
Azərbaycan, Gürcüstan və Ermənistan müstəqilliklərini ötən əsrin son dekadasında bərpa etdikdən sonra dünyanın bir çox güc mərkəzləri kimi ABŞ da Cənubi Qafqaz bölgəsinə böyük diqqət yetirib. Bu maraq müxtəlif faktorlarla şərtlənib. Lakin o da faktdır ki, ABŞ da daxil olmaqla dünyanın diqqətini regiona cəlb edən əsas tərəf qismində hər zaman Azərbaycan çıxış edib və bu da təbii xarakterə malikdir. Əhəmiyyəti, coğrafi mövqeyi, resursları, o cümlədən neft və qaz ehtiyatları ilə Azərbaycan təkcə özünü yox, həm də bütün Cənubi Qafqazı 1990-cı illərdən etibarən bir daha dünyanın diqqət mərkəzinə gətirdi. Təbii ki, buradakı münaqişələrin və ziddiyyətlərin də regiona beynəlxalq marağın artmasında rolu az olmadı.
Bütün bunlar fonunda siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirməklə Vaşinqton enerji təhlükəsizliyinin təmin edilməsi, karbohidrogen ehtiyatlarının nəqli, milli maraqlarının irəli çəkilməsi və strateji məqsədlər üçün Cənubi Qafqaz ölkələri ilə münasibətlərinin inkişafına daim xüsusi diqqət edib. Eyni zamanda ümumiyyətlə, postsovet məkanında yeni müstəqil dövlətlərin meydana çıxması ABŞ rəhbərliyini regionda yeni prioritetlər hazırlamağa məcbur edib. Cənubi Qafqaz isə qeyd edildiyi kimi daim ABŞ-ın xarici siyasətinin prioritetləri arasında olub. Hələ Bill Klintonun administrasiyası dövründə ABŞ-ın Cənubi Qafqazdakı xarici siyasəti formalaşmağa başlayıb. Həmin vaxt “Klinton doktrinası” kimi tanınan yeni qlobal xarici strategiya hazırlanıb. Doktrinada sözügedən regionda hərbi münaqişələrin həlli, Avro-Atlantik strukturlara inteqrasiya, bu strukturların təhlükəsizlik mexanizmlərinə ölkələrin cəlb edilməsi, eləcə də Cənubi Qafqaz ölkələri ilə neft-qaz sektorunda əməkdaşlığın qurulması kimi məqamlar da yer alırdı. 1999-cu ilin mart ayında ABŞ Konqresi İpək Yolu Strategiyası Aktını qəbul etdi, Cənubi Qafqaz və Orta Asiyadakı müstəqil ölkələrə dəstək göstərəcəyini bildirdi.
ABŞ-nin regiona artan marağı Cənubi Qafqazın geostrateji, geosiyasi və geoiqtisadi potensialı ilə də birbaşa bağlı olub. Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti sübut edilmiş və hələ kəşf edilməmiş enerji ehtiyatlarının böyük həcmi və dünya gücləri arasında onlar uğrunda rəqabətlə müəyyən edilir. Bu, ilk növbədə Xəzər bölgəsindəki – Azərbaycandakı neft və qaz ehtiyatlarına aiddir. Xəzər nefti və qazı həmçinin Rusiyadan yan keçərək Avropa üçün karbohidrogen tədarükünün şaxələndirilməsini təmin edir. Qeyd edilməlidir ki, bu kateqoriyaya artıq yaşıl enerji də daxil olub.
Bundan əlavə, Avrasiya qitəsinin demək olar ki, mərkəzində yerləşən əlverişli coğrafi mövqeyinə görə region unikal kommunikasiya imkanlarına malikdir. Onun mövcud imlanları Şimalla Cənubu, Qərblə Şərqi birləşdirir. Bu regionun geosiyasi əhəmiyyəti Cənubi Qafqazın təhlükəsizlik məsələsində 21-ci əsrin əvvəllərində xüsusi aktuallıq qazanması ilə bağlıdır. Məhşur amerikalı ekspert Zbiqnev Bjezinski “Böyük Şahmat Lövhəsi” adlı kitabında Qara dəniz bölgəsinin bir hissəsini, Qafqazı Mərkəzi və Cənubi Asiya ilə yanaşı, Fars körfəzi və Yaxın Şərq ilə geosiyasi cəhətdən mühüm bir coğrafiya kimi təqdim edirdi. O yazırdı ki, bu regiona nəzarət edənlər transkontinental nəqliyyatda lider mövqe tuta biləcək”. Geostrategiya Vaşinqtonun Cənubi Qafqaza olan marağında mühüm amil olaraq qalır. Xüsusən də o kontekstdə ki, Azərbaycanın İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa etməsi və regionda yeni reallıqlar yaratması Cənubi Qafqazın qarşısında yeni bir mərhələ açıb.
