AZƏRBAYCAN, TÜRKİYƏ VƏ PAKİSTAN GÜCLÜ İTTİFAQIN ƏSASINI QOYDU

2021-ci ildə Bakıda parlament sədrlərinin imzaladığı bəyannamə ilə Azərbaycan, Türkiyə və Pakistan güclü ittifaqın təməlini qoymuşdu. Bəyannamədə terror hücumları, kiber hücumlar və dezinformasiya kampaniyalarına qarşı birgə mübarizə, hibrid müharibələrə və İslamofobiyaya qarşı tədbirlər, regional və qlobal mövzularda əməkdaşlıq kimi məsələlər əhatə olunurdu.

Üç il sonra, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş Naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Astanada ilk üçtərəfli zirvə görüşü keçirildi. Bu zirvə tarixi əhəmiyyətə malik idi və ölkələr dövlət səviyyəsində güclü ittifaq yaratdıqlarını bəyan etdilər. Azərbaycanın xarici siyasəti üçün bu, böyük bir uğur olaraq qiymətləndirilirdi.

Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarixi köklərə malikdir. 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin dəstəyi Azərbaycanın qələbəsində mühüm rol oynadı. Lakin beynəlxalq ictimaiyyəti ən çox təəccübləndirən Pakistanın Azərbaycana verdiyi dəstək idi. Pakistanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıması və uzun illər Ermənistanı tanımaması, iki ölkə arasında möhkəm dostluq bağlarının formalaşmasında mühüm rol oynadı. 1993-cü ildə Pakistanın sədrliyi ilə BMT Təhlükəsizlik Şurasında Azərbaycanın ərazi bütövlüyünü tələb edən 822 saylı qətnamə qəbul edildi. Azərbaycan isə Kəşmir məsələsində hər zaman Pakistana dəstək verib.

Ulu Öndər Heydər Əliyevin Pakistana səfərləri və ikitərəfli görüşlər Azərbaycan və Pakistan arasında yeni əməkdaşlıq dövrü başlatdı. Pakistanın Qarabağın işğaldan azad olunmasında hərbi yardım göstərəcəyi ilə bağlı verdiyi bəyanatlar Azərbaycan xalqında Pakistana böyük sevgi yaratdı. Bu dövrdə hərbi sahədə əməkdaşlıq gücləndi. 250 milyon əhalisi olan Pakistan dünyada nüvə arsenalına malik yeganə müsəlman dövləti olaraq Azərbaycanla hərbi, hərbi-sənaye sahəsindəki əməkdaşlığı genişləndirdi. Astanada keçirilən üçtərəfli görüşdə müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq da müzakirə edilib. Azərbaycan Türkiyə ilə “Şuşa bəyannaməsi” çərçivəsində hərbi əlaqələrini dərinləşdirdiyi kimi, Pakistanla da eyni məzmunu formalaşdırmağa çalışır.

Pakistanın Orta Dəhlizdən yararlanma istəyi Azərbaycan və Türkiyə tərəfindən dəstəklənir. Azərbaycanın fəal diplomatiyası və regional səyləri nəticəsində Orta Dəhlizin açılması və bu dəhlizin imkanlarından Pakistanın faydalanması məqsədilə geniş əməkdaşlıq davam edir. Beləliklə, Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan bu güclü ittifaq regional və qlobal səviyyədə sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir.

MTM Analitik Qrup