AZƏRBAYCAN ÜÇÜN YENİ GEOSİYASİ VƏ GEOİQTİSADİ İMKANLAR YARANIR

Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ dövlət başçısı Donald Tramp tərəfindən imzalanan bəyannamə digər məsələlərlə yanaşı,  ölkəmizin əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat dəhlizinin yaradılması prosesini də tezləşdirəcək. İndi dünya miqyasında da etiraf olunur ki, razılaşmanın ən mühüm bəndlərindən biri Ermənistan ərazisindən keçəcək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) adlı strateji dəhlizin yaradılmasıdır. Bu marşrut Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsinin başlanması üçün münbit zəmin yaradır.

Digər tərəfdən İrəvanla Bakı arasında Vaşinqtonun iştirakı ilə qəbul edilən saziş faktiki olaraq ABŞ-yə Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında mühüm vasitəçi statusu verib. Elə bu kontekstdə ilk dəfə olaraq ABŞ regionda sülhün möhkəmləndirilməsi və infrastrukturun inkişafı üçün cavabdeh olan əsas tərəfdaşlardan birinə çevrilib. Qeyd edilən məqam Vaşinqtonda əldə olunan razılaşmalarda da öz əksini tapıb. Analitiklərin fikrincə, sənədin ən mühüm elementi Ermənistanın cənub hissəsindən keçəcək və Azərbaycanın Naxçıvana birbaşa çıxışını təmin edəcək nəqliyyat marşrutunun yaradılmasıdır. Bəyannamədə regionda sülh, sabitlik və rifahı təşviq etmək məqsədilə Ermənistan və Azərbaycan arasında kommunikasiyanın ölkədaxili, ikitərəfli və beynəlxalq daşımalar üçün açılmasının vacibliyi vurğulanır. Bu kommunikasiya, sənəddə qeyd olunduğu kimi, Ermənistanın yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcək, lakin uzunmüddətli əsasda onu Amerika şirkətləri idarə edəcək.

Bundan əlavə, Vaşinqton və İrəvan Ermənistanın cənubunda birbaşa bu infrastrukturun qurulmasında və idarə olunmasında ABŞ-nin iştirakını nəzərdə tutan ayrıca memorandum imzalayıblar. Bütün bunlar prosesin məhz Azərbaycanın istədiyi məcrada  inkişafı deməkdir. TRIPP layihəsi eyni zamanda Cənubi Qafqazda geosiyasi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyə qadirdir. Buna qarşı çıxan qüvvələr isə ABŞ ilə də üz-üzə gəlməli olacaq. ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüsün dedikləri də bunun əyani təsdiqidir. O, TRIPP marşrutuna qarşı çıxanlara ölkəsi adından xəbərdarlıq edib: “Mən müəyyən hərəkətlərlə bağlı nə edə biləcəyimiz, yaxud edə bilməyəcəyimiz barədə ehtimallar irəli sürməyəcəyəm. Bütün dünya bilir ki, prezident Trampı ciddi qəbul etmək lazımdır. Bu saziş onun üçün vacibdir”. Temmi Brüs əlavə edib ki, Avropa İttifaqı, Fransa, Rusiya və Bayden administrasiyası Ermənistan və Azərbaycan arasında sülhə cəhd etsələr də, buna yalnız Tramp nail olub.

