
ICESCO-nun Baş qərargahında imzalanan üçtərəfli saziş Azərbaycan diplomatiyasının humanitar istiqamətdə yeni uğuru sayıla bilər. Sənəd Azərbaycanın Elm və Təhsil Nazirliyi, Suriyanın Təhsil Nazirliyi və ICESCO arasında Suriyada təhsil infrastrukturunun bərpasına dair strateji tərəfdaşlığı nəzərdə tutur.
Suriyada uzun illər davam edən müharibə nəticəsində təhsil sistemi ciddi zərər görüb. Məktəb binalarının dağıdılması, müəllim çatışmazlığı, təhsil prosesinin fasilələrlə aparılması ölkədə bir nəsil üçün ciddi boşluq yaradıb. Bu baxımdan Azərbaycan tərəfinin təşəbbüsü sırf humanitar yardım aktı deyil, həm də institusional dövlət quruculuğuna töhfə kimi qiymətləndirilə bilər. Nazir Emin Əmrullayevin vurğuladığı kimi, məqsəd yalnız binaların təmiri deyil, uşaqlar və gənclər üçün təhlükəsiz, müasir və keyfiyyətli təhsil mühitinin yaradılmasıdır. Bu isə infrastrukturun fiziki bərpası ilə yanaşı, təhsil məzmununun yenilənməsi, rəqəmsallaşma və idarəetmə modellərinin tətbiqini də əhatə edə bilər.
Bu saziş Azərbaycanın xarici siyasətində humanitar diplomatiyanın artan rolunu nümayiş etdirir. İkinci Qarabağ müharibəsindən sonra öz ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri aparan Azərbaycan paralel olaraq beynəlxalq humanitar təşəbbüslərdə daha fəal görünməyə başlayıb. Bu baxımdan Suriyada təhsil infrastrukturunun bərpası təşəbbüsü bir neçə strateji məqsədə xidmət edir. Azərbaycan İslam dünyasında həmrəyliyin gücləndirilməsinə tövhə verir, Azərbaycan donor və təşəbbüskar ölkə imicinin möhkəmləndirir, təhsil sahəsində regional əməkdaşlıq platforması genişlənir, post-münaqişə dövründə dövlət quruculuğu modelinin ixracına başlanır. Bu kontekstdə ICESCO platformasının seçilməsi də təsadüfi deyil. Təşkilat İslam dünyasında təhsil, elm və mədəniyyət sahəsində koordinasiyaedici rol oynayır və layihənin legitimliyini artırır.
ICESCO-nun baş direktorunun çıxışında vurğulandığı kimi, saziş təkcə Suriyada infrastrukturun bərpasına deyil, həm də İslam dünyasında əməkdaşlığın dərinləşməsinə xidmət edir. ICESCO burada üç mühüm funksiyanı yerinə yetirə bilər. Birincisi, layihələrin şəffaf və effektiv icrasına nəzarət baxımından koordinasiya və monitorinq finksiyasını, ikincisi, kurikulum, pedaqoji standartlar və rəqəmsal təhsil modellərinu qurmaq üçün ekspert dəstəyini, üçüncüsü isə maliyyə və tərəfdaşlıq mexanizmlərinin qurulmasını. Beləliklə, təşəbbüs ikitərəfli yardım çərçivəsini aşaraq çoxtərəfli inkişaf modelinə çevrilə bilər.
Suriya Yaxın Şərqdə geosiyasi baxımdan həssas ölkədir. Təhsil sisteminin bərpası sosial sabitliyin və uzunmüddətli təhlükəsizliyin əsas şərtlərindən biridir. Təhsil yalnız savadlılıq deyil, həm də radikallaşmanın qarşısının alınması, əmək bazarının formalaşdırılması və sosial inteqrasiyanın təmin edilməsidir. Azərbaycanın bu prosesdə iştirak etməsi onun Yaxın Şərq regionunda siyasi və humanitar mövcudluğunu gücləndirir. Bu, eyni zamanda, Bakı üçün yeni diplomatik və iqtisadi əlaqələr üçün zəmin yarada bilər. Ona görə də imzalanmış sənəd sadəcə layihə deyil, strateji tərəfdaşlığın yaxşı nümunəsidir. Bu isə uzunmüddətli əməkdaşlıq mexanizminin qurulmasını nəzərdə tutur. Əgər təşəbbüs uğurla həyata keçirilərsə, model digər post-münaqişə ölkələrində də tətbiq oluna bilər.
MTM Analitik Qrup
