
7 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əbu-Dabi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüş zamanı, Azərbaycan-BƏƏ əməkdaşlığının siyasi, iqtisadi, ticarət, energetika, humanitar aspektləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq, habelə bölgədə cari vəziyyət müzakirə olunub. İki ölkə arasında energetika, xüsusilə də alternativ enerji sahəsində aparılan işlər məmnunluqla qeyd olunub.
İki ölkə arasında əməkdaşlığın inkişafında siyasi dialoqun, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
Regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə regional bərpa və sülh gündəliyi barədə ətraflı məlumatlandırıb, mövcud çağırışlar, o cümlədən mina təhdidi, habelə Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam etdirilən ərazi iddialarından bəhs edib.
Birləşmiş Ərəb Əmirliklərinin minasızlaşdırma sahəsində dəstəyinin, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi dəstəyin əhəmiyyəti məmnunluqla qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.