Beləliklə, proseslər Zəngəzur dəhlizinin və ya TRIPP layihəsinin yaxın tezlikdə işə düşəcəyini göstərir ki, bu da Azərbaycanın regionda mövqeyini gücləndirməklə yanaşı, iqtisadi potensialının da artmasına əlavə töhfələr verəcək. Bunu amerikalı ekspert, milli təhlükəsizlik məsələləri üzrə hüquqşünas İrina Tsukerman da təsdiq edir. Onun sözlərinə görə, Vaşinqton razılaşmaları Azərbaycanın iqtisadi potensialını gücləndirir və regional təşəbbüslərin mərkəzini Bakı istiqamətinə çəkir: “Praktiki təsir artıq Azərbaycanın infrastruktur layihələrinin investisiya cəlbediciliyinin artmasında özünü göstərir… Bu, ani qazanc deyil, Cənubi Qafqazda geoiqtisadi əlaqələrin yenidən paylanmasına səbəb ola biləcək tranzit rolunun davamlı şəkildə gücləndirilməsi üçün platformadır… Makroiqtisadi baxımdan Vaşinqton razılaşmaları kapital axınına təkan verir və çoxölçülü effekt yaradır: liman və dəmiryolu infrastrukturlarının inkişafı tikinti materiallarına, xidmətlərə və əmək qüvvəsinə tələbatı artırır, bu isə daxili əlavə dəyəri xeyli yüksəldir”. Ekspert vurğulayır ki, Azərbaycan üçün dəhliz ölkəni xammal təchizatçısından tranzit, logistika və xidmətlərin idarə olunması üzrə operator platformasına çevirməyi ifadə edir: “Bu, iqtisadi fəaliyyət sahələrinin genişlənməsi üçün imkanlar yaradır, o cümlədən anbar klasterlərinin, konteyner terminallarının, əlavə emal zonalarının və tranzit daşımaları üçün xidmətlərin yaradılmasını əhatə edir. Uzunmüddətli perspektivdə bu, dövlət büdcəsinin dayanıqlılığını artırır və neft-qaz gəlirlərindən asılılığı azaldır”. ABŞ-nin siyasi elmlər üzrə doktoru, beynəlxalq münasibətlər üzrə ekspert Ariyel Koen də bu yanaşmanı dəstəkləyir. Onun fikrincə, TRIPP geosiyasi və geoiqtisadi bir sıçrayışdır: “Zəngəzur dəhlizi Azərbaycan üçün uzun müddətdir arzuladığı Naxçıvan, Türkiyə və daha sonra Avropa ilə birbaşa quru əlaqəsini təmin edəcək. Bu, nəqliyyat xərclərinin azalması, daha sürətli çatdırılma və ticarət üzərində daha böyük nəzarət deməkdir. İxracatçılar üçün məhsulları Avropaya rəqiblərindən, hətta, bir gün əvvəl çatdırmaq böyük üstünlükdür. Bakı-Tiflis-Qars dəmir yolu kimi mövcud marşrutlarla birlikdə bu, Avropa bazarlarına istiqamətlənən Mərkəzi Asiyadan əhəmiyyətli yük axınlarını cəlb edə bilər. Daha çox qatar, daha çox məhsul və daha çox yığılan rüsumlar — bu, həcmlərə əsaslanan sərfəli biznes modelidir. Dəhliz, həmçinin Azərbaycanın artıq xarici investisiyaları cəlb etmiş Orta Dəhlizdə əsas rolunu daha da gücləndirəcək və Zəngəzur dəhlizi yaradıldıqdan sonra daha çox investisiya cəlb edəcəyinə şübhə yoxdur”.

Rumıniya Prezidentinin sabiq müşaviri Yulian Kifu bildirir ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan tərəfi üçün Naxçıvanla birbaşa əlaqənin qurulması və regionda logistika üstünlüyü əldə etmək baxımından tarixi imkandır. Onun fikrincə, TRIPP dəhlizi iqtisadi faydalardan əlavə, beynəlxalq siyasətin necə biznes imkanına çevrilə biləcəyinin bariz nümunəsidir. Beləliklə, TRIPP dəhlizi hərtərəfli baxışla region üçün dönməz əhəmiyyət daşıyır. O, uzun illər davam edən müharibə və düşmənçilik sonrası sülh münasibətlərinə doğru addımdır, infrastruktur və ticarət imkanlarını genişləndirir. Bundan əlavə, həmin marşrut geosiyasi təsir dairələrində dəyişikliklərə yol açır, həm regional, həm qlobal oyunçular üçün fürsətlər yaradır. Bu baxımdan, TRIPP yalnız bir tranzit yolu deyil, həm də Cənubi Qafqazda yeni geosiyasi və geoiqtisadi dövrün başlanğıcıdır. Zəngəzur dəhlizi təkcə ölkəmizin deyil, ümumilikdə Cənubi Qafqazın iqtisadi və siyasi xəritəsini dəyişə biləcək strateji təşəbbüslərdən biridir. Dəhlizin reallaşması Azərbaycanın regiondakı təsir dairəsini genişləndirir, qonşu və tərəfdaş ölkələrlə əlaqələri dərinləşdirir, həmçinin beynəlxalq tranzit marşrutlarında mühüm rolunu möhkəmləndirir. Coğrafi baxımdan, dəhliz Mərkəzi Asiya və Cənubi Qafqazı Avropa bazarlarına bağlayan mühüm tranzit xəttidir. Bu mövqedə olmaq Azərbaycanın regiondakı strateji əhəmiyyətini artırır və onun Şərqlə Qərb arasında əsas körpü rolunu təmin edir. Dəhliz məsələsində Azərbaycan yalnız tranzit ölkə rolunda qalmaqla kifayətlənmir, həm də regional layihələrin təşəbbüskarı və aparıcı icraçısı kimi çıxış edir. Bu, Bakının diplomatik mövqelərini möhkəmləndirir və beynəlxalq arenada nüfuzunu artırır.

TRIPP Orta Dəhliz çərçivəsində mühüm halqadır. Çin, Orta Asiya ölkələri, Avropa İttifaqı və Türkiyə üçün bu marşrut daha sürətli və təhlükəsiz alternativ təqdim edir. Beynəlxalq yükdaşımaların artması Azərbaycanın xarici ticarət əlaqələrində yeni səhifə açır və ölkəni qlobal logistika xəritəsində mühüm oyunçuya çevirir.

MTM Analitik Qrupu