AZƏRBAYCAN SAYƏSİNDƏ ÖZBƏKİSTAN QARŞISINDA XƏZƏR DƏNİZİNDƏ YENİ PERSPEKTİVLƏR AÇILIR

logistika sahəsində strateji üstünlüklər qazandırır. Xəzər dənizi regionun mühüm su hövzəsi olmaqla yanaşı, Azərbaycan üçün həm daxili, həm də beynəlxalq yükdaşımalarda əvəzolunmaz rola malikdir. Bu kontekstdə Azərbaycanın ticarət donanması ölkənin iqtisadi potensialının artırılmasında və regional nəqliyyat mərkəzinə çevrilməsində xüsusi əhəmiyyət daşıyır.

Ölkəmiz mövcud imkanlardan daha səmərəli formada istifadə etmək üçün müvafiq addımlar atır, təsadüfi deyil ki, hazırda Xəzər dənizində ən böyük ticarət donanması da məhz Azərbaycana məxsusdur. Bununla bağlı Prezident İlham Əliyev Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı qeyd edib: “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir…  Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq”.

Azərbaycanın Xəzər dənizində malik olduğu imkanlar, həmçinin ərazisində yaratdığı digər nəqliyyat infrastrukturu beynəlxalq miqyasda da xüsusi diqqət mərkəzində yer alır. Bunu şərtləndirən əsas səbəblərdən biri də Azərbaycan üzərindən daşınan yüklərin həcminin sürətlə artmasıdır. Dənizdə yükdaşımalar sahəsində əldə edilən önəmli uğurlardan biri isə 2013-cü ildə Bakı gəmiqayırma zavodunun istismara verilməsidir. Burada istehsal edilən gəmilər Azərbaycanın Xəzərdə ticarət donanması gücünü davamlı şəkildə artırır.  “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC vasitəsilə idarə olunan bu donanma müasir gəmilər, tankerlər və bərələrdən ibarətdir. Onlar Orta Dəhliz üzrə yükdaşıma zəncirinin mühüm halqasını təşkil edirlər, Xəzərin şərq və qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirirlər. Ümumiyyətlə, Bakı gəmiqayırma zavodunda inşa olunan yeni nəsil gəmilər, həm təhlükəsizlik, həm də daşıma qabiliyyəti baxımından beynəlxalq standartlara tam cavab verir. Bundan başqa, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə ticarət donanması arasında sinxron əməkdaşlıq yaradılaraq yüklərin qısa zamanda aşırılması təmin olunur.

Azərbaycanın ticarət donanması yalnız Xəzər regionu ilə məhdudlaşmır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə yük daşımaları Orta Dəhliz üzrə Avropa və Asiya arasında həyata keçirilir. Eyni zamanda, ticarət donanmasının inkişafı Azərbaycanın enerji resurslarının ixracında da mühüm rol oynayır. Neft və neft məhsullarının Xəzər dənizi vasitəsilə daşınması, həmçinin qeyri-neft sektorunun yüklərinin logistik təchizatı bu donanmanın imkanları ilə reallaşır. Bu səbəbdən donanmanın effektiv fəaliyyəti iqtisadi təhlükəsizliyin vacib elementidir. Sözügedən sahəyə yönəldilən investisiyalar və tətbiq edilən innovasiyalar yaxın gələcəkdə Azərbaycanın nəqliyyat sektorunu daha da gücləndirəcək. Ölkəmizin malik olduğu bu imkanlardan istifadə etmək istəyən tərəflərdən biri də Mərkəzi Asiya ölkələri, xüsusən də Özbəkistandır.

Qeyd edilməlidir ki, dənizə çıxışı olmayan Özbəkistan Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz vasitəsilə yükdaşımaları artırmaq üçün Xəzər dənizində öz ticarət donanmasını qurmaq niyyətindədir. Prosesdə Özbəkistan Azərbaycanın, eləcə də Türkiyə şirkətlərinin köməyinə böyük ümid bəsləyir. Özbəkistanın nəqliyyat naziri İlxom Mahkamov “Özbəkistan 24” telekanalına müsahibəsində bildirib ki, yaxın vaxtlarda Xəzər dənizində ölkəsinin bayrağı altında bərələr peyda olacaq ki, bu da Özbəkistanı Azərbaycanla birləşdirən əsas nəqliyyat marşrutu olan Orta Dəhliz üzrə yüklərin çatdırılmasını əhəmiyyətli dərəcədə sürətləndirəcək.  Onun sözlərinə görə, bu qərar Prezident Şavkat Mirziyoyevin Azərbaycana son dövlət səfərinin nəticəsi olub.  Həmin səfər çərçivəsində “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında gəmiçilik və gəmiqayırma sahələrində əməkdaşlıq haqqında Niyyət Protokolu” imzalanıb.

Orta Dəhliz Özbəkistan tərəfindən cənub və şimal istiqamətlərinə alternativ kimi, xüsusən də artan ixrac və tranzit axınları fonunda vacib hesab olunur. İlxom Mahkamov vurğulayıb ki,  ölkənin öz bərə parkının yaradılması zərurəti Xəzər dənizi ilə yükdaşımaların həcminin artması ilə bağlıdır. Layihənin həyata keçirilməsi üçün Özbəkistana dəstək verməyə hazır olan türkiyəli tərəfdaşlarla artıq razılıq əldə olunub. Nazir həmçinin xatırladıb ki, Azərbaycan öz ərazisi ilə konteyner dəmir yolu ilə daşımalarda Özbəkistan  üçün güzəştli şərtləri uzadıb. Nəticə Azərbaycan tərəfindən edilən 70 faizə qədər endirim 2026-cı ilin sonuna qədər qüvvədə olacaq ki, bu da Özbəkistan üçün mühüm əhəmiyyətə malikdir.

Bundan əlavə, Azərbaycan Özbəkistana ticarət gəmilərinin layihələndirilməsi və inşasında da köməklik göstərəcək. Şübhəsiz ki, bu, iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdiəcək. Eyni zamanda Xəzər dənizində Özbəkistanın öz ticarət donanmasını yaratması təkcə nəqliyyat imkanlarını genişləndirməyəcək, həm də xarici daşıyıcılardan asılılığı azaldacaq. O da faktdır ki, Özbəkistanın Xəzər dənizində öz liman infrastrukturuna ehtiyacı var. İlk növbədə rəqabət baxımından bu hal vacibdir. Bu fonda  Özbəkistanın təkcə donanmaya deyil, həm də limanlara, infrastruktura ehtiyacı var. Sözügedən məsələdə də yenə Azərbaycan Özbəkistana yardım edə biləcək əsas ölkədir. Özbəkistanın Bakı limanında öz terminalını yaratmaq planlarının mövcudluğu heç kimə sirr deyil. Bu istiqamətdə müvafiq addımlar Özbəkistana çoxsaylı üstünlüklər vəd edir. İndilikdə  Özbəkistan idxalçıları Aktau və Kurık limanlarının imkanlarından istifadə edərək terminal icarəyə götürürlər. Amma Azərbaycan sayəsində Özbəkistan qarşısında Xəzər dənizində tamamilə yeni perspektivlər açılır.

MTM Analitik Qrup