
Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşü regionun təhlükəsizlik mühitində strateji əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirilməlidir. Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri İrakli Çikovani arasında keçirilən bu görüş yalnız hərbi-texniki məsələlərin deyil, bütövlükdə Cənubi Qafqazda formalaşan yeni geosiyasi nizamın müzakirəsinə yönəlmişdi. Çünki Cənubi Qafqaz uzun illərdir böyük güclərin maraqlarının toqquşduğu geosiyasi məkandır. Rusiya-Ukrayna müharibəsi, Qərbin Qafqaza marağının artması və İranın regiondakı davranışları təhlükəsizlik balansını dəyişib. Bu şəraitdə Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə platforması regional sabitliyin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan və Türkiyə arasında “Şuşa Bəyannaməsi” ilə strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlər Gürcüstanın bu formata qoşulması ilə daha geniş regional çərçivə qazanıb. Gürcüstan NATO ilə inteqrasiya istiqamətində irəliləsə də, bu format vasitəsilə həm Türkiyə, həm də Azərbaycanla müdafiə əlaqələrini dərinləşdirməklə öz təhlükəsizliyinə real təminat yaradır.
Nazirlərin görüşündə vurğulanan hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın genişləndirilməsi də bir neçə strateji məqsədə xidmət edir. Belə ki, birgə müdafiə imkanlarının gücləndirilməsi ilk növbədə regionda potensial təhdidlərə qarşı koordinasiyalı cavab mexanizmi formalaşdırılır. Digər məsələ regional layihələrin təhlükəsizliyidir ki, həm Bakı-Tbilisi-Ceyhan, həm Bakı-Tbilisi-Ərzurum, həm də Bakı-Tbilisi-Qars kimi strateji nəqliyyat və enerji xətləri üç ölkənin təhlükəsizlik maraqlarını birləşdirən əsas sütunlardır. Bu infrastrukturun təhlükəsizliyinin təmin edilməsi üçtərəfli əməkdaşlığın mərkəzində dayanır. Təbii ki, hərbi təhsil və təcrübə mübadiləsi də vacib məsələdir. Türkiyənin NATO standartlarına əsaslanan hərbi təcrübəsinin Azərbaycan və Gürcüstan ordularına ötürülməsi, eyni zamanda ortaq təlimlərin artırılması Cənubi Qafqazda vahid müdafiə fəlsəfəsinin formalaşmasına yol açır.
Görüşdən çıxan vacib nəticələrdən biri də budur ki, müdafiə sahəsində üçtərəfli əməkdaşlıq yalnız hərbi ittifaq kimi yox, həm də regionda sülhün, sabitliyin və rifahın qorunması vasitəsi kimi dəyərləndirilir. Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığı, Gürcüstanın Qərbyönümlü siyasəti Cənubi Qafqazda Qərb təhlükəsizlik sisteminə inteqrasiya prosesini sürətləndirə bilər. Bu format həm də Ermənistan üçün bir mesajdır. Belə ki, regional sülh və əməkdaşlıq yalnız qarşılıqlı etimada, açıq kommunikasiyaya və beynəlxalq hüquqa hörmətə əsaslana bilər.
Hazırda Cənubi Qafqazda iki paralel təhlükəsizlik xətti formalaşır. Birinci xətt Rusiya və İranın təsir dairəsindəki güc mərkəzləridir. İkinci xətt isə Azərbaycan-Türkiyə-Gürcüstan platformasıdır. Bu üçtərəfli model həm NATO-nun “Cənub cinahı”nın güclənməsi baxımından əhəmiyyətlidir, həm də regionda müstəqil təhlükəsizlik mexanizminin qurulmasına töhfə verir. Gələcəkdə formatın daha da institusionallaşdırılması, məsələn, ortaq hərbi qərargahın yaradılması, üçtərəfli təlimlərin illik sistemə salınması, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi bu mexanizmin davamlılığını təmin edə bilər. Bu baxımdan Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin görüşü Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmininə yönəlmiş yeni mərhələnin tərkib hissəsidir. Bu format regionda geosiyasi tarazlığın qorunmasında, strateji layihələrin təhlükəsizliyində və gələcək təhlükəsizlik arxitekturasının formalaşmasında əvəzsiz rol oynayacaq. Beləliklə, üçtərəfli müdafiə əməkdaşlığı artıq taktiki səviyyədən çıxaraq strateji və ideoloji çərçivəyə çevrilir. Bu isə Cənubi Qafqazın gələcəyini sabitlik, inkişaf və əməkdaşlıq üzərində qurmaq deməkdir.
MTM Analitik Qrup