AZƏRBAYCAN TELEVİZİYASİNİN YARANMASİNDAN 65 İL KEÇİR

Şərqdə ilk televiziya 1956-cı ildə məhz ölkəmizdə fəaliyyətə başlayıb. Ötən 65 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayım vericiləri istismara verilib.
1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və nadir konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.
“Diqqət-diqqət, göstərir Bakı” – 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib.
Efirdə ərsəyə gələn hər bir verilişdə, hər bir videosüjetdə böyük yaradıcı kollektivin əməyi var. Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir.
Peşəkarların yetişməsi üçün isə Azərbaycan Teleradiosunun imkanları genişdir: studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, ən müasir texniki imkanlara malik avadanlıqla təchiz olunan montaj otaqları. Dövlətimizin başçısının birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən islahatların məqsədi isə Azərbaycan Teleradiosunun nüfuzunu daha da artırmaq, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdir.
Azərbaycan Televiziyasındakı dəyişikliklər, həm də verilişlərin məzmun və formatında özünü büruzə verir, yaradıcılıq imkanlarını artırır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ şəkildə işıqlandırılmasında televiziyamızın müstəsna xidmətləri var.
2009-cu il fevralın 1-dən efirə çıxan “İdman Azərbaycan” kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan telekanalın fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin təsdiqinə çevrilib.
2011-ci ildə isə Azərbaycan Televiziyasının nəzdində ziyalıların və sənətçilərin çoxdankı arzusu olan “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. İndi “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.
Bu gün Azərbaycan Teleradiosunun nəzdində, həmçinin ölkənin ən nüfuzlu musiqi kollektivləri fəaliyyət göstərir. Azərbaycan Radiosunun da maddi-texniki bazası modernləşdirilib, radio verilişlərinin ideya-bədii məzmunu keyfiyyətcə yenilənib.