AZƏRBAYCAN ŞAHMATÇISI AVROPA ÇEMPİONATINA BEŞ QƏLƏBƏ İLƏ BAŞLAYIB

Azərbaycan şahmatçısı Rauf Məmmədov Xorvatiyanın paytaxtı Zaqrebdə rapid və blits üzrə keçirilən Avropa çempionatına uğurlu start verib.

İsveçrə sistemi ilə keçirilən turnirin ilk altı turunda 5 qələbə qazanıb bir dəfə heç-heçə edən qrosmeyster liderlər qrupunda qərarlaşıb.

O, hazırda 5,5 xalla 2-5-ci yerləri bölüşdürür. Azərbaycanın digər təmsilçisi Eltac Səfərli isə 4,5 xalla 39-cu sırada yer alıb.

Qitə çempionatına bu gün keçiriləcək beş blits partiyası ilə yekun vurulacaq. Qalib rapid və blits üzrə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, Avropa çempionatında 500-ə yaxın şahmatçı mübarizə aparır.