
Rəsmi Bakının beynəlxalq miqyasda humanitar təşəbbüslərlə çıxış etməsi, qlobal probemlərin həllində fəal mövqe tutması ölkəmizin beynəlxalq nüfuz və mövqelərini daha da gücləndirir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında məzmunlu çıxışı, bu mənada, ölkəmizin qlobal problemlərin həllinə mühüm töhfələr verdiyini və beynəlxalq ictimaiyyət üçün aktual humanitar məsələlərin aradan qaldırılması naminə birgə əməkdaşlığı təşviq etdiyini sübut edir.
Dövlət başçısının Xəzər dənizinin səviyyəsinin azalması, Ermənistanın mina terrorunun doğurduğu təhdidlər, ölkəmizin humanitar yardımları və iqlim diplomatiyası ilə bağlı fikirləri rəsmi Bakının qlobal çağırışlara əsaslanan humanitar diplomatiyasının mahiyyəti barədə dolğun təsəvvür formalaşdırır. Prezident İlham Əliyevin Xəzərin səviyyəsinin azalmasını təkcə iqlim dəyişikliyinin nəticəsi kimi deyil, həm də geosiyasi problem kimi xarakterizə etməsi isə beynəlxalq ictimaiyyətə verilən mühüm mesajdır. Dövlət başçısı hələ 2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırıb və ətraf dövlətləri birgə əməkdaşlığa çağırıb.
Xəzərin səviyyəsində sabit qalmasında, onun su ilə təchizatında Volqa çayının payı 80 faizdən çoxdur. Son illərdə bu çayın üzərində yaradılan böyük anbarlar və hidroenerji kompleksləri Xəzərə təbii su axımını azaldıb, bu qapalı su hövzəsinin taleyini Rusiyadan asılı vəziyyətə salıb. Volqa çayı boyunca yerləşən iri anbarların, xüsusən Xəzərə daha yaxın Volqoqrad Su Anbarının fəaliyyət prinsipi çayın sululuq səviyyəsini süni şəkildə tənzimləməyə imkan verir. Bu isə təbii tarazlığı pozmaqla yanaşı, region ölkələrinin ekoloji təhlükəsizliyinə ciddi zərbə vurur.
Prezident İlham Əliyevin müxtəlif tədbirlərdə narahatlıqla toxunduğu bu problemi ilk dəfə BMT tribunasından səsləndirməsi perspektivdə yarana biləcək böyük ekoloji problemlərin qarşısının alınması vacibliyi barədə dünyaya verilən açıq mesajdır. Eyni zamanda, bu çağırış ekoloji məsələlərdən, təbii coğarifi üstünlüklərdən siyasi motivlərlə istifadənin yolverilməzliyini önə çəkir.
Prezident İlham Əliyevin ölkəmizin postmünaqişə dövründə üzləşdiyi digər ciddi problemə – Ermənistanın mina terroruna toxunması da təsadüfi deyil. Mina problemi hazırda yalnız təhlükəsizlik məsələsi olmayıb, ciddi sosial, iqtisadi və ekoloji problemlərə yol açır. Ermənistanın 30 ilə yaxın davam etmiş işğalçı siyasəti nəticəsində ölkəmizin əraziləri kütləvi şəkildə minalanıb, mülki əhali üçün real təhlükə mənbəyinə çevrilib. Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq yalnız münaqişə bölgəsini deyil, yaşayış məntəqələrini, yolları, təsərrüfat sahələrini və strateji yüksəklikləri də minalayıb.
BMT Təhlükəsizlik Şurasının 2365 saylı qətnaməsinə əsasən, dövlətlər minalarla mübarizədə qarşılıqlı öhdəlik daşısalar da, Ermənistan mina xəritələrini təqdim etməkdən yayınaraq, bu öhdəliyi pozur. Rəsmi Bakı beynəlxalq təzyiqlər nəticəsində həmin mina xəritələrinin bir qismini əldə etsə də, problem tam həllini tapmayıb. Məsələni BMT tribunasından səsləndirən Prezident İlham Əliyev bir daha göstərdi ki, mina problemi təkcə Azərbaycanın deyil, bütün beynəlxalq ictimaiyyətin qarşısında duran ciddi humanitar çağırışdır.
