Türkiyənin Ankara şəhərində 16-cı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib.
Müdafiə Nazirliyindən bildirilib ki, tədbirdə iştirak etmək məqsədilə Türkiyəyə səfər edən Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 18-də Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin parkın ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq hörmət və ehtiram nümayiş etdirilib.
Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edən Azərbaycan nümayəndə heyəti, onun məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Nümayəndə heyətimizi ölkəmizin Türkiyədəki səfirliyinin və hərbi attaşelik aparatının əməkdaşları müşayiət ediblər.
Daha sonra Baş direktor A.Qurbanov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.
Görüşlərdə mövcud dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığa müsbət təsiri xüsusi qeyd edilib, icra olunan qarşılıqlı fəaliyyətlərin bundan sonra da intensivləşəcəyinə əminlik ifadə olunub.
Səfər zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş müzakirələr aparılıb.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının açılış mərasimi olub, həmçinin Alt İşçi Qrupların iclasları keçirilib.