AZƏRBAYCAN SAYƏSİNDƏ CƏNUBİ QAFQAZDA YENİ TƏHLÜKƏSİZLİK MEXANİZMLƏRİ YARADILIR

Cənubi Qafqazda barış və əməkdaşlıq mühitinin hökm sürməsi, regionun dünyanın geosiyasi, geoiqtisadi müstəvisində daha böyük rol oynaması Azərbaycanın xarici siyasətində yer alan mühüm məqamlardan biridir. Mövcud tarixi şəraitdə regionun inkişafının məhz bu müstəvidə qurulması baxımından əlverişli imkanların formalaşması da aydın müşahidə olunur. Xüsusən də Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar  bütün Cənubi Qafqaz ölkələri qarşısında çoxsaylı imkanlar pəncərəsi açıb. İndi başlıca məqam bu imkanlardan məharətlə faydalanıb, regionda sülh və əməkdaşlıq səhifəsinin açılmasına nail olmaqdır. Proseslərin məhz bu səpkidə inkişafı istiqamətində Azərbaycan müvafiq fəaliyyət həyata keçirir, ölkəmizin sözügedən istiqamətdə siyasəti qonşu Gürcüstan tərəfindən fəal şəkildə dəstəklənir. Lakin istənilən nəticəyə nail olunması üçün Ermənistanın da adekvat addımlar atması zəruri şərtdir.

Hazırda görünən odur ki, Ermənistan Cənubi Qafqazın intibahına çalışmaqdansa daha çox buna əngəl yaratmaqla məşğuldur. Halbuki, bundan ən çox zərər görən tərəf də özüdür. Xüsusən də o fonda ki, yanlış xarici siyasəti səbəbindən Ermənistan böyük geosiyasi qüvvələr arasında mübarizənin növbəti poliqonu ola bilər. Ekspertlərin, araşdırma mərkəzlərinin böyük əksəriyyəti o qənaətədədir ki, yaxın tezlikdə Ermənistanda müəyyən xarici güclərin proksi toqquşmaları Ukrayna ssenarisi üzrə inkişaf edə bilər. Bundan xilas olmağın yeganə yolu isə regionun lider ölkəsi olan Azərbaycanla əməkdaşlıq münasibətləri qurmaq, sülh şəraitində yaşamaqdır. Bu hal həm də Ermənistana Türkiyə ilə əlaqələrində yeni bir səhifənin açılmasına imkan verəcək.

Məlum həqiqətdir ki, Qafqaz həmişə Mərkəzi Asiya, Avropa, Yaxın Şərq və Rusiyanın kəsişməsində yerləşən dünyanın tarixi əhəmiyyətli regionu olub. Yeni dünya nizamının qurulması kontekstində Cənubi Qafqazın coğrafi mövqeyi, iqtisadi potensialı və geosiyasi rəqabət üstünlükləri onun yeni formalaşan dünya geosiyasətində rolunu daha da artırır. Region Çin, Rusiya və Avropa arasında ticarəti asanlaşdıran müasir İpək Yolunun mühüm tərkib hissəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi əsas nəqliyyat layihələri regionun dünya ilə əlaqələrini, onun iqtisadi əhəmiyyətini xeyli dərəcədə artırıb. Bundan əlavə, region Avrasiyada ənənəvi tranzit şəbəkələrindən yan keçən  alternativ yollar təqdim edir ki, bu da indiki geosiyasi gərginlik dövründə xüsusilə böyük önəm kəsb edir.

Cənubi Qafqazda geosiyasi əhəmiyyətinin əsas hərəkətverici amillərindən biri onun qlobal enerji bazarlarındakı roludur. Əhəmiyyətli neft və qaz ehtiyatlarına malik Azərbaycan Avropa və onun hüdudlarından kənarda enerji təhlükəsizliyində həlledici rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərini özündə birləşdirən Cənub Qaz Dəhlizi Avropanı ənənəvi enerji təchizatı mənbələrinə yeni alternativlə təmin edir. Yaxın perspektivdə bura yaşıl enerji də daxil ediləcək. Bütün bunlar o deməkdir ki, Cənubi Qafqaz qarşıdakı dövr ərzində də strateji yeri, enerji resursları, tranzit əhəmiyyəti  və bu qəbildən olan digər məqamlarla qlobal dinamikanı formalaşdıran məkanlardan biri kimi çıxış etməkdə davam edəcək. Böyük güclər nüfuz uğrunda mübarizə apardıqca, Cənubi Qafqazın  sabitliyi və inkişafı beynəlxalq ticarətə, enerji təhlükəsizliyinə və regional ittifaqlara təsir göstərməyə davam edəcək. Bu şəraitdə region ölkələrinin geosiyasi rəqabətdə uğur qazana bilməsi, milli maraqlarının uğurla təmini əməkdaşlıqlarından da əhəmiyyətli dərəcədə asılıdır.

Azərbaycan belə əməkdaşlıqda maraqlı olduğunu dəfələrlə, özü də ən yüksək səviyyədə bildirib. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibəsində bir daha bu məqama toxunaraq qeyd edib: “Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə, bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik”.

Ermənistan da vəziyyəti düzgün qiymətləndirib, yaranmış tarixi şansdan istifadə edə bilsə, Cənubi Qafqazın həyatında region ölkələrinin hamısının marağına uyğun olan tamamilə yeni bir mərhələ açılacaq. Azərbaycan bütün ərazilərində suveren hüququnu bərpa etməsi, Qarabağ məsələsini birdəfəlik qapatması bunun üçün olduqca əlverişli zəmin yaradıb. Artıq regionda əməkdaşlıq münasibətlərinin yaradılması, o cümlədən, kommunikasiyaların, xüsusən də Zəngəzur dəhlizinin açılması, təbii ki, təkcə Bakının yox, həm də İrəvanın maraqlarına uyğundur. Tamamilə aydındır ki, nəqliyyat əlaqələrinin bərpası özlüyündə erməni və Azərbaycan cəmiyyətləri arasında etimad mühitinin formalaşmasına da təsirsiz ötüşməyəcək. Bu halda regionda yeni sabitlik platformasının yaradılması mümkündür.

Nəzərə alınması vacib olan daha bir nüans odur ki, regionda dövlətlərarası münasibətlərin inkişafı, əldə olunmuş razılaşmaların həyata keçirilməsi Cənubi Qafqazda kollektiv təhlükəsizlik, əməkdaşlıq sistemi çərçivəsində daha effektiv olacaq. Belə bir sistemin qurulmasında Azərbaycan artıq ilk mühüm təşəbbüsü irəli sürərək, düşmənçilik səhifəsini çevirərək, Cənubi Qafqazda üçtərəfli əməkdaşlıq platformasının yaradılmasını təklif edir. Ölkəmizin yanaşmasına əsasən, regionda vəziyyətin sabit xarakteri, sülh və əməkdaşlıq mühitinin hökm sürməsi zəruridir. Elə bu kontekstdə Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlıq  mərhələsinin başlanmasını fəal şəkildə təşviq edir.

MTM Analitik Qrup