AZƏRBAYCAN ŞƏRQ VƏ QƏRB ARASINDA MÜHÜM TRANZİT ÖLKƏYƏ ÇEVRİLİB

Cənubi Qafqaz bölgəsinin tranzit potensialının yüksəldilməsinə xidmət edən səmərəli təşəbbüslərlə çıxış edən Azərbaycan böyük iqtisadi dividentlər vəd edən layihələri də uğurla reallaşdırır. Məqsəd hazırkı qlobal cağırışlar fonunda nəqliyyat-kommunikasiya qovşaqlarını əlaqələndirmək, yükdaşımaların məsafə və zaman baxımından rentabelliyinə nail olmaq, eyni zamanda geosiyasi səbəblərlə bağlı yaranmış təhdidlərdən sığortalanmaqdır.

Üç ildən çoxdur ki, davam edən Ukrayna-Rusiya müharibəsi fonunda regionda formalaşmış yeni geosiyasi konfiqurasiya bir çox ölkələri, eləcə də Şərq-Qərb marşrutu üzrə nəqliyyat, dəniz və dəmiryolu yükdaşımalarını həyata keçirən logistika şirkətlərini daha təhlükəsiz marşrutlar üzərində düşünməyə vadar edib. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) əhəmiyyəti bu baxımdan xüsusilə qeyd olunmalıdır. Bu marşrut Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Dəhliz üzrə hərəkət edən qatarlar yükləri orta hesabla 10-12 günə Çindən Avropaya çatdırır və bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri hesab olunur.

Türkiyə, Azərbaycan və Gürcüstan arasında BTQ ilə əldə olunan yeni razılaşmalar Orta Dəhliz marşrutunun tranzit potensialını və əhəmiyyətini daha da yüksəldir. Təkcə onu demək lazımdır ki, 2024-cü ildə Orta Dəhlizlə yük daşımalarının həcmi 2003-cü ilə nisbətən 63 faiz artaraq 4,1 milyon tona çatıb.

Türkdilli Dövlətlər Təşkilatının fəaliyyətinin gücləndirilməsi də nəqliyyat dəhlizlərinin şaxələndirilməsi istiqamətində çoxvektorlu əlaqələrə yeni təkan verib. Yanvarın 29-da Türkiyənin paytaxtı Ankarada keçirilən Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin 2-ci üçtərəfli görüşü, qəbul olunan yekun Bəyannamə üçtərəfli nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı baxımından perspektivlər açır. Görüşdə ölkələrin yerləşdikləri Xəzər, Qara və Aralıq dənizləri regionlarını birləşdirən bir sıra strateji əhəmiyyətli layihələrin, o cümlədən “Rəqəmsal İpək Yolu” və “yaşıl enerji ixracı” kimi təşəbbüslərin üçtərəfli əməkdaşlığın əhəmiyyətini artırdığı vurğulanıb. Qəbul olunan sənəddə bir sıra mühüm məsələlərlə yanaşı, nəqliyyat və regional kommunikasiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş hərtərəfli Fəaliyyət Planı öz əksini tapıb. Bəyannamədə, eyni zamanda, Orta dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına çağırışlar yer alıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələrinə həsr olunmuş müşavirədə çıxışı zamanı səsləndirdiyi fikirləri bir daha təsdiq edib ki, Azərbaycan qlobal nəqliyyat arxitekturasının mənzərəsini dəyişən mühüm nəqliyyat layihələri həyata keçirir. Tranzit əhəmiyyətli bu layihələr həm Şərq, həm də Avropada böyük maraqla qarşılanır. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Avrasiyanın nəqliyyat xəritəsində mühüm yeniliklərə yol açıb.

Okena, açıq dənizlərə birbaşa çıxışı olmayan Azərbaycanın hazırda dəniz yükdaşımaları üzrə vacib logistik mərkəzə çevrilməsi də xüsusi qeyd edilməlidir. Azərbaycan təkcə avtomobil və dəmiryolu deyil, eyni zamanda dəniz yükdaşımaları sahəsində potensialının gücləndirilməsinə xidmət edən layihələrin reallaşdırılmasını təmin edir. Dəniz yükdaşımalarının populyarlığı su nəqliyyatının yüksək yükgötürmə qabiliyyəti, aşağı maya dəyəri və buraxılış qabiliyyətinin minimum məhdudiyyətləri ilə şərtlənir. Xəzərdə ən böyük ticarət donanmasına malik olması ölkəmizin beynəlxalq yükdaşıma imkanlarının və tranzit potensialının güclənməsinə əlverişli şərait yaradır.

Qeyd olunan marşrutun perspektivdə əhəmiyyətini yüksəldəcək əsas layihələrdən biri də Azərbaycanın təşəbbüskarı olduğu Zəngəzur Dəhlizidir. Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni avtomobil və dəmir yollarının çəkilişi daha sərfəli, alternativ nəqliyyat-kommunikasiya marşrutu yaradır. Dəhliz qısa olmaqla yanaşı, vaxta və resurslara qənaət baxımından da mühüm əhəmiyyətə malikdir.

Dəhlizin reallaşdırılması işğalçı siyasəti nəticəsində özünü son 35 ildə blokada vəziyyətinə salan Ermənistanın özünün də böhrandan çıxmasına imkan yarada bilər. Gözlənilən dividendləri düzgün dəyərləndirə bilməyən, məkrli planlarından əl çəkməyən Ermənistan hələ ki müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin formalaşdırılması prosesini yubatmağa çalışır. Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bununla bağlı qətiyyətli mövqeyini bir daha açıqlayaraq İrəvanın öz öhdəliklərindən imtinasının qeyri-mümkünlüyünü bəyan edib: “Beləliklə, Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır”.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü ilə çıxış etməsi BTQ-nin siyasi-iqtisadi əhəmiyyətini və səmərəsini qətiyyən azaltmır. Əksinə, dəmir yolu xətlərinin diversifikasiyası fonunda BTQ ilə yükdaşımağa meyilli ölkələrin sayının artacağı gözlənilir. Rusiya, Azərbaycan və İran arasında tikilməkdə olan Astara-Rəşt-Qəzvin dəmir yolu regional əməkdaşlıq həlqəsini daha da genişləndirir.

Ümumilikdə, Azərbaycan hazırda nəqliyyat-logistika sektorunun davamlı inkişafına, qlobal inteqrasiyaya, regional sabitlik, iqtisadi tərəqqi və əmin-amanlığa xidmət edən qlobal layihələrin müəllifi və icraçısı kimi çıxış etməsi qlobal miqyasda ciddi dəstək alır.

MTM Analitik Qrup