Azərbaycan UNESCO və BMTQAK-ın missiyasını qəbul etməyə tam hazırdır.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycanın “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə” 1954-cü il Haaqa Konvensiyasına uyğun olaraq ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə dəvət etdiyi UNESCO missiyası ilə bağlı son yeniliklər haqda danışarkən deyib.
Onun szölərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin UNESCO-nun Baş direktoru Odre Azule ilə telefon danışığının davamı olaraq, son aylar ərzində Azərbaycan və YUNESKO arasında video-konfrans formatında bir sıra görüşlər keçirilib:
“2021-ci il iyunun 21-də baş tutmuş sonuncu görüş zamanı Azərbaycan tərəfi ölkəmizin UNESCO missiyasını qəbul etməyə hazır olduğunu bir daha vurğulamış və təşkilatı bu prosesi sürətləndirməyə çağırmışdır. Bu xüsusda, UNESCO missiyasının işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına və Şuşa şəhərinə səfəri ilə bağlı müzakirələr aparılmışdır.
Əlavə olaraq qeyd etmək istərdim ki, Azərbaycan tərəfi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) arasında aparılmış müzakirələr nəticəsində BMTQAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilmişdir. Azərbaycan BMTQAK missiyasını da qəbul etməyə tam hazırdır. Hal-hazırda səfərlə əlaqədar işlərin yekunlaşdırılması üçün hər iki təşkilatdan cavab gözləyirik”.