AZƏRBAYCAN TERRORİZMLƏ MÜBARİZƏ SAHƏSİNDƏ BEYNƏLXALQ SƏYLƏRİ QƏTİYYƏTLƏ DƏSTƏKLƏYİR

ATƏT Parlament Assambleyasının (ATƏT PA) Vyanada keçirilən qış sessiyasında Böyük Britaniya nümayəndə heyətinin rəhbəri Con Vittinqdeyl çıxış edərək, nümayəndələri Ukraynaya olduğu kimi, Ermənistana da dəstək göstərməyə çağırıb və Ermənistanda əsgər ölümlərini əsassız şəkildə Azərbaycanın hücumu kimi qələmə verib.

Milli Məclisin deputatı Tahir Mirkişili iclasda britaniyalı parlamentarinin iddialarına cavab verib. Bildirilib ki, 20 faiz ərazisini itirmiş Ukrayna ilə Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistanı bir səbətə qoymaq heç bir məntiqə sığmır.

T.Mirkişili Böyük Britaniya nümayəndə heyətinin bəyanatına cavab olaraq onları işğalçı dövlət Ermənistan ilə əraziləri otuz il ərzində Ermənistanın hərbi işğalı altında olan zərərçəkən tərəf Azərbaycan arasında fərq qoymağa çağırıb. Bu cür bəyanatlar Ermənistanın təcavüzünü və Azərbaycanın aradan qaldırmağa çalışdığı işğal nəticələrini heç də təmizə çıxarmayacaqdır.

Diqqətə çatdırılıb ki, Azərbaycan terrorizmlə mübarizə sahəsində beynəlxalq səyləri qətiyyətlə dəstəkləyir və öz ərazisində uzun müddət terror aktlarından əziyyət çəkən ölkə kimi terrorizmin bütün forma və təzahürlərini pisləyir. Azərbaycan terrorizmlə mübarizədə güclü tərəfdaş kimi tanınır. Çoxmillətli və çoxkonfessiyalı ölkə kimi Azərbaycan həm də sivilizasiyalararası dialoqa, müxtəlif dinlərə və mənşəyə malik insanlar arasında dinc yanaşı yaşama öz töhfəsini verir. Azərbaycan dinc yanaşı yaşama və müxtəlifliyin təşviqi sahəsində öz təcrübəsini bölüşməyə hazırdır.