
Məlumdur ki, Azərbaycan coğrafi baxımdan strateji mövqeyi və malik olduğu müasir infrastruktur sayəsində Avrasiya məkanında mühüm tranzit qovşaqlarından birinə çevrilib. Şimal ilə cənubu, şərq ilə qərbi birləşdirən ölkəmiz qonşularımız Rusiya və İran üçün də vacib nəqliyyat və logistika tərəfdaşı kimi çıxış edir. Son illərdə regionda formalaşan yeni geoiqtisadi reallıqlar fonunda Azərbaycanın tranzit rolu daha da güclənib və bu, xüsusilə Rusiya və İran üçün daha böyük əhəmiyyət kəsb edir.
Faktdır ki, Azərbaycan Rusiya üçün cənub istiqamətində açar qapı rolunu oynayır. Moskva üçün Xəzər hövzəsi və Cənubi Asiya bazarlarına çıxış alternativ marşrutların inkişafı baxımından prioritet istiqamətlərdəndir. Bu kontekstdə Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri Rusiyanın İran və Hindistan kimi bazarlara çıxışını təmin edən ən qısa və səmərəli marşrutlardan biridir. Xüsusilə Şimal–Cənub nəqliyyat dəhlizi çərçivəsində Rusiya–Azərbaycan–İran xətti böyük strateji əhəmiyyət daşıyır.
Qərb sanksiyaları şəraitində Rusiya üçün alternativ logistika marşrutlarının əhəmiyyəti daha da artıb. Azərbaycan üzərindən İran limanlarına çıxış Moskvanın beynəlxalq ticarət əlaqələrini qoruyub saxlamasına və genişləndirməsinə imkan yaradır. Bu baxımdan Azərbaycan Rusiyanın iqtisadi dayanıqlığının təmin edilməsində mühüm rol oynayır. Eyni zamanda, ölkə ərazisində yaradılmış müasir nəqliyyat infrastrukturu – dəmir yolları, avtomobil magistralları və liman kompleksləri – Rusiya yüklərinin təhlükəsiz və fasiləsiz daşınmasını təmin edir.
İran üçün də Azərbaycan strateji tranzit tərəfdaşıdır. Tehran üçün şimal istiqamətində Rusiya və Avropa bazarlarına çıxış böyük iqtisadi əhəmiyyətə malikdir. İran mallarının Rusiya bazarına və oradan Avropaya çatdırılması baxımından Azərbaycan ən əlverişli quru marşrut hesab olunur. Xəzər dənizi vasitəsilə daşımalarla yanaşı, quru yolu bağlantıları İranın şimal vilayətləri üçün yeni iqtisadi imkanlar yaradır.
Lakin ölkəmizin şimal və cənub qonşuları üçün tranzit önəmi bununla məhdudlaşmır. Sözügedən ölkələr arasında enerji əlaqələrinin dərinləşməsində də Azərbaycanın tranzit imkanları mühüm rol oynayır. Bu, xüsusilə qaz idxalı və ixracı sahəsinə aiddir.
Belə bir vaxtda İranın neft naziri Möhsün Paknejad Tehranda Rusiyanın energetika naziri Sergey Tsivilyevlə birgə mətbuat konfransında mühüm açıqlamalar verib. Onun sözlərinə görə, Tehran və Moskva tezliklə Rusiya qazının idxalı ilə bağlı yekun razılaşma imzalaya bilər. Nazir bildirib ki, müqavilədə yalnız bir neçə bənd açıq qalır və yaxın görüşlərdə bu məsələlərin həlli gözlənilir.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayında İran Prezidenti Məsud Pezeşkianla danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan vasitəsilə İrana qaz kəmərinin çəkilməsi layihəsi üzərində işlərin aparıldığını açıqlamışdı. İlkin mərhələdə təchizatın ildə 2 milyard kubmetr həcmində başlaması, daha sonra isə 55 milyard kubmetrə qədər artırılması planlaşdırılır.
Qeyd edilməlidir ki, İran təbii qaz ehtiyatlarına görə dünyada ikinci yerdədir və ölkədə 34 trilyon kubmetrdən artıq qaz ehtiyatı mövcuddur. Hasilat göstəriciləri də artım dinamikası nümayiş etdirir: 2003-cü ildə 82,7 milyard kubmetr olan hasilat 2023-cü ildə 251,7 milyard kubmetrə çatıb. Bununla belə, istehsal olunan qazın əsas hissəsi daxili tələbatın ödənilməsinə yönəlir və həmin dövrdə daxili istehlak təxminən üç dəfə artıb. İxrac həcmi isə məhdud olaraq qalır və 10–14 milyard kubmetr səviyyəsində dəyişir. Əsas idxalçılar Türkiyə və İraqdır.
Bununla yanaşı, İran ölkə daxilində qaz təminatı baxımından ciddi problemlərlə üzləşir. Əsas qaz yataqları ölkənin cənubunda yerləşir, əsas istehlak isə şimal bölgələrində formalaşır. Şimal bölgələrində sərt iqlim şəraiti qaz tələbatını artırır. Cənubdan şimala qaz nəqli kifayət qədər deyil və yeni infrastrukturun qurulması yüksək maliyyə tələb edir. Uzunmüddətli sanksiyalar fonunda bu investisiyaların həyata keçirilməsi çətinləşir.
İranın qaz saxlama imkanları da məhduddur. Hazırda ölkədə cəmi iki yeraltı qaz anbarı mövcuddur. Onların ümumi tutumu təxminən 3,5 milyard kubmetrdir və maksimal gündəlik qaz çıxarma gücü 0,03 milyard kubmetr təşkil edir. Halbuki qış mövsümündə pik istehlak gündə 0,85 milyard kubmetrdən artıq olur. Bu isə o deməkdir ki, anbarlardan gündəlik tələbatın cəmi 3–4 faizi təmin edilə bilir. Qış aylarında gündəlik 0,25–0,3 milyard kubmetr qaz kəsiri müşahidə olunur.
Bu şəraitdə İran idxala üstünlük verir və əsas potensial mənbələrdən biri Rusiyadır. Azərbaycan ərazisindən keçməsi planlaşdırılan Rusiya qazı, xüsusilə İranın şimal bölgələrində təchizat problemini əhəmiyyətli dərəcədə yüngülləşdirə bilər. İlkin mərhələdə mövcud infrastrukturdan istifadə etməklə qaz nəqli mümkündür. Bu, Azərbaycan–İran arasında Hacıqabul–Astara–Abadan xətti, eləcə də Rusiya ilə Azərbaycan arasında mövcud magistral qaz kəmərləri vasitəsilə həyata keçirilə bilər. Daha sonra yeni qaz kəmərinin çəkilməsi daha böyük həcmdə tədarükə imkan yaradacaq.
Azərbaycan bu prosesdə hər iki qonşu üçün etibarlı tranzit platforma rolunu oynamağa hazır olduğunu nümayiş etdirir.
MTM Analitik Qrupu
