
Müasir beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin yaranması, regional əməkdaşlıq formatlarının genişlənməsi və dövlətlərin strateji müttəfiqliklər qurmaq meyilləri özünü qabarıq şəkildə göstərir. Bu kontekstdə Azərbaycan, Türkiyə və Pakistanın son illərdə siyasi, hərbi və iqtisadi əməkdaşlıq əsasında yaxınlaşması dünya siyasətində mühüm bir fenomen kimi qiymətləndirilir. Burada həm ikitərəfli əlaqələrin dərinləşdirilməsi, həm də üçtərəfli ittifaq formasında institusional əməkdaşlığın qurulmasından söhbət gedir.
Azərbaycan, Türkiyə və Pakistan arasında münasibətlərin tarixi dərin köklərə malikdir. Türkiyə və Pakistan müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər, Qarabağ məsələsində daim ölkəmizin yanında olublar. Pakistan bu gün də Ermənistanı tanımayan dövlət olaraq Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir. İki ölkə arasında diplomatik təmasların başlanması barədə qərar bu yaxınlarda qəbul edilib və bu, Azərbaycanın razılığı ilə mümkün olub. Türkiyə isə “bir millət, iki dövlət” prinsipi əsasında Azərbaycanla bütün sahələrdə qardaşlıq münasibətləri qurub. Öz növbəsində Azərbaycan da hər iki ölkəyə bütün məsələlərdə dəstək verir. Bu tarixi, dini və mədəni yaxınlıq, eləcə də ortaq maraqlar üç ölkə arasında strateji ittifaq üçün möhkəm zəmin yaradır.
Azərbaycan–Türkiyə–Pakistan ittifaqı ilk növbədə siyasi platforma üzərində inkişaf edir. Üç ölkə beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini müdafiə edir, BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi qurumlarda qarşılıqlı dəstək göstərirlər. Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbə zamanı Türkiyə və Pakistanın siyasi dəstəyi bu əməkdaşlığın konkret nəticələrini nümayiş etdirdi. Həmçinin üç ölkə separatizmə, terrorizmə və qeyri-qanuni silahlanmaya qarşı vahid mövqedən çıxış edir.
İttifaqın ən mühüm aspektlərindən biri hərbi əməkdaşlıqdır. Son illərdə Azərbaycan, Türkiyə və Pakistanın birgə hərbi təlimlər keçirməsi, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi aparması xüsusi əhəmiyyət daşıyır. Türkiyənin inkişaf etmiş hərbi sənayesi və Pakistanın nüvə gücü bu ittifaqa strateji üstünlüklər qazandırır. Azərbaycan isə müasir ordu quruculuğu təcrübəsi və regiondakı strateji mövqeyi ilə bu birliyi gücləndirir. Bu əməkdaşlıq həm də üç ölkənin milli təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verir.
Azərbaycan–Türkiyə–Pakistan birliyi yalnız hərbi-siyasi müstəvidə deyil, iqtisadi və enerji əməkdaşlığında da böyük perspektivlər açır. Azərbaycanın zəngin enerji resursları, Türkiyənin qlobal enerji tranzit ölkəsi kimi rolu və Pakistanın geniş bazar potensialı bir-birini tamamlayır. Üstəlik, üç ölkə arasında ticarət dövriyyəsinin artırılması və nəqliyyat dəhlizlərinin inkişafı Orta Dəhliz və Cənub–Cənub əməkdaşlığı kontekstində mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, müasir dünya siyasətində Azərbaycan–Türkiyə–Pakistan birliyi regional güc mərkəzi kimi çıxış edir. Azərbaycan Cənubi Qafqazın strateji oyunçusudur, Türkiyə NATO üzvü olaraq Qərblə Şərqi birləşdirən körpü rolunu oynayır, Pakistan isə Cənubi Asiyanın əsas dövlətlərindən biri və nüvə silahına sahib ölkədir. Bu üçlüyün əməkdaşlığı Avrasiya geosiyasətində yeni reallıqlar yaradır. İttifaq həm Qafqazda, həm Yaxın Şərqdə, həm də Cənubi Asiyada sabitlik və balans amili kimi dəyərləndirilir.
Azərbaycan–Türkiyə–Pakistan əməkdaşlığı böyük güclərin maraqlarına da təsir göstərir. ABŞ və Avropa İttifaqı bu ittifaqı regional sabitlik və enerji təhlükəsizliyi baxımından müsbət qiymətləndirə bilər. Digər tərəfdən, Çin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində üç ölkənin əməkdaşlığını dəstəkləməkdə maraqlıdır.
Diqqət çəkən məqamlardan biri də ABŞ-ın Azərbaycan, Türkiyə və Pakistanla münasibətlərini daha da dərinləşdirmək istəyi ilə bağlıdır. Azərbaycan və Türkiyə prezidentlərinin, Pakistan Baş nazirinin ABŞ-a son səfərləri və əldə edilən razılaşmalar bunun təzahürü kimi qiymətləndirilir.
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Vaşinqtonun çoxdankı müttəfiqi Pakistanla yaxınlaşmaq zəruridir. Onun iki ölkə arasında təmasları intensivləşdirmək cəhdləri ABŞ–Hindistan münasibətlərindəki soyuqluq fonunda baş verir. Xüsusilə ABŞ Prezidentinin Hindistan mallarına rüsumları artırması və rəsmi Dehlidən Rusiya neftinin alınmasını dayandırmağı tələb etməsi Ağ Evin Pakistan siyasətini dəyişdirib. ABŞ Pakistanın mis və nadir torpaq metalları da daxil olmaqla böyüyən mədən sektoruna 500 milyon dollar sərmayə yatırmaq niyyətindədir.
Çin də Azərbaycan–Türkiyə–Pakistan ittifaqına xüsusi maraq göstərir. ABŞ və Çinin yanaşmaları fonunda proseslərin gedişi göstərir ki, bu üçtərəfli ittifaq müasir dünya siyasətində mühüm geosiyasi formatlardan birinə çevrilib. Bu əməkdaşlıq hərbi-siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə böyük perspektivlər vəd edir. Tarixi dostluq, ortaq maraqlar və strateji imkanların bir-birini tamamlaması üç ölkənin beynəlxalq aləmdə mövqeyini daha da gücləndirir. Perspektivdə bu birliyin yeni qlobal güc balanslarının formalaşmasında mühüm rol oynayacağı da istisna olunmur.
MTM Analitik Qrupu