Azərbaycan üzgüçüsü beynəlxalq turnirdə qızıl medal qazanıb.
Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə yüksək nəticələrə imza atmaqda davam edirlər. Saxa Respublikasının Yakutiya şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında mübarizə aparan üzgüçülərimizdən Süleyman İsmayılzadə 400 metr məsafədə sərbəst üsulda bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülmüşdür. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə milli komandanın üzvü, İdman Ustası Süleyman İsmayılzadə 4,01 nəticə ilə kürsünün ən yüksək pilləsinə yüksəlib. İdmançımız bundan öncə 1500 metr məsafədə sərbəst üsulla gümüş, 200 metr məsafəyə batterflay üsulla bürünc medallar qazanıb.
Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu beynəlxalq yarışda ölkəmizi üzgüçülük idman növü üzrə milli komandanın üzvləri İdman ustası Oqtay Hüseynov, İdman Ustası Süleyman İsmayılzadə, Vlastilina Xasyanova, Xumar Mustafayeva təmsil edirlər.
“Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük üzrə yarışları 28 iyun-4 iyul tarixlərinədək davam edəcək.