
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Estoniya Respublikasının xarici işlər naziri Marqus Tsaxna arasında təkbətək görüş başlayıb.
Bu barədə Azərbaycan XİN “X” sosial şəbəkə hesabında paylaşım edib.
Ceyhun Bayramovun estoniyalı həmkarı ilə görüşü başlayıb. Ardınca Azərbaycan və Estoniya xarici işlər nazirlərinin geniş tərkibdə görüşü olub.
Müzakirələr zamanı əsas diqqət qarşılıqlı faydalı siyasi dialoqun genişləndirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinə yönəlib. Gündəlikdə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, ticarət və investisiya potensialından tam şəkildə istifadə olunması, rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji və əlaqəlilik sahələrində tərəfdaşlığın genişləndirilməsi kimi məsələlər də yer alıb.
Nazirlər həmçinin, ötən ilin avqustunda keçirilmiş tarixi Vaşinqton Sammitini və onun əlamətdar nəticələrini vurğulayan Azərbaycan və Ermənistan arasında daha geniş regional vəziyyəti, münaqişədən sonrakı normallaşma və sülh prosesini müzakirə ediblər.
