AZƏRBAYCAN, TÜRKMƏNİSTAN VƏ ÖZBƏKİSTAN ARASINDA YENİ ƏMƏKDAŞLIQ FORMATI TÜRK DÜNYASINI DAHA DA GÜCLƏNDİRİR

Ötən əsrin son dekadasından etibarən,  Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri yeni şərtlər əsasında ardıcıl şəkildə inkişaf etməkdədir. Bu kontekstdə Türkmənistan və Özbəkistanla qurulan siyasi, iqtisadi, mədəni və digər istiqamətlər üzrə əlaqələr getdikcə daha da intensiv xarakter alır. Bunun əsas səbəbi region ölkələrinin ortaq tarixi, dini və mədəni köklərə, həmçinin onların enerji, nəqliyyat və logistika sahələrində bir-birini tamamlayan imkanlara malik olmalarıdır. Hazırda Azərbaycan, Türkmənistan və Özbəkistan arasında formalaşan yeni əməkdaşlıq formatı regional əməkdaşlığın strateji istiqamətlərindən biri hesab olunur. Bu format həm üçtərəfli siyasi dialoqun gücləndirilməsini, həm də praktiki layihələrin icrasını nəzərdə tutur.

Yuxarıda qeyd edilən kontekstdə Prezident İlham Əliyevin Türkmənistana səfəri, keçirdiyi görüşlər üç ölkə arasında münasibətlərin inkişafına yeni təkan verir. Türkmənistan Respublikası, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüş isə qarışılıqlı əlaqələrin dərinləşməsinin yeni yol xəritəsi kimi də qəbul olunur. Hazırda üç ölkənin digər sferalarla yanaşı, enerji və nəqliyyat müstəvsində əməkdaşlığı təkcə onların özləri üçün yox, həm də qlobal iqtisadiyyat üçün böyük önəm kəsb edir. Bunu sözügedən türk ölkələrinin özləri də nəzərə alır. Məsələ ilə bağlı Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüşdə çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib: “Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur… Yəni, üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq. Mənim qardaşlarımın qeyd etdikləri kimi, energetika sahəsində əməkdaşlıq etmək üçün gözəl imkanlar var. Bizim Türkmənistanla ənənəvi energetika əməkdaşlığımız vardır. Biz Özbəkistanla da bu sahəyə artıq qədəm qoymuşuq. Bizim dövlət neft şirkətimiz SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb, kontrakt imzalanıb. Ümid edirik ki, yaxın bir-iki il ərzində bizə gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini biz hamımız səbirsizliklə gözləyirik”.

Qeyd edilməlidir ki, dünya iqtisadiyyatında müşahidə olunan qeyri-müəyyənlik, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması və beynəlxalq nəqliyyat marşrutları uğrunda rəqabətin kəskinləşməsi Mərkəzi Asiya və Cənubi Qafqaz dövlətlərini daha sıx əməkdaşlığa sövq edir. Azərbaycan, Türkmənistan və Özbəkistan bu reallığı düzgün qiymətləndirərək qarşılıqlı inteqrasiya mexanizmlərini gücləndirməkdədirlər. Onların birgə fəaliyyətinin əsasında bir neçə strateji amil dayanır. Bura ilk növbədə  enerji resurslarından səmərəli istifadə  və enerji təhlükəsizliyi daxildir. Bəllidir ki, Türkmənistan təbii qaz ehtiyatları ilə zəngindir, Azərbaycan isə həm enerji ixracatçısı, həm də tranzit ölkə kimi çıxış edir. Bu fonda Türkmənistan təbii qazının Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına çatdırılması olduqca aktualdır. Müvafiq infrastrukturun yaradılması halında  Türkmənistan ildə 30 milyard kubmetr təbii qazı Azərbaycan üzərindən nəql edə bilər. Perspektivdə bu göstəricinin daha da artması mümkündür.

