AZƏRBAYCAN, RUSİYA VƏ ERMƏNİSTAN LİDERLƏRİNİN ÜÇTƏRƏFLİ GÖRÜŞÜ YAPONİYA MƏTBUATININ DİQQƏTİNDƏDİR

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın cənubunda yerləşən Soçi şəhərində noyabrın 26-da keçirilən üçtərəfli görüşü Yaponiya mətbuatının da diqqətindədir.

Nüfuzlu Kyodo agentliyi, “chibanippo.co.jp” və “ajmedia.jp” saytları Azərbaycan Prezidentinin həm üçtərəfli müzakirələrdə iştirakı, həm üç ölkənin liderləri tərəfindən qəbul edilən bəyanat, həm də görüşdən sonra keçirilən mətbuat konfransı barədə ətraflı məlumat veriblər.

“Üç ölkənin liderləri sərhədlərin demarkasiyası barədə razılaşıblar” başlığı ilə ingilis və yapon dilində yayımlanan məqalələrdə Rusiyanın razılığın əldə olunmasında vasitəçiliyi barədə məlumat verilib. Qeyd edilib ki, razılaşmaya əsasən iki ölkə arasında sərhədlərin demarkasiyasına cari ilin sonlarında start veriləcək.

Liderlərin görüşündən sonra keçirilən mətbuat konfransında Rusiya Prezidentinin bu görüşü çox konstruktiv adlandıraraq, həm iqtisadi, həm də humanitar sahələrdə bir sıra mühüm məsələlər üzrə razılığın əldə olunduğunu bildirdiyi də qeyd edilib.

Məqalələrdə münaqişənin tarixinə toxunularaq, ötən ilin sentyabrında Ermənistanla Azərbaycan arasında baş verən müharibə nəticəsində Azərbaycanın uzun müddət işğal altında olan torpaqlarını azad etdiyi vurğulanıb.