AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİ REGİONDA SÜLHƏ VƏ İNKİŞAFA XİDMƏT EDİR

Azərbaycan və Rusiya özünəməxsus tarixi, mədəniyyəti, siyasi və iqtisadi xüsusiyyətləri olan iki müstəqil ölkə kimi qarşılıqlı münasibətlərini dinamik şəkildə inkişaf etdirirlər. Bu, hər iki ölkənin  maraq və mənafelərinə cavab verməklə yanaşı, beynəlxalq müstəvidə tərəflərə əlavə üstünlüklər qazandırır. Azərbaycan öz xarici siyasətində dünyanın bütün dövlətləri ilə balanslaşdırılmış  münasibətlər qurur ki, bu da Rusiya daxil olmaqla bütün ölkələr tərəfindən qəbul olunur. Məhz bu kontekstdə Azərbaycan aparıcı dünya və regional güclərlə,  dövlətlərlə, eləcə də beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələr qurub.

Daha bir vacib nüans bundan ibarətdir ki, təkcə Azərbaycanla yox, ümumən Cənubi Qafqaz regionu ilə bağlı siyasətlərini müəyyənləşdirən dünya dövlətləri mütləq şəkildə ölkəmizin mövqeyini, proseslərə yanaşmasını nəzərə alırlar. Bu hal İkinci Qarabağ müharibəsindən sonra özünü daha qabarıq şəkildə büruzə verir. Çünki Azərbaycan artıq Cənubi Qafqazın taleyinə görə əsas məsuliyyət daşıyan ölkə qismində qəbul olunur. Sözügedən reallığı nəzərə almayanların bu regionla bağlı siyasətləri iflasla nəticələnir. Fransanın Cənubi Qafqazda ən aşağı səviyyədə olan mövqe və nüfuzu bunun ən yaxşı nümunəsidir.

Azərbaycanın Cənubi Qafqazda lider ölkə statusunda çıxış etməsi qonşu Rusiyada da qəbul olunur. Eyni zamanda digər çoxsaylı parametrlər baxımından da ölkəmizin həlledici mövqe sahibi olmasını rəsmi Moskva qəbul edir. Azərbaycan üçün də Rusiya ilə əlaqələrinin davamlı inkişafı böyük önəm kəsb edir. Beləliklə, iki ölkə arasında əlaqələrin sürətlə  inkişaf etməsi təbii xarakterə malikdir. Azərbaycan və Rusiya  dövlət başçılarının qarşılıqlı səfərləri isə bu əməkdaşlığın inkişafına mühüm təkan verir. Ümumiyyətlə, ölkə prezidentlərinin siyasi iradəsi və birgə səyləri bütün sahələrdə əməkdaşlığın inkişafı üçün möhkəm platforma yaradıb. Bu mənada  Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasına səfəri çərçivəsində həmkarı Vladimir Putinlə görüşü qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Qeyd edilməlidir ölkələrimizin münasibətləri qarşılıqlı müttəfiqlik əsasları üzərində inkişaf edir. 2022-ci ilin fevralın 22-də Moskvada Prezident İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Ötən dövr ərzində  bəyannamədən irəli gələn məsələlər əsasında əlaqələrin daha intensiv inkişafı qeydə alınır. Siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, müdafiə, səhiyyə və digər mühüm sahələri əhatə edən bu əlaqələr Rusiya Prezidentinin Azərbaycana ilk dövlət səfərindən sonra yeni vüsət alıb. Moskva görüşündə Prezident İlham Əliyev məsələnin bu tərəfinə toxunaraq qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası Prezident Vladimir Putinin Bakıya dövlət səfərindən sonra kifayət qədər nəzərə çarpır: “Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Müxtəlif strukturların nümayəndələri səviyyəsində avqust ayında Bakıda əldə olunmuş qərarların tamamlanması çərçivəsində hökumət üzvləri arasında artıq çoxlu təmaslar olub”.

Hazırda ölkələrimizin xüsusi diqqət mərkəzində yer alan əsas məsələlərdən biri iqtisadi sahədə əməkdaşlığı daha da genişləndirməkdir. Ötən dövr ərzində  iki ölkə arasında ticarət dövriyyəsi sürətli artım dinamikası nümayiş etdirib. Hazırda bu göstərici cari ilin ötən dövrü üçün 4,3 milyard ABŞ dolları təşkil edir və ilin axırına kimi onun daha da artırılması istiqamətində müvafiq addımlar atılır. Ölkələr arasında əlaqələrin sürətli inkişafının davam etdirilməsi və genişləndirilməsi məqsədilə cari ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb.

Nəqliyyat-logistika sahəsində də münasibətlərin miqyası genişlənir. Xüsusən də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi hər iki ölkəyə böyük dividendlər vəd edir. Hazırda bu istiqmətdə qarşılıqlı işbirliyi daha da dərinləşir. Bu layihənin uğurla icrası sayəsində yükdaşımaların həcmində böyük artımlar qeydə alınır.  Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutan humanitar əlaqələrin səviyyəsi başqa ölkələr üçün ən yaxşı nümunədir.

Qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlıq təhlükəsizlik sferasını da əhatə edir. Hətta iş o yerə çatıb ki, Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılı hala düşüb. Bundan başqa Azərbaycan və Rusiya üzv olduqları beynəlxalq və regional təşkilatlarda biri-birlərinə dəstək verirlər, qarşılıqlı maraq doğuran məsələlər üzrə birgə fəaliyyəti  inkişaf etdirirlər. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına və BRICS-ə üzv olmaq niyyəti və bu istiqamətdə atdığı addımlar da Rusiya tərəfindən tam dəstəklənir. Bu təşkilatlar çərçivəsində də əməkdaşlıq Azərbaycan-Rusiya əlaqələrinin daha da möhkəmlənməsinə əlavə töhfə olacaq. İki ölkənin münasibətlərinin inkişafı Azərbaycan və Rusiyanın öz maraqlarına cavab verməklə yanaşı, təkcə  regional yox,  həm də qlobal miqyasda sülhün möhkəmləndirilməsinə, sabitliyin və təhlükəsizliyin artırılmasına xidmət edir.

MTM Analitik Qrup