
Milli Məclisin Prezident İlham Əliyev tərəfindən təqdim edilmiş “BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası”nın ratifikasiyası haqqında Qanun layihəsini qəbul etməsi Azərbaycan Respublikasının beynəlxalq hüquq və qlobal təhlükəsizlik sistemində artan rolunun mühüm göstəricisidir. Bu qərarla Azərbaycan təkcə Konvensiyaya qoşulan dövlətlərdən biri olmur, eyni zamanda onun ratifikasiyası prosesinə liderlik edən ilk ölkə kimi çıxış edir. Bu fakt ölkənin beynəlxalq hüquqi təşəbbüslərdə passiv icraçı deyil, normayaratma prosesində fəal subyekt olduğunu bir daha təsdiqləyir.
BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiyası” təsadüfi olaraq “XXI əsrin Konvensiyası” adlandırılmır. Rəqəmsallaşmanın sürətlənməsi, dövlətlərin, iqtisadiyyatların və cəmiyyətlərin informasiya texnologiyalarından asılılığının artması kibercinayətkarlığı qlobal təhlükəsizlik gündəliyinin mərkəzinə çıxarıb. Bu gün kibercinayətlər təkcə maliyyə fırıldaqları ilə məhdudlaşmır, onlar dövlət institutlarının iflic edilməsi, kritik infrastrukturun sıradan çıxarılması, seçki proseslərinə müdaxilə və transmilli terror fəaliyyətləri ilə sıx bağlıdır. Belə bir şəraitdə Konvensiya kibercinayətkarlıqla mübarizə sahəsində qlobal səviyyədə vahid, hüquqi cəhətdən məcburedici beynəlxalq çərçivə formalaşdıran ilk sənəd kimi çıxış edir. Bu, indiyədək mövcud olan tövsiyə xarakterli mexanizmlərdən köklü şəkildə fərqlənir və beynəlxalq hüquqda yeni mərhələnin əsasını qoyur.
Konvensiyanın yekun layihəsinin hazırlanması prosesində Azərbaycanın xüsusilə fəal iştirak etməsi diqqətçəkən məqamdır. Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər qurumların nümayəndələrindən ibarət heyət çoxtərəfli danışıqlarda konstruktiv və prinsipial mövqe nümayiş etdirərək sənədin mətninə substantiv töhfələr verib. Bu iştirak təkcə texniki deyil, həm də siyasi baxımdan əhəmiyyətlidir. Belə ki, Azərbaycan kibertəhlükəsizlik məsələlərində regional yox, qlobal düşünən aktor kimi çıxış etdiyini sübut edib.
2024-cü ilin dekabrında BMT Baş Assambleyasında Konvensiyanın qəbul edilməsi, 2025-ci ilin oktyabrında Hanoyda keçirilən imzalanma mərasimində 74 dövlətin sənədə qoşulması onun beynəlxalq legitimliyini və əhəmiyyətini daha da artırıb. Böyük Britaniya, Fransa, Çin, Rusiya, Türkiyə, Avstraliya və digər aparıcı dövlətlərin iştirakı Konvensiyanın qlobal konsensus əsasında formalaşdığını göstərir. Konvensiyanın milli parlamentlər tərəfindən təsdiqlənməsi isə onun real hüquqi qüvvə qazanmasının əsas şərtidir. Bu baxımdan Azərbaycanın ratifikasiya prosesini ilk tamamlayan ölkə kimi çıxış etməsi mühüm siyasi mesaj daşıyır. Bu addım rəsmi Bakının beynəlxalq təhlükəsizlik təşəbbüslərinə verdiyi önəmi, eyni zamanda qlobal kibertəhlükəsizlik gündəliyində liderlik ambisiyasını açıq şəkildə ortaya qoyur. Azərbaycanın bu prosesi digərlərindən əvvəl başa çatdırması ölkəyə gələcəkdə Konvensiyanın icrası, təfsiri və institusional mexanizmlərinin formalaşdırılması ilə bağlı müzakirələrdə əlavə söz haqqı da qazandırır.
Konvensiyanın ratifikasiyası milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldir. Sənəd elektron sübutlarla bağlı beynəlxalq hüquqi prosedurları tənzimləyir, transmilli istintaqların effektivliyini artırır və təxirəsalınmaz beynəlxalq əməkdaşlıq mexanizmləri yaradır. Bu isə kibercinayətlərə operativ reaksiya verilməsinə, sübutların itirilməsinin və ya manipulyasiya olunmasının qarşısının alınmasına real imkanlar açır. Xüsusilə transmilli xarakter daşıyan kibercinayətlərdə bu mexanizmlər Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Çünki kiberməkanda sərhədlər yoxdur və mübarizə də yalnız milli deyil, beynəlxalq səviyyədə aparılmalıdır.
MTM Analitik Qrup
