
2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsi regionda geosiyasi reallıqların dəyişməsi ilə də nəticələndi. Müstəqil və qətiyyətli siyasət həyata keçirən Azərbaycan milli maraqlarını təmin etmək üçün bir sıra dövlətlərlə, xüsusən də Avropa İttifaqına üzv ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığını daha da dərinləşdirdi. Rəsmi Bakının etibarlı tərəfdaş kimi dünyada tanınması bir sıra Aİ ölkələrinin Azərbaycanla energetika sahəsində və bir sıra digər sektorlarda əməkdaşlıq etməsinə ciddi təsir etdi. Bununla belə, qeyd etmək yerinə düşər ki, Avropa İttifaqının müxtəlif qurum və institutları, rəsmiləri zaman-zaman qərəzli siyasət yürüdərək, Azərbaycanın əleyhinə açıqlamalar verib, bəzi qətnamələr qəbul ediblər.
Amma dünya nizamının dəyişməsi, siyasi qütblər arasındakı gərginliyin dərinləşməsi də Aİ-ni yürütdüyü yanlış və milli maraqlarını ehtiva etməyən siyasətdən imtinaya vadar edir. Artıq qoca qitə iqtisadi təhlükəsizliyini daha çox düşünmək məcburiyyətindədir və bu məsələdə Azərbaycanla tərəfdaşlığın, əməkdaşlığın mühüm rol oynadığını dərk edir. Artıq rəsmi Bakı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolundadır. Bundan əlavə, nəqliyyat bağlantıları, strateji mövqeyi də Qərb üçün alternativsiz olduğunu sübut edir. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı, o cümlədən ən böyük ixrac tərəfdaşıdır. İdxal tərəfdaşları arasında isə ikinci yer də Aİ-yə məxsusdur.
Avropanın bir sıra ölkələri iqtisadi, humanitar, hərbi, mədəni vəs. sahələrdə əməkdaşlıq edən rəsmi Bakı Aİ ilə media sahəsində əməkdaşlığını gücləndirir. Bu yaxınlarda Azərbaycanın Rumıniyadakı səfirliyində Avropa Parlamentinin deputatı Kristian Terheşlə görüş keçirilib. Görüşdə Audiovizual Şuranın sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak ediblər. Söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında informasiya, kommunikasiya və media sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regionda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunub.
Kristian Terheş qeyd edib ki, Avropa Parlamenti Cənubi Qafqaz regionunda sülhün möhkəmlənməsinə və dialoqun təşviqinə böyük önəm verir. O, Azərbaycanın müasir informasiya siyasətini, medianın müstəqilliyinin və rəqəmsal transformasiyanın dəstəklənməsini yüksək qiymətləndirib.
Görüşdə, həmçinin dezinformasiya ilə mübarizə, rəqəmsal media savadlılığı, gənc jurnalistlərin Avropa təcrübəsinə çıxışı və enerji təhlükəsizliyi ilə bağlı ictimai kommunikasiyanın gücləndirilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bu görüş Azərbaycanın Avropa strukturları ilə rəqəmsal transformasiyanı müzakirə etməsindən, ən müasir standartlara və yeniliklərə cavab verən KİV-in qurulması və inkişafının prioritet olmasından xəbər verir. Bu görüşlərin keçirilməsi və əməkdaşlıqların qurulması Aİ ilə Bakı arasında mediakörpünün yaranması ilə yanaşı, Azərbaycan mətbuatının inkişafı üçün də ciddi təkan sayılır.
