AZƏRBAYCAN VƏ ÖZBƏKİSTAN MÜNASİBƏTLƏRİ STRATEJİ MÜTTƏFİQLİK SƏVİYYƏSİNƏ YÜKSƏLİB

Son illərdə Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin inkişafı xüsusi önəm daşıyır. Bu baxımdan Azərbaycanla Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi regional diplomatiyada yeni mərhələnin əsasını qoyur. Keçən il Daşkənddə imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Bəyannamə” təkcə iki ölkə arasında dostluğun təsdiqi deyil, həm də siyasi, iqtisadi və hərbi əlaqələrin gələcək inkişaf strategiyasını müəyyən edən tarixi razılaşmadır. Bu bəyannamə ilə tərəflər öz münasibətlərini “strateji müttəfiqlik” səviyyəsində rəsmiləşdirdilər. Sənədin əsas müddəalarına görə tərəflər beynəlxalq məsələlərdə bir-birini dəstəkləyir; dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn istənilən təhdidə qarşı birlik nümayiş etdirir;
hərbi-siyasi sahədə qarşılıqlı məsləhətləşmə və təcrübə mübadiləsi həyata keçirir və ortaq layihələrin reallaşdırılması və siyasi əlaqələrin institusional əsasda inkişaf etdirilməsini təmin edirlər. Nəzərə almalıyıq ki, Azərbaycan və Özbəkistan əlaqələri tarixən mədəni-mənəvi bağlara əsaslanıb. Hər iki ölkə sovet keçmişindən çıxaraq öz dövlətçiliyini möhkəmləndirmək yolunda bir çox oxşar təcrübələr yaşayıb. Lakin münasibətlər məhz son illərdə yeni dinamizm qazanıb və müttəfiqlik çərçivəsinə yüksəlib. Bu uğurun əldə olunmasında isə Prezident İlham Əliyevlə Prezident Şavkat Mirziyoyev arasında formalaşmış yüksək səviyyəli şəxsi münasibətlərin də mühüm rolu var.

Azərbaycan-Özbəkistan siyasi dialoqu intensiv xarakter daşıyır. Dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm telefon əlaqələri münasibətlərin səmimiliyini gücləndirir. Ən yüksək səviyyədə əldə olunmuş razılaşmalar hökumətlərarası komissiyalar, nazirliklər və parlamentlərarası əməkdaşlıq vasitəsilə icra edilir. Azərbaycan və Özbəkistan beynəlxalq təşkilatlarda, xüsusilə BMT, İƏT, Türk Dövlətləri Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində ortaq mövqeləri dəstəkləyirlər. Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyıb və dəstəkləyib, Azərbaycan isə Özbəkistanın Mərkəzi Asiyada təhlükəsizlik və inkişaf təşəbbüslərinə daim açıq dəstək verir.

Əlaqələrin hazırki səviyyəsi hərbi-texniki əməkdaşlığı da əhatə edir. İkitərəfli formatda hərbi təlimlərin təşkili, müdafiə sənayesi üzrə təcrübə və texnologiya mübadiləsi, sərhəd təhlükəsizliyi və terrorizmlə mübarizə məsələlərində əlaqələndirmə işləri xüsusilə diqqət mərkəzində saxlanılır. Hər iki ölkə regionda sülhün və sabitliyin qorunmasına xüsusi önəm verir və bu kontekstdə bir-birini strateji tərəfdaş hesab edir. Özbəkistanın “Orta dəhliz”ə qoşulması və Azərbaycanın logistika və nəqliyyat imkanları hərbi-siyasi sahədə də koordinasiyanın yeni aspektlərini ortaya çıxarır.

Azərbaycan-Özbəkistan münasibətləri təkcə iki ölkənin milli maraqlarını deyil, həm də türk dünyasının vahid platformada birləşməsi prosesini gücləndirir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatında aparıcı mövqedə çıxış edir və təşkilatın siyasi nüfuzunun artması üçün ortaq təşəbbüslər irəli sürürlər. Bu əməkdaşlıq ideoloji və mənəvi cəhətdən də dərin təməllərə söykənir: ortaq tarix, dil qohumluğu, mədəni yaxınlıq həm cəmiyyətlərarası əlaqələri, həm də siyasi koordinasiyanı möhkəmləndirir. Özbəkistanın Azərbaycan üçün Mərkəzi Asiyada ən yaxın müttəfiqə çevrilməsi bu baxımdan simvolik əhəmiyyət daşıyır.

Hazırki proseslər deməyə əsas verir ki, gələcəkdə Azərbaycan–Özbəkistan siyasi əlaqələri daha da dərinləşəcək. Bu daha çox özünü müdafiə sənayesi üzrə birgə layihələr və texnoloji əməkdaşlıqda, regional nəqliyyat və təhlükəsizlik platformalarının formalaşdırılmasında, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda ortaq strateji təşəbbüslərdə, xalqlararası təmasların və gənclər siyasətinin daha geniş miqyasda dəstəklənməsində göstərəcək. Dövlət başçılarının qarşılıqlı etimadı və siyasi iradəsi bu münasibətlərin davamlı inkişafının əsas təməlidir. Bu isə həm bölgə üçün, həm də daha geniş coğrafiyada strateji sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

MTM Analitik Qrup