AZƏRBAYCAN-TÜRKMƏNİSTAN MÜNASİBƏTLƏRİNDƏ YENİ MƏRHƏLƏ

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri iki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilməlidir. Səfər çərçivəsində Berdiməhəmmədovun Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar apardıqdan sonra işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər edəcəyi gözlənilir. Bu addım təkcə diplomatik və protokol səviyyəsində deyil, həm də dərin tarixi, iqtisadi və geosiyasi kontekstlərdə şərh oluna bilər. Belə ki, Azərbaycanla Türkmənistan arasında əlaqələr ortaq tarix, din, dil və mədəni dəyərlərə əsaslanır. Hər iki ölkə türkdilli xalqlar qrupuna aiddir və bu mənada onlar arasındakı münasibətlər yalnız siyasi deyil, eyni zamanda mədəni-ideoloji yaxınlıq zəminində inkişaf edir. 1991-ci ildə müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlər qurulub. Sonrakı dövrlərdə tərəflər öz münasibətlərini qarşılıqlı etimada əsaslanan bərabərhüquqlu əməkdaşlıq üzərində qurublar. Bu dövrdə Xəzərin karbohidrogen resurslarının istismarı ilə baxğlı tərəflər arasında müəyyən problemlər müşahidə edilib. Lakin əsas dönüş nöqtəsi 2021-ci ilin yanvarında Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində yerləşən və illərlə mübahisə mövzusu olan “Dostluq” yatağının birgə istismarı barədə əldə olunan razılaşma ilə meydana gəldi. Bu, iki ölkənin enerji siyasətində həmrəylik nümayişi olmaqla yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında körpü rolunun formalaşmasında da əhəmiyyətli addım idi.

Azərbaycan-Türkmənistan münasibətlərində enerji sektoru xüsusi yer tutur. Türkmənistan dünyanın ən böyük təbii qaz ehtiyatlarına sahib ölkələrindən biridir, Azərbaycan isə regional enerji dəhlizlərinin əsas oyunçularından biri kimi çıxış edir. “Dostluq” yatağının birgə işlənməsi gələcəkdə iki ölkənin enerji ixrac siyasətində koordinasiyanın dərinləşdirilməsi üçün zəmin yaradır. Bu kontekstdə Transxəzər qaz kəməri layihəsi yenidən aktuallaşır və Avropaya alternativ enerji marşrutlarının axtarıldığı bir dövrdə Azərbaycan-Türkmənistan əməkdaşlığı mühüm geosiyasi rola malikdir. Nəqliyyat sektorunda isə Orta Dəhliz, yəni Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa xətti üzrə yükdaşımalar Türkmənistan üçün strateji əhəmiyyət kəsb edir. Türkmənistanın liman infrastrukturu, xüsusilə Türkmənbaşı limanı ilə Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq artdıqca, iki ölkə Xəzər regionunda logistika mərkəzinə çevrilə bilər. Ticarət dövriyyəsi baxımından hələ də ciddi potensial var. Ərzaq məhsulları, tikinti materialları, tekstil və digər məhsullar üzrə ticarətin həcminin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və ortaq sərgi-ticarət platformalarının yaradılması yaxın gələcəyin prioritetlərindəndir.

Azərbaycan və Türkmənistan Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlıq edirlər. Bu platforma son illərdə yalnız mədəni deyil, real geosiyasi təsir gücünə malik quruma çevrilməkdədir. Türkmənistanın bu təşkilatda müşahidəçi statusuna baxmayaraq, son zamanlar aktiv iştirakçılıq göstərməsi, Azərbaycanın isə təşkilatda lider mövqeyini möhkəmləndirməsi iki ölkə arasında çoxtərəfli platformalarda da əlaqələrin dərinləşməsinə şərait yaradır. Həmçinin, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT və Qoşulmama Hərəkatı çərçivəsində Bakı və Aşqabadın qarşılıqlı dəstəyi onların beynəlxalq aləmdə bir-birinin maraqlarını nəzərə alan xarici siyasət yürütməsinin göstəricisidir.

Qurbanqulu Berdiməhəmmədovun səfər proqramına Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərinin də daxil edilməsi xüsusi rəmzi məna daşıyır. Bu, bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyünə dəstəyin nümayişidir, digər tərəfdən isə yeni bərpa olunan bölgələrin beynəlxalq əməkdaşlıq üçün açıq olduğuna dair mesajdır. Türkmənistan bu bölgədə investisiya və infrastruktura dəstək verə biləcək ölkələrdən biridir. Eyni zamanda, bu səfər Azərbaycanla Türkmənistan arasında yalnız iqtisadi deyil, həm də humanitar və dini-mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinə yol aça bilər. Hər iki ölkənin dövlətçilik fəlsəfəsində milli-mənəvi dəyərlər xüsusi yer tutur. Bu isə ümumtürk mədəniyyətinin inkişafı, ortaq televiziya layihələri, elmi konfranslar və təhsil mübadiləsi kimi təşəbbüslərə imkan yaradır. Ona görə də Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri ikitərəfli münasibətlərdə yeni səhifə açacaq. Bu səfər təkcə keçmişin hörmətlə yad olunması deyil, həm də gələcəyin birgə qurulması üçün atılan səmərəli addımdır.

MTM Analitik Qrup