Qeyd edilməlidir ki, Türkmənistanın zəngin qaz ehtiyatlarının Xəzər dənizi üzərindən Azərbaycana, buradan isə Avropaya daşınması ilə bağlı imkanlar uzun illərdir müzakirə olunur. Artıq sözügedən istiqamətdə zəruri addımlar atılmasının vaxtı çatıb. Müvafiq layihənin reallaşması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə vermək, eyni zamanda Azərbaycan və Türkmənistanın iqtisadi gəlirlərini əhəmiyyətli dərəcədə artırmaq iqtidarındadır. Özbəkistan isə həm qaz hasilatçısı, həm də tranzit potensialına malik ölkə olaraq bu əməkdaşlıqda öz rolunu gücləndirə bilər. Eyni zamanda alternativ enerji sahəsində də ortaq layihələrin icrası diqqət mərkəzindədir. Günəş və külək enerjisi üzrə potensialın birgə istifadəsi, ixracı, yaşıl enerji istehsalında təcrübə mübadiləsi gələcəkdə mühüm nəticələr vəd edir.

Nəqliyyat-logistika imkanlarından birgə əməkdaşlıq şəraitində istifadə olunması ölkələrimizin Avrasiya miqyasında daha güclü mövqe sahibi olmasını şərtləndirən əsas faktorlar sırasında yer alır. Bu kontekstdə xüsusi vurğulanmalıdır ki,  Azərbaycan Xəzər üzərindən Avropa bazarına çıxış üçün əsas qapıdır, Türkmənistan və Özbəkistan isə Mərkəzi Asiyanın dərinliklərindən gələn yüklərin daşınmasında mühüm rola malikdirlər.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz hazırda qlobal miqyasda böyük diqqət mərkəzindədir. Çin–Avropa yükdaşımalarının əhəmiyyətli hissəsi tədricən bu dəhlizə yönəlir. İndi onun imkanlarının artırılması həm Azərbaycanın, həm də Mərkəzi Asiya ölkələrinin xüsusi maraq dairəsindədir. Ölkələrimiz elə bu istiqamətdə əməkdaşlıq miqyasını genişləndirir. Azərbaycanın Bakı-Tiflis-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Türkmənistanın Türkmənbaşı limanı və Özbəkistanın dəmir yol şəbəkəsi bu dəhlizdə mühüm yer tutur. Üç ölkənin koordinasiyalı fəaliyyəti tranzit xərclərinin azaldılmasına, yüklərin daha sürətli və təhlükəsiz daşınmasına şərait yaradır. Perspektivdə Zəngəzur dəhlizinin açılması isə sözügedən ölkələr üçün yeni imkanlar açacaq.

Ölkələrimiz arasında mədəni və tarixi yaxınlıq, ortaq türk kimliyi, sivilizasiya mirası qarşılıqlı əməkdaşlığa əlavə güc verir. Nəzərə alınmalıdır ki, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yeni əməkdaşlıq formatı yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Hər üç ölkə regional və beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir. Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan işlər, həmçinin BMT və digər beynəlxalq qurumlarda koordinasiyalı mövqelər bunun göstəricisidir. Bu həmrəylik xüsusilə regional təhlükəsizlik, suverenlik və sərhədlərin toxunulmazlığı məsələlərində böyük əhəmiyyət daşıyır.

Beləliklə, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yeni əməkdaşlıq formatı regionun strateji inkişafına xidmət edir. Enerji, nəqliyyat, logistika, mədəniyyət,  diplomatiya və digər sahələrdə atılan addımlar üç ölkənin iqtisadi potensialını reallaşdırmaqla yanaşı, onların beynəlxalq nüfuzunu da gücləndirir. Mövcud geosiyasi şəraitdə bu format yalnız iştirakçı dövlətlərin deyil, həm də bütövlükdə Avrasiya məkanının sabitliyi və inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Ortaq maraqlara əsaslanan əməkdaşlıq gələcəkdə daha böyük regional inteqrasiyaya yol açmaq, türk dünyasının mövqeyini gücləndirmək, Azərbaycan, Türkmənistan və Özbəkistanı həm iqtisadi, həm də siyasi baxımdan daha güclü tərəfdaşlara çevirmək iqtidarındadır. Bundan isə ilk növbədə bütün türk dünyası faydalanacaq.

MTM Analitik Qrup