AZƏRBAYCAN TARİXİNİN ƏN BÖYÜK AMNİSTİYA AKTI

Əsas məqsədi cəza siyasətində humanizmin təmin edilməsi olan amnistiya aktları,  əfv sərəncamları ölkəmzin müstəqilliyini bərpa etməsindən sonra on minlərlə insanın taleyində mühüm dəyişikliklərə səbəb olub. Azərbaycan, eləcə də dünya təcrübəsi göstərir ki,  amnistiya və əfvlər təkcə hüquqi mexanizm deyil, eyni zamanda dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsinə xidmət edən vacib ictimai vasitədir. Bütün bunlar fonunda ötən 22 il ərzində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları, eləcə də amnistiya aktları Azərbaycan dövlətinin humanist siyasətinin mühüm tərkib hissəsi hesab olunur. Bu aktlar və sərəncamlar hüquqi dövlət quruculuğu, sosial ədalətin təmin olunması və cəmiyyət-dövlət münasibətlərində etimadın möhkəmləndirilməsinə daim mühüm töhfələr verib.

O da birmənalı həqiqətdir ki, cənab İlham Əliyev 2003-cü ildən etibarən Prezident kimi fəaliyyətə başladığı dövrdən amnistiya və əfv məsələlərinə ardıcıl, sistemli, humanist yanaşma sərgiləyib. Nəticədə minlərlə məhkum cəzadan azad edilib, bir çox şəxslərin isə cəza müddətləri azaldılıb. Xüsusilə az ağır və ağır olmayan cinayətlər törətmiş şəxslər, qadınlar, yetkinlik yaşına çatmayanlar, yaşlılar, əlilliyi olan şəxslər və müharibə iştirakçıları amnistiya aktlarının əsas benefisiarları olub. Bu, həm də Prezident İlham Əliyevin sosial həssas qruplara xüsusi diqqət göstərdiyini bir daha aydın şəkildə nümayiş etdirir. Azərbaycan tarixinin gözlənilən ən böyük amnistiyası təşəbbüsünün yenə Prezident İlham Əliyev tərəfindən irəli sürülməsi dövlət başçısının humanizm prinsiplərini həmişəki rəhbər tutmasının növbəti təzahürüdür.

Qeyd edilməlidir ki, suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Ölkə Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Bütün bunların humanizm prinsiplərinə xidmət etməsi ilə yanaşı, digər mühüm nəticələri də var. Çoxsaylı araşdırmalar göstərir ki, cinayət törətmiş şəxslərin hamısını cəmiyyətdən təcrid etmək həmişə effektiv nəticə vermir. Bəzi hallarda cəzanın yüngülləşdirilməsi və ya tamamilə aradan qaldırılması həmin şəxslərin islah olunmasına, cəmiyyətə yenidən inteqrasiyasına daha müsbət təsir göstərir. Amnistiya və əfvlər bu baxımdan insanlara ikinci şans verir, onların səhvlərini dərk edib düzgün yola qayıtmasına imkan yaradır. Bu isə cəmiyyətdə bağışlama və mərhəmət kimi mənəvi dəyərlərin güclənməsinə də zəmin formalaşdırır.

Təbii ki, amnistiya və əfvlərin sosial əhəmiyyəti də az önəmə malik deyil. Xüsusən o baxımdan ki, azadlığa buraxılan şəxslərin ailələri bundan olduqca böyük fayda görür. Ailənin yenidən birləşməsi, uşaqların valideyn himayəsinə qovuşması, ailə üzvlərinin psixoloji vəziyyətinin yaxşılaşması amnistiyanın və əfvin cəmiyyətə müsbət təsirlərindəndir. Bununla yanaşı, amnistiya aktları və əfv sərəncamları hüquqi sistemin dinamikliyini göstərir. Bu, vətəndaşlarda hüquqi dövlət anlayışına inamı gücləndirir. Digər tərəfdən statistik təcrübə göstərir ki, amnistiyalar və əvflər cinayətlərin artmasına deyil, əksinə, sosial adaptasiyanın güclənməsinə səbəb olur, cəmiyyət üçün fayda mənbəyinə çevrilir.

Qeyd edilənlər kontekstində Prezident İlham Əliyevin amnistiya və əfv siyasəti Azərbaycan dövlətinin  humanist dəyərlərə, hüquqi və dünyəvi dövlətçilik prinsiplərinə sadiqlyini bir daha nümayiş etdirir. Milli Məclisin deputatı Vüqar İskəndərov da qeyd edir ki, Prezident İlham Əliyevin amnistiya təşəbbüsü güclü dövlətçiliklə yanaşı, humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir. Onun sözlərinə görə, amnistiya layihəsində Vətən müharibəsi və antiterror əməliyyatlarının iştirakçılarına, şəhid ailələrinə, müharibə əlillərinə, eləcə də sosial həssas kateqoriyalara xüsusi yer ayrılması dövlətin sosial məsuliyyətinin bariz ifadəsidir: “Bu addım minlərlə insanın yenidən normal həyata qayıtmasına və cəmiyyətə inteqrasiyasına şərait yaradacaq.Miqyasına görə ən böyük amnistiyalardan biri olacaq bu təşəbbüs suverenliyin tam bərpası fonunda qəbul edilən mühüm siyasi və hüquqi qərar kimi tarixə düşəcək və güclü Azərbaycan dövlətinin gələcəyə inamını bir daha təsdiqləyəcək”.

Ümumiyyətlə, Azərbaycanda amnistiya aktları və əfv sərəncamları humanist dövlət modelinin mühüm göstəricisidir və təkcə ölkəmizdə yox, dünya miqyasında da hər zaman təqdir edilir.

MTM Analitik Qrup