
Türkiyənin paytaxtı Ankarada keçirilən Beynəlxalq Mədəniyyət Günü Festivalında Azərbaycan da təmsil olunub.
Hacettepe Universitetində keçirilən festivalda Azərbaycan, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Əlcəzair,
İndoneziya, Banqladeş, Qırğızıstan, Efiopiya, Çad, İordaniya, Liviya və s. ölkələr öz milli mədəniyyətlərini və mətbəxlərinə dair stend təqdim
ediblər.
Festivalda ölkəmizi Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.
Tədbir çərçivəsində Azərbaycan stendi qurulub. Stenddə Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyətinə dair nəşrlər, Heydər Əliyev Fondunun
layihəsi ilə işıq üzü görən kitablar, milli mədəniyyətimizə dair suvenirlər, xalça və kəlağayılar nümayiş etdirilib.
Festival iştirakçıları Azərbaycan mətbəxinin təamlarına, habelə milli şirniyyatlarımıza qonaq ediliblər.
Festivalında Türkiyə və iştirakçı ölkələrin musiqi və rəqs qruplarının çıxışları maraqla qarşılanıb. Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Xəzər” rəqs ansamblı milli rəqslərimizi ifa edib.
Azərbaycan stendində qonaqlar milli mədəniyyətimizə dair suvenirlərlə, nəşrlərlə tanış olub, onlara Azərbaycan, onun zəngin
mədəniyyəti haqqında məlumat verilib və onlar milli şirniyyatlarımıza qonaq ediliblər.
