
Əlverişli biznes və investisiya mühiti, etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə, vaxtında icra etməsi, mühüm tranzit imkanları ölkəmizin investisiya cəbediliyini son illərdə əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan Prezidenti İlham Əliyevin mayın 29-da Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan bir qrup iş adamını qəbul etməsi və aparılan müzakirələr bunun növbəti əyani göstəricisidir.
Son illərdə Cənubi Qafqazın siyasi və iqtisadi düzənində baş verən dəyişikliklər, xüsusilə ərazi bütövlüyü və suverenliyimizin təmini Azərbaycanın bu coğrafiyada regional güc və sərmayə mərkəzinə çevrilməsini şərtləndirib. Bu kontekstdə BƏƏ ilə formalaşan iqtisadi əməkdaşlıq formatı, yalnız ikitərəfli münasibətlər deyil, Körfəz ölkələri ilə çoxşaxəli regional əməkdaşlıq baxımından da xüsusi vacib əhəmiyyətə malikdir.
Ümumiyyətlə, regionda təhlükəsizlik adası kimi tanınan Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, əlverişli investisiya mühiti adekvat olaraq ölkəmizin investisiya reytinqinin yüksəlməsini təmin edib. Bir sıra region ölkələri ilə müqayisədə siyasi və iqtisadi sabitliyin mövcudluğu, liberallaşmaya xidmət edən islahatların ardıcıl xarakteri əcnəbi investorların diqqətini cəlb edir. Hökumətin prioritet hesab etdiyi “yaşıl enerji”, rəqəmsal iqtisadiyyat, nəqliyyat-logistika və sənaye sahələri biznes mühitinin canlanmasına təkan verir.
Ümumiyyətlə, son 20 ildə ölkəmizdə biznesə başlama prosedurlarının sadələşdirilməsi və “vahid pəncərə” sistemlərinin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, sahibkarlar üçün modern xidmət mərkəzlərinin yaradılması, vergi və gömrük sistemində aparılan islahatlar sərmayə mühitini xeyli dərəcədə yaxşılaşdırıb. Sahibkarlıq subyektlərində aparılan yoxlamaların məhdudlaşdırılması, lisenziyaların sayının azaldılması, infrastrukturun müasirləşdirilməsi, şəffaflıq və hesabatlılıq ölkəmizin beynəlxalq reytinq cədvəllərindəki mövqeyini möhkəmləndirib. Xarici investorlar üçün hüquqi təminatlar – investisiyaların, mülkiyyət hüquqlarının qorunması, mübahisələrin beynəlxalq arbitraj yolu ilə həlli imkanları da bu baxımdan xüsusi vurğulanmalıdır.
Azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa layihələri investisiya əməkdaşlığı üçün yeni imkanlar yaradır. Qarabağ və Şərqi Zəngəzurda sıfırdan qurulan infrastruktur – yollar, enerji və rabitə şəbəkələri, hava limanları, sənaye parkları xarici sərmayədarların ölkəmizlə əməkdaşlığına yeni impulslar verir. Hökumət bu ərazilərdə investisiya fəaliyyətinin təşviqi məqsədilə xüsusi vergi və gömrük rejimləri tətbiq edir, investorlara sürətli xidmət mexanizmləri yaradır. 2023-cü ildən başlayaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azad olunublar. Bu güzəştlər həmin əraziləri həm yerli, həm də xarici investorlar üçün cəlbedici, investisiya riskləri olmayan məkana çevirir. Ağdam və Araz Vadisi Sənaye Parklarının yaradılması bu baxımdan xüsusi rol oynayır.
Ölkəmizin yaşıl enerji potensialı, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda mövcud olan alternativ və bərpa olunan enerji mənbələri BƏƏ-nin aparıcı şirkətlərinin maraq dairəsindədir. Bu kontekstdə Azərbaycanın BƏƏ-nin dünya miqyasında tanınan “Masdar” şirkəti ilə əməkdaşlığı xüsusi qeyd olunmalıdır. Şirkətin son illərdə Azərbaycana böyük həcmdə investisiya yatırması ölkəmizdə münbit investisiya mühitinin mövcudluğunu təsdiqləyir və bunu BƏƏ-dən olan iş adamları ilə görüşdə Prezident İlham Əliyev də xüsusi vurğulayıb. Xatırladaq ki, şirkətin inşa etdiyi 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının 2023-cü ilin 26 oktyabr tarixində rəsmi açılış mərasimi olub. Elə həmin gün “Masdar” şirkəti ilə imzalanmış yeni müqavilələr Biləsuvar və Neftçala rayonlarında günəş, Abşeronda külək elektrik stansiyalarının inşasını nəzərdə tutur. Bu layihələr ölkəmizə həm enerji istehsalını şaxələndirməyə, həm də Azərbaycanın 2050-ci ilədək karbon neytrallığına nail olmaq məqsədinə töhfə verir.
Əlverişli coğrafi mövqeyi, beynəlxalq ticarət və tranzit yollarının kəsişməsində yerləşməsi ölkəmizi həm də təbii logistika qovşağına çevirib. Bu xüsusilə Asiya ilə Avropa arasında yüklərin daşınmasında mühüm əhəmiyyət kəsb edir. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə artan yüklər Azərbaycanın nəqliyyat infrastrukturuna olan tələbatı artırır. Bu sahədə həyata keçirilən layihələr – Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası ölkənin regional tranzit habına çevrilməsinə xidmət edir. Ölkəmizin logistika potensialı, eyni zamanda əhəmiyyətli investisiya imkanları təqdim edir.
Qeyd edilənlər BƏƏ-dən olan iş adamlarını ölkəmizlə sıx əməkdaşlığa sövq edir. Bu ölkənin kapital və texnoloji imkanları, eyni zamanda, Azərbaycanın mövcud resursları, coğrafi üstünlükləri, alternativ enerji mənbələri ikitərəfli əməkdaşlığa yaxşı zəmin yaradır. İki ölkənin kənd təsərrüfatı, nəqliyyat, turizm, sənaye və texnologiya kimi sahələrdə əməkdaşlığı üçün geniş potensial mövcuddur.
Azərbaycanın investisiya cəlbediciliyi yalnız resurslarla deyil, həm də ardıcıl dövlət siyasəti, islahatların davamlılığı ilə şərtlənir. Bu amillər BƏƏ ilə iqtisadi əlaqələrin dərinləşməsində vacib rol oynayır. Qarşılıqlı etimad, strateji maraqların uzlaşması, mövcud potensialın düzgün dəyərləndirilməsi ikitərəfli əməkdaşlığının gələcəkdə daha da möhkəmlənməsinə imkanlar açır. Bu əməkdaşlıq yalnız iqtisadi məqsədlərə deyil, həm də regionda sabitliyin, qarşılıqlı faydalı tərəfdaşlığın təminatına yönəlib.
MTM Analitik Qrup