AZƏRBAYCAN VƏ GÜRCÜSTAN İKİLİ STANDARTLARA QARŞI BİRGƏ ADDIMLARIN VACİBLİYİNİ VURĞULAYIBLAR

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 24-də ölkəmizdə səfərdə olan Gürcüstan parlamentinin Gənclər, elm və təhsil məsələləri komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Parlamentdən verilən məlumata görə, görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq münasibətlərinin əhəmiyyəti qeyd edilərək, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu, xalqlarımızın həmişə bir-birinin yanında olduğu bildirilib.

Vurğulanıb ki, Prezident İlham Əliyev də həmişə gürcüstanlı həmkarları ilə keçirdiyi görüşlərdə bu məsələləri xüsusi qeyd edir.

Milli Məclisin sədri Sahibə Qafarova, qonşu xalqlar olaraq, azərbaycanlıların və gürcülərin həmişə dostluq şəraitində yaşadıqlarını, bizi birləşdirən ortaq dəyərlərimizin olduğunu və bu dəyərləri qoruyub saxlamağın əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə inkişaf edən münasibətlər fonunda parlamentlərimiz arasında da əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub. Qeyd edilib ki, qanunverici orqanlarımız ikitərəfli və üçtərəfli formatda əməkdaşlıq edir. O cümlədən, beynəlxalq parlament təşkilatları çərçivəsində də qarşılıqlı dəstək mövcuddur.

Spiker Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması ilə bağlı məsələyə münasibətdə Gürcüstan nümayəndə heyətinin göstərdiyi dəstəkdən məmnunluğunu bildirib.

Görüşdə hər iki ölkənin parlamentinə seçkilərdən sonra yeni tərkibin fəaliyyətə başladığı və qarşıdakı dövrdə də əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyətin davam etdiriləcəyi vurğulanıb.

Gürcüstan parlamentinin Gənclər, elm və təhsil məsələləri komitəsinin sədri Givi Mikanadze Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə təbriklərini çatdırıb. Qonaq, Prezident İlham Əliyevin tarixi şəxsiyyət olduğunu, onun rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini söyləyib.

O, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin salamlarını Milli Məclisin sədrinə çatdırıb.

Givi Mikanadze ölkələrimiz arasında böyük dostluq əlaqələrinin mövcud olduğunu, bəzi “dostlar”ın Azərbaycan və Gürcüstanın bir yerdə olmasından narahatlıq keçirdiyini söyləyib. O, Azərbaycanın Gürcüstana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. Qonaq, Gürcüstanda keçirilən həm parlament, həm də prezident seçkilərindən sonra ilk təbriklərin də Azərbaycandan gəldiyini qeyd edib.

Komitə sədri Azərbaycan və Gürcüstanın beynəlxalq müstəvidə də bir-birini dəstəklədiklərini vurğulayıb.

Söhbət zamanı ölkələrimizə qarşı mövcud olan ikili standartlara qarşı mübarizədə də birgə addımlamağın vacibliyi qeyd edilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.