AZƏRBAYCAN VƏ BRİTANİYA ARASINDA İKİTƏRƏFLİ VƏ REGİONAL ƏMƏKDAŞLIQ MÜZAKİRƏ EDİLİB

29 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti arasında telefon danışığı baş tutub.

Bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında gündəlikdə duran məsələlər, ikitərəfli və regional əməkdaşlıq mövzuları, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə mina təhdidi barədə məlumatlandırıb.

Nazir Ceyhun Bayramov Ermənistanla normallaşma gündəliyinə də toxunaraq, Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində əldə olunmuş irəliləyişlər və bu prosesin uğurla yekunlaşmasının qarşısında duran əsas maneələrdən bəhs edib. Ermənistan Konstitusiyası və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarından imtina edilməsinin Cənubi Qafqazda dayanıqlı sülhə nail olunması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.