Azərbaycan son illərdə fəal humanitar diplomatiya yürüdərək, təbii fəlakətlərdən, münaqişələrdən, pandemiyadan zərər çəkən dövlətlərə də ardıcıl yardım göstərib. COVID-19 pandemiyasının şiddətlənən dövründə respublikamız 80-dən çox ölkəyə tibbi avadanlıq, qoruyucu vasitələr və vaksinlər göndərərək qlobal həmrəylik nümunəsi göstərib. Bu addımlar rəsmi Bakının humanist diplomatiyasının bariz göstəricisi olmaqla yanaşı, ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaş kimi tanıdıb.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasıdakı çıxışında qeyd etdiyi kimi, Azərbaycan humanitar yardım sahəsində fəallığını artıraraq dünyada ehtiyacı olan dövlətlərə dəstək göstərməyə davam edir. Rəsmi Bakının kiçik ada dövlətlərinə dəstəyi, iqlim dəyişiklikləri ilə bağlı təşəbbüsləri ölkəmizin humanitar diplomatiyasının mahiyyətində yer alan əsas məqamlardır. Azərbaycan BMT və digər beynəlxalq təşkilatlarda inkişaf etməkdə olan ölkələrin haqlı çağırışlarını gündəmə gətirməklə, ədalətə əsaslanan yeni diplomatik yanaşmanı təşviq edir.
BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ölkəmizin təşəbbüsü ilə keçirilən bir sıra tədbirlər də Azərbaycanın beynəlxalq ədalətin təmini və davamlı inkişaf istiqamətində çevik diplomatiya yürütdüyünü nümayiş etdirir. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə təşkilatın Nyu-York şəhərində yerləşən mənzil-qərargahında təşkil olunan “Bujival razılaşmasından sonra Dənizaşırı ərazilər: rekolonizasiya, yoxsa dekolonizasiya?” adlı beynəlxalq konfrans da bu baxımdan xüsusi qeyd olunmalıdır. Konfransın yekun bəyanatında BMT-nin Nizamnaməsi və Baş Assambleyanın 1960-cı il 14 dekabr tarixli 1514 (XV) saylı “Müstəmləkə ölkələrə və xalqlara müstəqilliyin verilməsi haqqında” qətnaməsinin bütün xalqların öz müqəddəratını təyinetmə hüququnu təsbit etdiyi, müstəmləkəçiliyin bütün təzahürlərinin dərhal və qeyd-şərtsiz aradan qaldırılmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, 2025-ci ilin iyulunda imzalanmış Bujival razılaşması “sabitlik çərçivəsi” kimi təqdim edilsə də, əslində, öz müqəddəratını təyinetmə hüququnun açıq şəkildə pozulması, Fransanın hərbi, iqtisadi və strateji hökmranlığını davam etdirməyə hesablanmış siyasi rekolonizasiyadır.
Bununla yanaşı, hazırda bir sıra Afrika dövlətləri qlobal iqlim dəyişiklikləri və iqtisadi gerilik üzündən ciddi problemlərlə üzləşiblər. Azərbaycan bu ölkələrlə həm BMT, həm də Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq edərək, onların problemlərinin beynəlxalq tribunalardan səsləndirilməsinə çalışır. BMT-nin çağırışına səs verən rəsmi Bakı kiçik ada dövlətlərini dəstəkləmək və qlobal iqlim problemlərinin həllində fəal iştirak etmək kimi məsuliyyətli missiyanı öz üzərinə götürüb. Ötən il COP29-a ev sahibliyi edən Azərbaycan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzini təsis etməklə, beynəlxalq əməkdaşlıq üçün unikal platforma yaradıb. Mərkəzin təşəbbüsü ilə Çad və Qvineya-Bisau ilə Birgə İşçi Qruplarının yaradılması da Afrika ölkələrində praktiki layihələrin icrasına imkan açır.
Bu Azərbaycanın qlobal humanitar problemlərin həllinə verdiyi töhfənin praktik xarakter daşıdığını göstərir. Afrika ölkələrinin nümayəndələrinin Bakının təşəbbüslərinə verdiyi yüksək qiymət isə ölkəmizin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, yeni tərəfdaşlıq imkanları yaradır.
MTM Analitik Qrup