AZƏRBAYCAN VƏ BRAZİLİYA COP29 ÇƏRÇİVƏSİNDƏ BİRGƏ FƏALİYYƏT İMKANLARINI NƏZƏRDƏN KEÇİRİB

İqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan hökuməti və Braziliya hökuməti arasında Ticarət və İnvestisiya Əməkdaşlığı üzrə Birgə İşçi Qrupunun həmsədri Elnur Əliyev Braziliyanın Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin ticarət və beynəlxalq əlaqələr üzrə katibi Roberto Perosa ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, ölkələr arasında ticarət dövriyyəsinin genişləndirilməsi və iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əlaqələrin inkişafı üçün imkanların olduğu vurğulanıb. Azərbaycanda sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, sənaye zonalarında investorlar üçün nəzərdə tutulmuş güzəştlər və stimullar diqqətə çatdırılıb. COP29 çərçivəsində birgə fəaliyyət imkanları və “yaşıl maliyyələşmə” üzrə əməkdaşlıq nəzərdən keçirilib.

Görüşdə qarşılıqlı investisiya qoyuluşu, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq, aqrar sahədə əlaqələrin inkişaf perspektivləri, o cümlədən Azərbaycanın kənd təsərrüfatı məhsullarının Braziliyaya ixracının genişləndirilməsi, ərzaq təhlükəsizliyi, aqroparklara müasir texnologiyaların cəlbi istiqamətində fikir mübadiləsi aparılıb.