AZƏRBAYCAN VƏ ÖZBƏKİSTANIN BEYİN MƏRKƏZLƏRİ ƏMƏKDAŞLIQ EDƏCƏK

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Akramjan Nematovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İİTKM-dən verilən məlumata görə, görüş zamanı İİTKM-in icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərini xatırladaraq ölkələr arasında əməkdaşlıq potensialının böyük olduğunu bildirib. V.Qasımlı əməkdaşlığın 3 əsas istiqamətinin mövcud olduğunu vurğulayıb. Bunlar ticari dövriyyənin artırılması istiqamətində iqtisadi əməkdaşlıq, hər iki ölkəyə qarşılıqlı olaraq investisiya layihələrinin cəlb edilməsi və nəqliyyat-logistika istiqamətində strateji işbirliyinin inkişafıdır.

İcraçı direktor həmçinin Özbəkistanın 44 günlük Vətən müharibəsi dövründə və daha sonra işğaldan azad edilmiş ərazilərin bərpa prosesində göstərdiyi dəstəyi xüsusi vurğulayıb və təşəkkürünü bildirib.

Özbəkistan Prezidenti yanında Strateji və Regional Araşdırmalar Mərkəzinin direktorunun birinci müavini Akramjan Nematov isə Azərbaycana ilk səfərindən çox məmnun olduğunu bildirib. Əlavə edib ki, bir müddət əvvəl Prezidentlərin görüşü və onların rəhbərliyi ilə imzalanan sənədlərin icrası hər iki ölkəni Mərkəzi Asiyada transregional mərkəzə çevirə bilər. A.Nematov Özbəkistanda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin sayının hazırda 300-dən çox olduğunu əlavə edib və sənaye sahəsində əməkdaşlığın vacibliyini xüsusi vurğulayıb.

Qonaq ölkəsinin Azərbaycanda işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirakından, eləcə də Füzulidə Özbəkistanda “Prezident məktəbi” kimi tanınan yeni tipli məktəbin tikiləcəyindən danışıb.

Sonda hər iki ölkənin əhəmiyyətli beyin mərkəzləri arasında əməkdaşlıq haqqında razılıq əldə olunub.

Qonaqlara “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi haqqında məlumat verilib.