AZƏRBAYCAN SƏFİRİ ETİMADNAMƏSİNİ ESTONİYANIN PREZİDENTİNƏ TƏQDİM EDİB

Azərbaycanın Estoniyada yeni təyin olunmuş səfiri Anar Məhərrəmov etimadnaməsini Prezident Sarayında Estoniya Respublikasının Prezidenti xanım Kersti Kalyulayda təqdim edib.

Etimadnamələri qəbul etdikdən sonra Estoniya Prezidenti xanım Kersti Kalyulayda səfiri qəbul edib.

Qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamları Estoniya dövlətinin başçısına çatdırılıb.

Görüşdə xanım Prezident səfiri Estoniyada salamlayaraq iki ölkə arasında mövcud olan əlaqələrin onun fəaliyyəti dövründə daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib, səfir Anar Məhərrəmova uğurlar arzu edib.

Estoniya Prezidenti ölkəsinin Azərbaycanla bütün istiqamətlər üzrə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib, informasiya texnologiyaları sahəsində Estoniyanın təcrübəsini nəzərə alaraq bundan geniş şəkildə yararlanmaq imkanlarının mövcud olduğunu qeyd edib.

Səfir A.Məhərrəmov Prezident Kersti Kalyulayda tərəfindən deyilənlərlə həmfikir olduğunu bildirərək, eston şirkətlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərində yaxından iştirak etməyə dəvət edib.

Görüşdə Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan Azərbaycan torpaqlarında bütün infrastrukturun dağıdıldığı, milli-mədəni dəyərlərin məhv olunduğu, bəzi şəhərlərin yerlə yeksan edildiyi bildirilib.

Xanım Prezident Kersti Kalyulayda bu təklifi məmnuniyyətlə qəbul edərək, məlumatın aidiyyəti eston şirkətlərinə göndəriləcəyini bildirib. Estoniya Respublikasının Prezidenti xanım Kersti Kalyulayda Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına görə təşəkkürünü bildirərək, onun da səmimi salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Qəbul zamanı digər maraq doğuran məsələlər də müzakirə olunub.