Bütün bunlar ABŞ-nin paytaxtı Vaşinqtonda “Hudson” İnstitunun təşkilatçılığı ilə “ABŞ Cənubi Qafqazda: Yeni strateji imkanların müəyyənləşdirilməsi” mövzusunda keçirilən konfransda bir daha diqqət mərkəzində yer alıb. “Hudson” İnstitutunda Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Mayk Doran Ağ evdə avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşün təkcə uzun müddət münaqişə ilə yadda qalan regionda davamlı sülhü bərpa etmək üçün deyil, həm də Birləşmiş Ştatlar üçün yeni imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə, razılaşma Avropa, Yaxın Şərq və Mərkəzi Asiya arasında əlaqələri yenidən formalaşdıra biləcək fürsətlər doğurur. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Dayns isə qeyd edib ki, bu il avqustun 8-də əldə olunan razılaşmanın açdığı iqtisadi potensial çox əhəmiyyətlidir. Azərbaycan – Ermənistan sülh sazişi diplomatik irəliləyişdir, həqiqətən, qarşılıqlı faydalı sülhməramlılıq nümunəsidir. Ermənistan, Azərbaycan və ABŞ daha firavan, vacib və təhlükəsiz gələcəyə doğru addımlayır və çalışır. Bakı dünyanın ən mühüm qaz və neft ixracatçılarından biridir. Ata Corc Buşdan indiyədək Amerika Birləşmiş Ştatlarının hər bir prezidenti Ermənistanla Azərbaycan arasında münaqişənin həllini tapmaq üçün sülh təşəbbüslərini irəli sürdü, lakin hamısı uğursuz oldu. Bəziləri lazımi şəkildə resurs təqdim etməyib və ya prioritet hesab olunmayıb, digərləri isə buna nail ola bilməyiblər. Bu Tramp administrasiyasının Cənubi Qafqazda sülh əldə etməyi prioritet hesab etdiyi bir vaxtda baş verdi. Həm Ermənistan, həm də Azərbaycan ABŞ ilə unikal tərəfdaşlıq şəraitində müstəqil gələcəyə doğru üz tutdu. Deməliyəm ki, Stiv Uitkofun komandası dərhal bu müqavilənin ən çətin məsələlərini həll etməyə başladı. Amerikalı danışıqçılar “Tramp marşrutu” innovativ konsepsiyası ilə çıxış etdilər. TRIPP layihəsi Azərbaycanı Naxçıvanla birləşdirəcək, eyni zamanda, yeni bir ticarət yolu yaradacaq. Təbii ki, Azərbaycan, Ermənistan və digər regional dövlətlər bundan faydalanacaq”.
“Hudson” İnstitutunun aparıcı eksperti Luk Koffi isə qeyd edib ki, avqustun 8-də Donald Trampın iştirakı ilə Ağ Evdəki görüş bu münasibətlər üçün yeni başlanğıc nöqtəsidir: “Mən düşünürəm ki, iqtisadiyyat, biznes, ticarət, enerji və təhlükəsizlik kimi bir çox sahələrdə ABŞ və Azərbaycanın ortaq maraqları var. Ümid edirəm ki, bundan sonra iki ölkə arasında daha sıx əməkdaşlığın şahidi olacağıq”. Ekspert qeyd edib ki, bu münasibətləri növbəti mərhələyə qaldırmaq üçün ən vacib və eyni zamanda ən asan addımlardan biri Prezident Donald Trampın Azərbaycana səfəri olardı: “Hələ heç bir ABŞ prezidenti Azərbaycana səfər etməyib. Eyni zamanda, dövlət katibi Mark Rubio da səfər etsə, çox yaxşı olardı. Axırıncı dəfə ABŞ-nin o zamankı dövlət katibi Hillari Klinton 2012-ci ildə Azərbaycana getmişdi. Beləliklə, atıla biləcək ən təcili addım bölgəyə səfərlərin başlanması və iki liderin bir araya gələrək bu münasibətləri inkişaf etdirməyin ən doğru yolunu müəyyənləşdirməsidir”.
Bütün bunlar bir daha təsdiq edir ki, ABŞ-də Cənubi Qafqaza maraq yenə yüksək olaraq qalır. Amma bu dəfə ABŞ regionda daha fəal siyasət yürütmək niyyətindədir. Bunu şərtləndirən həm də odur ki, Cənubi Qafqazın qlobal miqyasda əhəmiyyəti artır xüsusən də nəqliyyat və logistika sferasında. Özü də bu müstəvidə həyata keçirilən layihələrin bəzilərinin təşəbbüskarı və əsas iştirakçılarından biri məhz Azərbaycandır. Elə bu səbəbdən də Azərbaycanla münasibətlərin inkişafına indiki ABŞ hakimiyyəti xüsusi diqqət edir.
Regionda yaranan yeni geosiyasi reallıqlar, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və Orta Dəhliz layihəsinin aktuallaşması Vaşinqtonun diqqətini daha çox iqtisadi və nəqliyyat inteqrasiyasına yönəldir. ABŞ üçün Cənubi Qafqaz təkcə enerji və təhlükəsizlik baxımından deyil, həm də Qlobal Cənub və Avrasiya siyasətində strateji körpü rolunu oynayan regiondur. Bu səbəbdən qarşıdakı dövr ərzində ABŞ-nin buradakı proseslərdə daha aktiv iştirakı gözlənilir.
MTM Analitik Qrup
