AZƏRBAYCAN VƏ GÜRCÜSTAN XARİCİ İŞLƏR NAZİRLƏRİ ARASINDA TELEFON DANIŞIĞI OLUB

14 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, C.Bayramov, dünən Gürcüstan ərazisində baş vermiş zəlzələ ilə bağlı gürcü həmkarından ölkədə mövcud olan vəziyyəti sorğu edib. Azərbaycanın, ehtiyac duyulduğu təqdirdə, hər zaman dost Gürcüstana yardım etməyə hazır olduğunu ifadə edib.

D.Zalkaliani zəlzələnin ciddi fəsadlar doğurmadığını söyləyib və nümayiş etdirilən həmrəyliyə görə Azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Nazirlər, inkişaf etməkdə olan ikitərəfli münasibətlərin aktual mövzularını, habelə regional məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşıdan gələn aylarda keçiriləcək tədbirlər üzrə fikir mübadiləsi aparıblar.