AZƏRBAYCAN RUSİYA ÜÇÜN “ÇƏTİN RƏQİB” STATUSUNDADIR

Ukraynaya qarşı başlatdığı müharibədən sonra Rusiya postsovet məkanında geosiyasi təsir gücünün ciddi aşınmasına şahid olur. Ən çox itkilərini isə Cənubi Qafqazda verib. Bu region Moskva üçün həm tarixi nüfuz ərazisi, həm də strateji baxımdan önəmli tranzit və təhlükəsizlik zonası idi. Son illərdə isə Ermənistan açıq şəkildə Rusiyadan uzaqlaşaraq ABŞ və Avropa İttifaqı ilə münasibətləri dərinləşdirib, bununla da Kremlin bütün planlarını alt-üst edib. Ermənistan KTMT-dən faktiki olaraq çıxıb, Avropa İttifaqının müşahidəçilərini ölkəyə dəvət edib, ABŞ-la hərbi təlimlər keçirib. Gürcüstan da uzun illərdir Qərbyönümlü siyasət yürüdür və bu ölkədə Rusiyaya inamsızlığın dərin kökləri var. Ukrayna müharibəsindən sonra bu kurs daha da güclənib. Beləliklə, Moskva regionda faktiki olaraq yalnız Ermənistandakı hərbi bazasına arxalanırdı, lakin indi bu da təhlükə altındadır. Bu proseslərin nəticəsində o qənaətə gəlmək mümkündür ki, Rusiya Cənubi Qafqazda əvvəlki dayaqlarını itirərək təcrid vəziyyətinə düşüb. Kremlin regiona qayıtması üçün yeganə dayaq məhz Azərbaycanla münasibətlərə bağlıdır.

Azərbaycan həm enerji resursları, həm Türkiyə ilə müttəfiqlik münasibətləri, həm də Avropa ilə strateji tərəfdaşlığı sayəsində regionda mühüm gücə çevrilib. Bakı son illərdə öz müstəqil siyasətini gücləndirib və Rusiyadan asılılığı minimal həddə endirməyə çalışıb. Bu müstəqil kurs Kreml üçün ciddi narahatlıq mənbəyinə çevrilib. Belə ki, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsində Azərbaycan 30 illik işğala son qoyub. Bu tarixi qələbə həm də Rusiyanın regiondakı vasitəçilik rolunu zəiflədib. Nəticədə Kremlin Ermənistana vəd etdiyi “təhlükəsizlik zəmanəti”nin tamamilə formal xarakter daşıdığı ortaya çıxıb. Digər tərəfdən Laçın yoluna nəzarət Bakının əlinə keçib və Azərbaycan Laçın yoluna nəzarəti bərpa edərək Rusiya sülhməramlı kontingentinin real təsir imkanlarını məhdudlaşdırıb. Bu da Kremlin “nəzarət aləti”nin iflasa uğraması demək idi. Müharibə başa çatandan üç il sonra Azərbaycanın bütün ərazisində öz dövlət suverenliyini bərpa etməsi, Xankəndi şəhərində üçrəngli bayrağımızın dalğalanması, Rusiya sülhməramlılarının vaxtından tez Azərbaycandan çıxması Moskvanın real təsir imkanlarının qalmadığını biruzə verən əhəmiyyətli faktlardır.

Bununla yanaşı, Kremldə narahatlıq yaradan əsas amillərdən biri də Azərbaycan-Türkiyə hərbi ittifaqının getdikcə dərinləşməsidir. Şuşa Bəyannaməsi ilə Azərbaycan faktiki Türkiyə ilə hərbi müttəfiqlik səviyyəsinə çatıb. Bu isə Rusiyanın regionda hərbi hegemonluq imkanlarına ciddi zərbə hesab edilə bilər. Bundan əlavə, Bakının Avropa İttifaqı ilə enerji və təhlükəsizlik sahəsində qurduğu əməkdaşlıq da qarşı Moskvada narahatlıqla qarşılanır. Çünki Azərbaycan Avropa İttifaqı ilə qaz müqavilələri imzalayaraq özünün enerji diplomatiyasını gücləndirib və Rusiyanın qaz şantajına alternativ rolunu möhkəmləndirib. Azərbaycan həm də Türk Dövlətləri Təşkilatında fəallığını artırıb. Bu isə Bakının türk dünyası məkanında əlaqələrini genişləndirərək tədricən Moskvanın təsir dairəsindən çıxması deməkdir. Məhz bu məqamlar Rusiyanın regiondakı hegemonluğunu itirməsi ilə nəticələnib və Kremlin gözündə Azərbaycan “idarəolunan tərəfdaş” deyil, “çətin rəqib” statusu qazanıb.

Geosiyasi reallıqlar göstərir ki, Rusiya regiona yalnız Azərbaycanla münasibətləri normallaşdıraraq və Bakının maraqlarını nəzərə alaraq qayıda bilər. Ermənistanın açıq şəkildə Qərbə inteqrasiya etməsi və Gürcüstanın uzunmüddətli Qərbyönümlü kursu Moskvanın manevr imkanlarını sıfıra endirib. Azərbaycan isə ərazisində heç bir Rusiya hərbi bazası olmayan, enerji resursları və nəqliyyat dəhlizləri üzərində suveren nəzarət quran, Türkiyə ilə güclü ittifaq yaradan yeganə ölkədir. Kremlin Cənubi Qafqazla bağlı istənilən strategiyasının uğuru məhz Bakının mövqeyindən asılıdır. Buna görə də Rusiya təzyiq və iqtisadi təsir vasitələri ilə Azərbaycanı cilovlamağa çalışır. Moskva çalışır ki, Azərbaycanın enerji layihələrinə dolayı yolla təzyiq göstərsin, Azərbaycan-Türkiyə yaxınlaşmasını qaralasın, Bakını özünün idarəçiliyində olan təşkilatlara cəlb etməyə nail olsun. Lakin Azərbaycanın xarici siyasət kursunun əsas prioritetləri dəyişməz qalır: suverenlik, balanslaşdırılmış tərəfdaşlıq və müstəqil qərarvermə. Bu baxımdan Azərbaycan Rusiyanın “zəif həlqəsi” deyil. Çünki Azərbaycan güclü enerji və hərbi-siyasi dəstək bazasına malikdir. Azərbaycanın dövlət modeli suveren qərarvermə üzərində qurulub. Ona görə də Moskvanın regiona qayıtmaq cəhdləri Azərbaycanın maraqlarını nəzərə almadan nəticə verməyəcək.

MTM Analitik Qrup