
Ukrayna Prezidenti Volodimir Zelenskinin “Azərbaycanla fəal işləyirik və qış tədarükü üçün geniş imkanlar yaradırıq” bəyanatı postsovet məkanında və ümumilikdə Avropa enerji xəritəsində diqqət çəkən yeni dinamikanın siqnalı kimi qiymətləndirilir. Belə ki, mharibə şəraitində enerji təhlükəsizliyini təmin etmək Kiyev üçün həyati əhəmiyyət daşıyır və bu kontekstdə Azərbaycanla əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi baxımdan strateji alətə çevrilir. Onu qeyd etməliyik ki, Azərbaycan qaz hasil edən ölkə olsa da, Ukraynaya fiziki olaraq birbaşa qaz nəqli boru kəməri mövcud deyil. Bu səbəbdən Kiyevin “Azərbaycandan qaz almaq” planı yalnız birbaşa hasilat tədarükü deyil, həm də elektrik, LNG, swap və ya tranzitlərlə bağlı kompleks əməkdaşlıq sxemləri deməkdir. Zelenskinin açıqlamasında Polşanın adının xüsusi çəkilməsi təsadüfi deyil. Son illərdə Polşa Mərkəzi və Şərqi Avropanın enerji şəbəkəsində vacib tranzit mərkəzlərindən birinə çevrilib. Polşa LNG terminalları, interkonnektorları və qaz saxlama gücü ilə Avropanın enerji təhlükəsizliyi üçün yeni infrastruktur yaradır. Bu baxımdan Azərbaycan qazının dəyişdirilərək və ya digər mənbələrdən alınaraq Ukraynaya çatdırılması Polşa üzərindən daha real görünür. Beləliklə, söhbət fiziki olaraq Azərbaycan qazının Ukraynaya çatdırılmasından çox, Azərbaycanın Avropanın enerji tədarük zəncirində oynadığı rolun Ukrayna üçün açdığı imkanlardan gedir.
Azərbaycan son on ildə Avropa üçün Cənub Qaz Dəhlizinin əsas iştirakçısı kimi tanınıb. 3500 kilometr uzunluğundakı bu dəhliz qitənin enerji xəritəsini dəyişdirən layihələrdən sayılır. Lakin Bakı yalnız mavi yanacağın ixracı ilə kifayətlənmir, həm də LNG, elektrik enerjisi ixracı, yaşıl enerji layihələri, swap əməliyyatları, regional enerji ticarəti üzrə yeni əməkdaşlıqlar qurur. Ukrayna ilə mümkün enerji əməkdaşlığı da bu strateji xəttin tərkib hissəsidir. Müharibə fonunda Rusiya təchizatından tam imtina edən Kiyev üçün Azərbaycan enerji sahəsində yalnız ticari tərəfdaş deyil, həm də siyasi cəhətdən etibarlı dövlət kimi qiymətləndirilir. Azərbaycanın geosiyasi mövqeyi burada xüsusi əhəmiyyət daşıyır. Bakı həm Qərblə, həm də region ölkələri ilə balanslı siyasət yürüdür, bu isə ölkəni enerji diplomatiyasında stabil tərəfdaş kimi göstərir. Zelenskidən gələn siqnal da məhz bu stabil tərəfdaşlığa ümid mesajıdır.
Ukraynanın Azərbaycandan qaz alması bir neçə texniki model üzrə həyata keçirilə bilər. Birincisi, swap mexanizmidir ki, Azərbaycan müəyyən həcmdə qazı Gürcüstan və ya Türkiyə istiqamətində təqdim edir, bunun müqabilində Avropa bazarında ekvivalent həcmdə qaz Ukraynaya yönləndirilir. Bu, ən real və iqtisadi baxımdan sərfəli variantdır. İkincisi, Azərbaycanın Avropa bazarlarında, xüsusilə Yunanıstan, Bolqarıstan, Rumıniya və ya Macarıstanda satdığı qazın müəyyən hissəsi Ukraynaya ötürülə bilər. Üçüncüsü, LNG və ya interkonnektor yolu ilə tədarükdür ki, Polşa terminalları və yeni Baltik Boru Kəməri region ölkələrinə qaz ötürmək üçün geniş imkanlar yaradır. Zelenskinin “polşalı tərəfdaşlar” deməsi böyük ehtimalla məhz bu infrastruktura işarə edir.
Müharibə Ukraynanın enerji sistemini ağır şəkildə zədələyib. Rusiyanın enerji obyektlərinə raket zərbələri ölkənin qış aylarında enerji qıtlığı riskini artırır. Bu səbəbdən Kiyev stabil və siyasi təsirdən uzaq tədarük şəbəkəsi yaratmaq, tədarük mənbələrini şaxələndirmək, Avropa infrastrukturuna daha sıx inteqrasiya olunmaq istəyir. Azərbaycan isə bu kontekstdə Kiyevin həm enerji təhlükəsizliyinə, həm də regional diplomatik dayanıqlığına töhfə verə biləcək tərəfdaş kimi görünür. Təbii ki, bu əməkdaşlıq Moskvanın diqqətindən kənarda qalmayacaq. Rusiya həm Ukraynanın enerji resurslarını nəzarətdə saxlamağa, həm də Cənubi Qafqazda təsirini qorumağa çalışır. Azərbaycanın Ukraynaya enerji yardımının artması Rusiya-Azərbaycan münasibətlərində ciddi gərginlik yaratmasa da, müəyyən geosiyasi dəyişikliklər yarada bilər. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu addım Cənubi Qafqazda Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq və regionun enerji siyasətində Bakının rolunu möhkəmləndirəcək. Zelenskinin “uzunmüddətli müqavilələrə ümid edirik” sözləri mesajın strateji mahiyyətini açır. Bu, yalnız qış mövsümünə aid operativ plan deyil, illərlə davam edəcək enerji əməkdaşlığının başlanğıc siqnalıdır. Ukrayna üçün bu, sabitlik, Azərbaycan üçün isə Avropa enerji bazarında daha güclü mövqe və siyasi dividend deməkdir.
MTM Analitik Qrup
