AZƏRBAYCAN TDT ÇƏRÇİVƏSİNDƏ UĞURLU ƏMƏKDAŞLIQ FORMATLARINI REALLAŞDIRIR

Türkdilli dövlətlər arasında əməkdaşlıq son illərdə yeni məzmun qazanaraq yüksələn xətlə inkişaf edir. Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən yüksəksəviyyəli görüş, aparılan müzakirələr, imzalanan rəsmi sənədlər Türkdilli Dövlətlər Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin yeni geosiyasi çağırışlara əsaslanan əməkdaşlıq formatlarına üstünlük verdiklərini göstərir.

Görüşün nəticələri fonunda demək olar ki, Azərbaycan hazırda türkdilli ölkələr arasında sıx əməkdaşlığın təkcə təşəbbüskarı deyil, həm də hərəkətverici qüvvəsinə çevrilib. TDT-yə üzv və müşahidəçi ölkələr məhz bu baxımdan ölkəmizlə sıx əməkdaşlığa can atırlar. Dövlət başçıları çıxışlarında xüsusi vurğuladılar ki, üç ölkə arasında əməkdaşlıq üçün mövcud potensialdan məqsədyönlü istifadə son dərəcə vacibdir.

Qeyd olunan ölkələr arasında xüsusilə nəqliyyat və logistika sahəsində ortaq layihələr böyük perspektivlər vəd edir. Qlobal çağırışlar fonunda Mərkəzi Asiyadan Cənubi Qafqaza, oradan isə Avropaya uzanan yeni nəqliyyat dəhlizləri türkdilli dövlətlərin ümumi maraq dairəsindədir. Bu baxımdan Azərbaycanın müəllifi olduğu layihələrin əhəmiyyəti də xüsusi qeyd edilməlidir. Ölkəmizin uzun illər ərzində həyata keçirdiyi infrastruktur layihələri – inşa edilən Ələt Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti bütövlükdə regionun tranzit imkanlarını genişləndirib. Bunun nəticəsidir ki, Azərbaycan artıq bütövlükdə türk dünyası üçün birləşdirici körpü missiyasını icra edir.

Türkmənbaşı görüşü təsdiq edir ki, Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığında müxtəlif formatlı tərəfdaşlıq modellərinin tərəfdarıdır. Xatırladaq ki, formalaşan ilk belə format Türkiyə-Azərbaycan-Özbəkistan üçtərəfli platformasıdır. 2022-ci il avqustun 2-də Daşkənddə Özbəkistan, Azərbaycan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci görüşünün keçirilməsi, aparılan səmərəli müzakirələrin nəticəsi kimi Daşkənd Bəyannaməsinin imzalanması üçtərəfli əməkdaşlığın yeni konturlarının müəyyənləşdirilməsi baxımından xüsusilə əhəmiyyətli olub.

Hazırda isə Azərbaycan-Özbəkistan-Türkmənistan formatı aktuallaşıb və üç ölkənin rəhbərləri birgə əməkdaşlıq üçün əsas istiqamətləri müəyyən ediblər. Hər üç ölkənin ortaq maraqları, xüsusilə nəqliyyat-logistika, enerji və ticarət sahələrində inteqrasiya ehtiyacları yeni formatın əhəmiyyətini artırır. Bu platforma Xəzər üzərindən yükdaşımaların genişləndirilməsi, Orta Dəhlizin inkişafı və enerji resurslarının Avropa bazarına nəqli baxımından yeni imkanlar açır. Rəsmi Bakının belə çoxtərəfli formatları təşviq etməsi türk dünyasının siyasi birliyini gücləndirməklə yanaşı, regional əməkdaşlığa da təkan verir.

TDT ölkələri yaşıl enerji sektorunda əməkdaşlığı da yeni istiqamət olaraq müəyyənləşdirib. Ötən il Bakıda keçirilən COP29 konfransı türkdilli ölkələr arasında yaşıl enerji əməkdaşlığı istiqamətində müzakirələrin aparılması, müvafiq razılaşmaların qəbulu ilə də diqqəti çəkib. Azərbaycan, Qazaxıstan və Özbəkistanın dövlət başçılarının tədbir çərçivəsində imzaladıqları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təşkilata üzv üç ölkənin əməkdaşlığında yeni səhifə açıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü il iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi Zirvə görüşünün yekunu olaraq imzalanmış Qarabağ Bəyannaməsi türk dünyasının iqtisadi əməkdaşlığının gücləndirilməsi istiqamətində bir sıra hədəflər müəyyənləşdirib. Bunlardan biri də TDT ölkələrinin iştirakı ilə yaşıl enerjinin ixracı və tranzitini nəzərdə tutur. Qarabağ Bəyannaməsində, eyni zamanda, türk dövlətlərində bərpaolunan zəngin enerji potensialı, elektrik enerjisinin ixracı və ticarəti üçün hazırda reallaşdırılan layihələrin önəmi xüsusilə vurğulanıb. Qarşıdakı onilliklərdə Avropa İttifaqı ölkələrinin ekoloji təmiz mənbələrdən alınan elektrik enerjisinə tələbatının kəskin artacağı qaçılmazdır və TDT dövlətləri bu reallığı düzgün dəyərləndirir.

Təşkilat siyasi-iqtisadi təsir imkanlarını genişləndirməyə, beynəlxalq aləmdə tanınmağa və nüfuz qazanmağa yönəlmiş strategiya həyata keçirir. Burada üzv ölkələrin iqtisadi gücü, enerji resursları, həmçinin aktiv siyasi mövqeyi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin TDT-yə BMT və digər nüfuzlu beynəlxalq qurumlarda müşahidəçi statusunun verilməsi vacibliyini dəfələrlə vurğulaması da təsadüfi deyil. Bu addım təşkilata yalnız regional deyil, qlobal səviyyədə də söz sahibi olmağa imkan verəcək.

Onu da xüsusi vurğulamaq lazımdır ki, İkinci Qarabağ müharibəsi və sonrakı dövrdə TDT üzvləri beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe nümayiş etdirib, ölkəmizin haqlı mübarizəsinə mənəvi-siyasi dəstək veriblər. Sonrakı mərhələdə Özbəkistanın dövlət büdcəsi hesabına Füzulidə orta məktəb, Qazaxıstan dövlət büdcəsi hesabına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib. Həmçinin Özbəkistan Prezidentinin təşəbbüsü ilə Xankəndidə tikiş fabriki yaradılıb. Türkmənistan isə Füzulidə məscid inşa etmək niyyətini bəyan edib. Bu cür təşəbbüslər ölkəmizin haqq işinə, eləcə də azad edilmiş ərazilərin bərpasına verilən dəstəyin, türk dünyası ölkələrinin dərin siyasi və mənəvi bağlılığının təzahürüdür.

Qeyd edilənlər bir daha təsdiq edir ki, türkdilli dövlətlərin əməkdaşlığı yeni mərhələyə qədəm qoyub. Bu əməkdaşlıq yalnız mədəni yaxınlıq üzərində qurulmur, real iqtisadi layihələr, strateji əməkdaşlıq və siyasi dəstək vasitəsilə möhkəmlənir. Azərbaycan bu proseslərin mərkəzində dayanaraq həm türk dünyasının, həm də bütövlükdə regionun inkişafına yönəlmiş səmərəli təşəbbüslərlə çıxış edir.

MTM Analitik Qrup