələrin qarşılıqlı əməkdaşlığı tərəflərin hər birinə çoxsaylı üstünlüklər vəd edir. Təqdirəlayiq haldır ki, bu kontekstdə ölkələrimiz arasında münasibətlər hərbi sahədə də uğurla inkişaf edir. Bunu Pakistanın və Azərbaycanın yüksək rütbəli hərbçilərinin intensivləşən qarşılıqlı səfərləri, əldə olunan razılaşmalar da təsdiq edir. Ümumiyyətlə, iki ölkənin hərbi sahədə əməkdaşlığı böyük potensiala malikdir. Bu müstəvidə Azərbaycan ilə Pakistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi xüsusi diqqət mərkəzində yer alır.

Günümüzdə sürətlə dəyişən geosiyasi və geostrateji tendensiyalar hərbi müstəvidə də dərinləşən əlaqələrin həm Azərbaycanın, həm də Pakistanın maraqlarına tam cavab verdiyini göstərir. Xüsusən də Azərbaycanın Vətən müharibəsində qazandığı qələbə, 2023-cü ilin sentyabr ayında antiterror tədbirləri ilə ərazilərində suverenliyini tam bərpa etməsindən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar fonunda ölkələrimizin hərbi əməkdaşlığı daha böyük uğurla genişləndirmələri üçün daha əlverişli zəmin formalaşıb. İstər Azərbaycan, istərsə də Pakistan öz ordularının taktiki hazırlığını artırır, hərbi cəhətdən modernləşmə siyasəti yürüdürlər. Bu istiqamətdə qarşılıqlı əməkdaşlıq hər iki ölkə üçün böyük üstünlüklər vəd edir. Bundan başqa, hərbi sənaye məhsullarının tədarükü də ölkələrimizin maraq dairəsində yer alır. Azərbaycanın Pakistandan JF-17C çoxməqsədli döyüş təyyarələri alması bunun ən uğurlu konkret nümunələrindən biridir. Sözügedən təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir. İnkişaf göstəriciləri ilə seçilən Pakistanın müdafiə sənayesinin bir sıra digər məhsulları da Azərbaycanı maraqlandırır.

Müdafiə sənayesi, hərbi sahədə əməkdaşlıq ilk növbədə ölkələrimizin suveren inkişafının davamı üçün müstəsna önəm kəsb edir. Prezident İlham Əliyevin bundan öncə qeyd etdiyi kimi dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır. Bu şəraitdə dərinləşən hərbi əlaqələr Azərbaycan və Pakistan ordularının daha da güclənməsinə, döyüş qabiliyyətinin davamlı yüksəlməsinə münbit şərait yaradır. Bu da ölkələrimizin təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi üçün müstəsna əhəmiyyətə malikdir.

Ərazi bütövlüyü baxımından da ölkələrimizin biri-birinə dəstəyi hər zaman qəti və konkret şəkildə ifadə olunub. Azərbaycan artıq ərazi bütövlüyünü bərpa edib və bu məsələdə daim Pakistan siyasi dəstəyini göstərib. Ölkəmiz də Cəmmu və Kəşmir məsələsində Pakistana birmənalı dəstək nümayiş etdirir. Beynəlxalq qurumlarda biri-birini dəstəkləyən Azərbaycan və Pakistan digər istiqamətlər üzrə qarşılıqlı əlaqələrin inkişafına xüsusi diqqət yetirirlər. Hazırda bu iki dost İslam ölkəsinin hərbi və digər istiqamətlərdə əməkdaşlığı və bir-birini ən yüksək səviyyədə dəstəkləməsi müsəlman dünyasında həmrəyliyin uğur nümunəsi kimi qiymətləndirilir.

MTM Analitik Qrup