
Azərbaycan Silahlı Qüvvələrinin ardıcıl şəkildə modernləşdirilməsi, müasir hərbi idarəetmə modellərinin, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi İkinci Vətən müharibəsindən sonrakı mərhələdə də milli təhlükəsizlik siyasətinin əsas prioritetləri sırasında qalır. Müharibədən sonra formalaşan yeni geosiyasi və hərbi reallıqlar Azərbaycanın müdafiə potensialının daha da gücləndirilməsini zəruri edir. Bu kontekstdə Bakıda keçirilən 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının nəticələri iki qardaş ölkə arasında strateji müttəfiqliyin dərinləşdiyini bir daha nümayiş etdirir.
Tədbir çərçivəsində Müdafiə Nazirliyinin müxtəlif strukturlarında, eləcə də Milli Müdafiə Universitetində baş tutan görüşlərdə hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil, kadr hazırlığı, birgə təlimlərin təşkili və əməliyyat imkanlarının uzlaşdırılması məsələləri ətraflı müzakirə olunub. Tərəflər mövcud əməkdaşlıq mexanizmlərinin səmərəliliyinin artırılması ilə kifayətlənməyərək, qarşılıqlı fəaliyyətin institusional əsaslarının möhkəmləndirilməsi və uzunmüddətli fəaliyyət planlarının razılaşdırılması istiqamətində prinsipial mövqe ortaya qoyublar. Eyni zamanda, regional və beynəlxalq təhlükəsizlik mühiti ilə bağlı geniş fikir mübadiləsi aparılıb ki, bu da dialoqun strateji xarakter daşıdığını təsdiqləyir.
Azərbaycan İkinci Qarabağ müharibəsində və 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirlərindən sonra əldə etdiyi hərbi-siyasi üstünlüklərlə arxayınlaşmayıb. Əksinə, rəsmi Bakı postmünaqişə dövründə milli müdafiə və təhlükəsizlik sahəsində daha çevik, daha sistemli və uzunmüddətli yanaşmanı zəruri hesab edir. 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış Yekun Sülh Sazişi ilə “Qarabağ münaqişəsi” anlayışı hüquqi və siyasi müstəvidə birdəfəlik tarixə qovuşsa da, Ermənistan cəmiyyətində və siyasi mühitində hələ də mövcud olan revanşist meyillər Azərbaycanın hərbi hazırlıq səviyyəsini yüksək saxlamasını zəruri edir. Danışıqlar prosesinin milli maraqlar çərçivəsində aparılması üçün hərbi-siyasi təzyiq alətləri aktual olaraq qalır.
Bu yanaşma konkret olaraq Azərbaycanın müdafiə büdcəsində də aydın şəkildə görünür. Gələn il üçün müdafiə və təhlükəsizlik xərclərinə 8 milyard 714,8 milyon manat vəsaitin ayrılması planlaşdırılır ki, bu da Ermənistanın analoji göstəricilərini üç dəfədən artıq üstələyir. Rəsmi İrəvanın hərbi xərcləri azaltmaq niyyətini açıq şəkildə etiraf etməsi də, əslində, uzun illər yürüdülən militarizasiya siyasətinin iflasa uğradığını göstərir.
Bununla belə, Ermənistanın Avropa İttifaqı ilə hərbi əməkdaşlıq istiqamətində atdığı addımlar Bakıda diqqətlə izlənilir. “Müşahidə missiyası” adı altında Avropa hərbi kontingentinin bu ölkədə qalma müddətinin uzadılması, habelə “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana növbəti dəfə 10 milyon avro məbləğində hərbi yardımın ayrılması regional etimad mühitinə mənfi təsir göstərir. Üstəlik, parlament seçkiləri ərəfəsində Ermənistandakı radikal-revanşist qüvvələrin fəallaşması sülh prosesinə risklər yaradır və Azərbaycanı qabaqlayıcı, preventiv tədbirlər görməyə vadar edir.
Məhz bu reallıqlar fonunda Azərbaycanın beynəlxalq hərbi əməkdaşlıq xəttinin genişləndirilməsi və Ordunun modernləşdirilməsi prosesi xüsusi aktuallıq kəsb edir. Son illərdə rəsmi Bakı yalnız Türkiyə ilə deyil, İsrail, Pakistan, Gürcüstan, Özbəkistan və İtaliya kimi ölkələrlə hərbi əməkdaşlığı intensivləşdirib, mühüm sazişlər imzalayıb. Bu əməkdaşlıq həm texnoloji üstünlüklərin əldə olunmasına, həm də peşəkar ordu quruculuğunun sürətlənməsinə xidmət edir.
Xüsusilə İsrail və Türkiyə ilə hərbi-texniki əməkdaşlıq Azərbaycanın müdafiə imkanlarının keyfiyyətcə yeni mərhələyə yüksəlməsində mühüm rol oynayır. Müasir döyüş əməliyyatlarının taleyini müəyyən edən pilotsuz uçan aparatlarının, yüksək dəqiqlikli silah sistemlərinin, 5-ci nəsil hərbi texnologiyaların əldə olunması Azərbaycan Ordusunun çevikliyini və əməliyyat üstünlüyünü əhəmiyyətli dərəcədə artırır.
Azərbaycanın NATO və alyans üzvü olan ölkələrlə əməkdaşlığı da paralel şəkildə inkişaf etdirilir. Son aylarda Azərbaycan-NATO siyasi dialoqunun intensivləşməsi, təşkilat rəhbərliyinin Bakıya səfərləri və Brüsseldə keçirilən görüşlər alyansın regionda artan rolunu və Azərbaycana göstərilən diqqəti aydın şəkildə nümayiş etdirir. Bu proses, eyni zamanda, ölkəmizlə ABŞ və Avropa İttifaqı arasında münasibətlərin normallaşması fonunda daha da intensivləşib.
Bütün bu proseslərin mərkəzində isə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi dayanır. Regional təhlükəsizlik çağırışları, Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi zərurəti iki qardaş ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsini qaçılmaz edir. Türkiyənin güclü orduya, inkişaf etmiş müdafiə sənayesinə və NATO təcrübəsinə malik olması Azərbaycan üçün mühüm strateji üstünlükdür. Hərbi kadrların hazırlanması, təhsil proqramlarının uyğunlaşdırılması, birgə təlimlərin keçirilməsi bu əməkdaşlığın praktiki nəticələridir.
Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Azərbaycan Ordusunda Türkiyə Silahlı Qüvvələrinin strukturuna uyğun islahatların aparılması, komando tipli hərbi hissələrin yaradılması, peşəkar ordu modelinə keçid postmünaqişə dövrünün əsas prioritetlərini formalaşdırır. Bu addımlar yalnız Azərbaycanın müdafiə qabiliyyətini gücləndirmir, eyni zamanda regionda güc balansını və sabitliyi təmin edən ciddi strateji mesaj xarakteri daşıyır.
MTM Analitik Qrup
