AZƏRBAYCAN-TÜRKMƏNİSTAN ƏLAQƏLƏRİ STRATEJİ TƏRƏFDAŞLIQ SƏVİYYƏSİNƏ YÜKSƏLİR

Çoxvektorlu xarici siyasət yürüdən Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində son illərdə dinamizmin və intensivliyin artması müşahidə edilir. Rəsmi Bakı mövcud imkanlardan bəhrələnərək bölgədə tranzit potensialını möhkəmləndirməyə, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağı rolunu oynamağa çalışır.

Azərbaycanla Türkmənistan arasında münasibətlərdə müşahidə edilən yüksək dinamika hər iki türkdilli ölkənin yeni geosiyasi çağırışlara adekvat şəkildə sıx əməkdaşlıq etmək əzmini nümayiş etdirir. Prezident İlham Əliyevin Türkmənistana bu gün başlayan işgüzar səfəri iki ölkə arasındakı əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Dövlət başçılarının qarşılıqlı səfərləri, Aşqabadda və Bakıda aparılan müzakirələr, əldə olunan razılaşmalar ikitərəfli münasibətlər üçün bir növ strateji yol xəritəsi rolunu oynayır.

Ölkələrimiz arasında əlaqələrin tarixi qədim köklərə gedib çıxır. Hər iki xalq ortaq etnik köklərə, oxşar mədəniyyətə, dil və dinə malikdir. Keçmiş ittifaqın süqutundan sonra ikitərəfli əlaqələr yeni formatda inkişaf etməyə başlayıb. 1992-ci ildən etibarən diplomatik münasibətlərin qurulması, səfirliklərin fəaliyyətə başlaması əməkdaşlığın institusional əsaslarını təmin edib.

İkitərəfli münasibətlərin intensivləşməsi xüsusilə son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri fonunda özünü qabarıq biruzə verir. 2025-ci ilin iyulunda Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana işgüzar səfəri, ilk dəfə azad olunmuş ərazilərə getməsi, abadlıq-quruculuq işləri ilə yaxından tanış olması ikitərəfli əlaqələrdə etimadın daha da güclənməsinin əyani təsdiqi olub. Bu səfər həm də Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstəyinin nümayişi olub.

Son illərdə enerji sektoru iki ölkə arasında əməkdaşlığın prioritet istiqamətlərindən birinə çevrilib. 2018-ci ilin avqust ayında Xəzər dənizinin hüquqi statusuna dair imzalanmış tarixi Konvensiya iki ölkə arasında əməkdaşlıq imkanlarını xeyli dərəcədə genişləndirib. 2021-ci ilin yanvar ayında Aşqabadda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” iki ölkə arasında münasibətlərdəki ziddiyyət və anlaşılmazlıqları tam aradan qaldırıb. Bununla da “Kəpəz” yatağının hansı ölkəyə məxsus olması ilə əlaqədar uzun illər davam edən mübahisəyə və soyuqluğa son qoyulub. “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı əldə olunan razılaşma həm iqtisadi, həm də siyasi baxımdan ikitərəfli etimadın mühüm göstəricisinə çevrilib.

Avropaya mavi yanacaq ixracı üçün Cənub Qaz Dəhlizindən istifadə perspektivi, o cümlədən Transxəzər qaz kəməri layihəsi Türkmənistan üçün geniş şaxələndirmə imkanları açıb. Bu, hazırda Çin bazarından xeyli dərəcədə asılı olan Türkmənistan üçün strateji əhəmiyyətə malik məsələdir. Xatırladaq ki, 2021-ci ildə Türkmənistan qazının İrandan tranzit olunaraq Azərbaycana ötürülməsinə dair imzalanmış üçtərəfli saziş regionda enerji əməkdaşlığının yeni mərhələsini təmin edib. Bu razılaşmaya əsasən, Türkmənistan qazı mübadilə (“swap” mexanizmi) əsasında İrana ötürülür, İran isə eyni həcmdə qazı qərb sərhədindən Azərbaycana çatdırır. Beləliklə, hər üç ölkə qarşılıqlı maraqlara cavab verən, praqmatik və çevik enerji modelini tətbiq etməyə başlayıb. Qeyd edilən saziş Türkmənistan üçün ixrac marşrutlarının diversifikasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və İran üzərindən həyata keçirilən bu mexanizm Türkmənistan üçün alternativ bazarlara çıxış imkanı deməkdir.

Enerji sektoru ilə yanaşı, nəqliyyat-logistika sahəsində də əməkdaşlıq perspektivləri genişdir. Bakı-Türkmənbaşı marşrutu üzrə konteyner daşımalarının son illərdə artması, Lapis-Lazuli dəhlizinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu infrastrukturu hər iki ölkəni regional nəqliyyat qovşaqlarına çevirir. Xəzər üzərindən keçən marşrutlar Türkmənistanın mallarının Türkiyə və Avropaya, eyni zamanda əks istiqamətdə daşınması üçün əlverişli imkanlar yaradır. Orta Dəhliz yüklərin daşınma müddətini iki həftəyə qədər endirməklə, Azərbaycan və Türkmənistanın əməkdaşlığı üçün yaxşı imkanlar açır.

İkitərəfli əlaqələrin iqtisadi sahədə də sürətli inkişafı müşahidə edilir. 2024-cü ildə 383 milyon ABŞ dolları təşkil edən ticarət dövriyyəsi bunu bir daha təsdiqləyir. Tərəflər mövcud iqtisadi potensialdan daha səmərəli şəkildə istifadə etməkdə maraqlı olduqlarını bəyan edirlər.

Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) fəal üzvü kimi Türkmənistanın bu qurumda rəsmi üzv statusu ilə təmsil olunmasında maraqlıdır. Bu, münasibətlərin təkcə ikitərəfli müstəvidə deyil, həm də çoxtərəfli formada inkişafına zəmin yarada bilər.

MTM Analitik Qrup