AZƏRBAYCAN-TÜRKİYƏ-GÜRCÜSTAN ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIĞA GEOSİYASİ ÇAĞIRIŞLARA ƏSASLANIR

Son illərdə Cənubi Qafqaz regionunda yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycanın Türkiyə və Gürcüstanla həm ikitərəfli, həm də üçtərəfli təmasları güclənib. Üç ölkənin xarici işlər nazirlərinin mütəmadi görüşləri yeni mərhələdə üçtərəfli əməkdaşlığın yeni konturlarının müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Hələ 2024-cü ilin mart ayında Azərbaycan, Türkiyə və Gürcüstan arasında imzalanmış Bakı bəyannaməsində əməkdaşlığın mühüm istiqamətləri və hədəfləri qeyd olunub.

Fevralın 26-da Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Maka Boçorişvili və Hakan Fidanın görüşü zamanı bir daha üçtərəfli strateji tərəfdaşlıq platformasının əhəmiyyətinə xüsusi diqqət yetirilib, XİN rəhbərlərinin növbəti görüşünün Türkiyədə keçiriləcəyi açıqlanıb.

Son 30 ildə Azərbaycanın Türkiyə və Gürcüstanla əlaqələri yüksələn xətlə inkişaf edərək, bir sıra transmilli layihələrin reallaşmasına zəmin yaradıb. Üç ölkənin dövlət qurumları, o cümlədən müdafiə və xarici işlər nazirlikləri arasında qurulan səmərəli münasibətlər regional və beynəlxalq əməkdaşlıq, habelə qlobal təhlükəsizlik baxımından mühüm nəticələr verib. Ölkələrimiz arasında yüksək səviyyəli təmasların intensivləşməsi, qarşılıqlı səfərlər Azərbaycan, Türkiyə və Gürcüstanın Cənubi Qafqaz regionunda reallaşdırılan, transmilli əhəmiyyətə malik layihələrin əsas təşəbbüskarları və icraçıları olması ilə şərtlənir.

Münasibətlərimizin tarixi zəminə söykənməsi – coğrafi mövqe yaxınlığı, həmsərhəd ölkə olmaları, birgə reallaşdırdıqları layihələr, mədəni-humanitar əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq üçtərəfli əlaqələrin strateji xarakter almasını təmin edib. Hazırda hər üç ölkənin birgə həyata keçirdikləri enerji və kommunikasiya layihələri – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP neft-qaz layihələri Avropa İttifaqı ölkələri üçün də müstəsna əhəmiyyətə malikdir. Yalnız onu demək kifayətdir ki, Gürcüstan və Türkiyə ilə  tranzit əməkdaşlığı nəticəsində Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir.

İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakı Cənubi Qafqaz ölkələri arasında etibarlı sülhün, əməkdaşlığın və etimad mühitinin geosiyasi reallıqlarla şərtləndiyini, bölgədə münaqişə səhifəsinin birdəfəlik qapadılması vacibliyini dəfələrlə bəyan edib. Cənubi Qafqazın üç ölkəsi, həmçinin Türkiyə, Rusiya və İrandan ibarət “3+3” əməkdaşlıq platformasının yaradılması ideyası da məhz bu məqsədə xidmət edir.

Region ölkələrinin iştirakı ilə müxtəlif formatlı əməkdaşlıq təşəbbüsləri irəli sürülsə də, əsassız iddialarından əl çəkməyən Ermənistan prosesi bu gün də əngəlləmək mövqeyi tutub. Uzun illər ərzində bütün “planlarını” işğalçılıq marağı üzərində kökləyən Ermənistan regionda reallaşdırılan qlobal layihələrdə iştirak imkanından məhrum olub, strateji əhəmiyyətli müəssisələrini digər ölkələrə satmağa məcbur qalıb. Azərbaycanla yekun sülhün əldə olunmaması Ermənistanı bu gün də özünütəcrid vəziyyətində saxlayır, mühüm iqtisadi dividendlərdən məhrum edir.  Cənubi Qafqazda dalana çevrilən Ermənistandan fərqli olaraq, Azərbaycan, Gürcüstan və Türkiyənin  üçtərəfli əməkdaşlığı, reallaşdırdığı birgə layihələr dünyanın işgüzar dairələrinin maraq dairəsindədir.

Yeni geosiyasi arxitektura fonunda Orta Asiya və Cənubi Qafqaz regionlarının iştirakı ilə rentabelli nəqliyyat-kommunikasiya zəncirinin formalaşdırılması təşəbbüsləri də beynəlxalq səviyyədə ciddi dəstək alır. Qərbin genişmiqyaslı sanksiyaları Rusiyanın Avropa İttifaqı ilə Çin arasında quru əsaslı ticarət əlaqələrində tranzit dövlət kimi əhəmiyyətini məhdudlaşdırıb. Bu kontekstdə Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) dəmir yolu ticarəti üçün potensial alternativ marşrut kimi bir çox  ölkə və şirkətlərin maraq dairəsindədir. 2014-cü ildə Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılan Orta Dəhliz layihəsi Türkiyə tərəfindən də ciddi dəstək alır. Son illərdə  Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyənin xarici işlər, nəqliyyat və kommunikasiya nazirləri səviyyəsində görüşlər keçirilib və yol xəritəsi hazırlanıb. “2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair Yol Xəritəsi”nin səmərəli reallaşdırılması fonunda logistika xidmətlərinin təkmilləşdirilməsi, vahid nəqliyyat operatorlarının yaradılması, texniki və tarif şərtlərinin modernləşdirilməsi, inzibati maneələrin aradan qaldırılması, qapalı logistik dövriyyənin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.

2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti də hazırda Orta Dəhliz layihəsinin vacib nəqliyyat arteriyası kimi çıxış edir. Bu dəmir yolu xəttinin imkanlarının genişləndirilməsi üçün Azərbaycanın dövlət büdcəsindən 100 milyon dollar vəsait ayrılıb. Həmin vəsait hesabına yolun illik yükötürmə qabiliyyətinin 1 milyon tondan 5 milyon tona çatdırılması nəzərdə tutulur və bu da Orta Dəhliz vasitəsilə daha çox yükün daşınmasına imkan verəcək.

Azərbaycan, Türkiyə və Gürcüstan hazırda hərbi-texniki sahədə də sıx əməkdaşlıq edirlər. 2024-cü ilin sentyabr ayında Gürcüstanın Batumi şəhərində üç ölkənin müdafiə nazirlərinin 11-ci görüşü bu baxımdan mühüm nəticələrlə yadda qalıb. Üçtərəfli görüşdə müasir dövrün çağırışları, eləcə də regionun təhlükəsizliyinə təhdid yarada biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsi vacibliyi qeyd edilib.

Bölgədəki vəziyyətin doğurduğu aktual çağırışlar strateji tərəfdaşlar olan Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini zərurətə çevirir. Sabitliyə, sülhə və iqtisadi inteqrasiyaya xidmət edən qlobal layihələri birgə reallaşdıran hər üç ölkə postmüharibə dövrünün sülhyaratma proseslərinə fəal töhfələr verirlər.

MTM Analitik Qrup